“Milli Şura müxalifət daxilində parçalayıcı mövqedən çıxış edir” Siyasət

“Milli Şura müxalifət daxilində parçalayıcı mövqedən çıxış edir”

Əhməd Oruc: "Bu qurum özündən başqa Azərbaycanda müxalifətin olmaması barədə rəy yaratmağa çalışır"

Elşən Musayev: "Müxalifətçilik gedib dövlət maraqlarını satmaq, hansısa səfirdən nəsə dilənmək demək deyil"

"Ayrı-ayır siyasətçilər müxalifətdə birincilik uğrunda daha çox mübarizə aparırlar". Bu fikri Azadlıq Partiyasının (AP)sədri Əhməd Oruc Milli Şuranın sentyabrın 17-də mitinq təyin etməsinə və bunun da Müsavat Partiyasında narazılıq yaratmasına münasibət bildirərkən deyib.
Əhməd Oruc qeyd edib ki, radikal müxalifət liderləri bütün mümkün vasitələrdən alternativlərini zəiflətmək üçün istifadə edirlər. AP sədrinin sözlərinə görə, Milli Şura uzun müddətdir ki, müxalifət daxilində parçalayıcı mövqedən çıxış edir: "Milli Şura özündən başqa Azərbaycanda müxalifətin olmaması barədə rəy yaratmağa çalışır. Əsasən Qərb institutları, qrant verən təşkilatlar, Azərbaycanda hakimiyyətə təzyiq vasitəsi axtaran ölkələrdə yalnız özlərinin olduğu barədə rəy yaratmağa çalışırlar. Bu baxımdan Azərbaycandakı digər siyasi qüvvələrin prosesdə iştirak etməsində maraqlı deyillər".
Millət vəkili Elşən Musayev bildirib ki, ümumiyyətlə, radikal müxalifətin bugünkü taktikası köhnədir: "Onlar həmişə dövləti, milləti öz maraqlarına satmaqla məşğuldurlar. Ona görə də Əli Kərimlinin hansısa səfirdən pul istəməsi, görüşməsi qeyri-adi qarşılanmamalıdır. Çünki, onların prinsipləri şəxsi prinsiplərdir. Amma məsələ odur ki, Azərbaycan iqtidarı onlarla tam qeyri-adekvat təşkil edir. Radikallar Azərbaycan dövlətinin məhv olmasına çalışan, milli maraqaların ziddinə gedən qüvvələrdir. Azərbaycan xalqı görəndir, ayıqdır. Bizim ən böyük üstünlüyümüz də məhz ondan ibarətdir. Ancaq bu cinayətkarları da bu formada buraxmaq olmaz. Azərbaycan hüquq-mühafizə orqanlarının əlində bu insanların hansı səfirlikdən nə qədər pul aldıqları haqqında məlumatın olmasından tam əminəm. Bunu sübut etmək çox asan məsələdir. Məndə olan məlumata görə, ilk mitinqə 50 min dollar pul xərclənib. O da əsasən təşkilatçılara xərclənib. Mitinqə gələn digər insanlar da birbaşa Qərbin sifraişini yerinə yetirib. Azərbaycan xalqının onlara aidiyyatı yoxdur. Amma bu məsələni özbaşına buraxmaq olmaz. Onlar nəhayət ki, hüquq, qanun qarşısında cavab verməlidirlər. Müxalifətçilik gedib dövlət maraqlarını satmaq, hansısa səfirdən nəsə dilənmək demək deyil. Bu insanlara mütləq cinayət işi qaldırılmalıdır. Onlar məhkəmə, xalq, tarix qarşısında cavab verməlidirlər".