Metsamor AES-i Avropanın “saatlı bomba”sıdır Siyasət

Metsamor AES-i Avropanın “saatlı bomba”sıdır

2 iyun 2016-ci il tarixində 10 ölkəni təmsil edən qeyri-hökumət təşkilatlarının iştirakı ilə Bakıda "STOP Metsamor" Beynəlxalq QHT Koalisiyası təsis edilib.
28 təşkilatın üzv olduğu koalisiyanın əsas məqsədi Ermənistanda yerləşən Metsamor AES-nin region üçün törətdiyi təhlükə haqqında dünya ictimaiyyətini məlumatlandırmaq və stansiyanın bağlanmasına nail olmaqdır.
Artıq Koalisiyanın fəaliyyəti nəticəsində İtaliya mətbuatında Metsamor AES-nin region üçün törətdiyi təhlükə ilə bağlı yazı dərc olunub. Bir neçə xəbər saytında paylaşılan məqalə "Metsamor: elan edilmiş faciə" adlanır.
Məqalə müəllifinin sözlərinə görə, son illər ərzində bəşəriyyətin təbii fəlakətlər qarşısında aciz olduğunu bir daha gördük. Bir neçə gün öncə İtaliyada baş verən güclü zəlzələ buna sübutdur. Elm sahəsində əldə edilən nailiyyətlərə baxmayaraq, biz hələ də bu cür hadisələr qarşısında acizik:
"Bununla belə, elə faciələr var ki, biz onların qarşısını ala bilərik, belə hadisələrə "elan edilmiş faciələr" deyilir. "Elan edilmiş faciələrin" baş verəcəyini bir çox adamlar bilir, lakin burada siyasi və iqtisadi maraqlar milyonlarla insanların həyatından daha üstün tutulur. Bu susqunluğu pozmaq baş verəcək faciədən xəbərdar olan hər bir şəxsin borcudur".
Məqalədə daha sonra deyilir: "Qafqaz regionun mərkəzində, Ermənistan ərazisində əhalisi 10.000 –dən artıq olan Metsamor şəhəri yerləşir. Bu şəhər daha çox "dünyanın ən təhlükəli atom elektrik stansiyasının"-Metsamor AES-nin yerləşdiyi məkan kimi tanınır.
Metsamor AES-i ötən əsrin 70-ci illərdə seysmik zonada tikilib. Təəccüblü deyil ki, 1989-cu ildə Ermənistanda baş verən güclü zəlzələ zamanı sovet hökuməti stansiyanın bağlanmasına qərar verdi. 16 il sonra artıq elektrik enerji qıtlığını yaşayan müstəqil Ermənistan stansiyanın fəaliyyətinin bərpa edilməsinə qərar verdi. Bu qərar bəziləri üçün aydın, bir çoxları üçün isə absurd və gülməlidir.
Beynəlxalq institutların, ətraf mühit sahəsində ekspertlərin və elmi dairələrin stansiyanın bağlanması və alternativ enerji mənbəyinin tapılması tələblərinə baxmayaraq, Ermənistan rəhbərliyi bu çağırışlara məhəl qoymur. Bundan başqa, ilkin olaraq stansiyanın bağlanması 2004-cü ilə planlaşdırılsa da, sonrada bu müddət 2016-ci ilin sentyabrın 1-nə, daha sonra isə 2026-cı ilə qədər uzadıldı. Hal-hazırda köhnəlmiş və müasir təhlükəsizlik tələblərinə cavab verməyən Metsamor AES-i nəinki Qafqaz regionun, həmçinin bütün Avropanın "saatlı bomba"sıdır.
Beynəlxalq qurumlar, ictimai təşkilatlar və əhali Metsamor AES-nin bağlanması üçün addımlar atmalıdırırlar. Biz yeni bir zəlzələnin baş verməsini və nəticədə yüz minlərlə insanların ekeloji fəlakət nəticəsində həlak olacağını gözləyə bilmərik".