Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib Siyasət

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib

Sentyabrın 16-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib.
MDB-nin yaradılmasının 25 illiyinə təsadüf edən iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.
Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.
Prezident Almazbek Atambayev dövlət və hökumət başçılarını salamladı, iclasda iştirak etdiklərinə görə onlara minnətdarlığını bildirdi, həmçinin MDB-nin 25 illik yubileyi münasibətilə təbriklərini çatdırdı.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.
Sonra iclas işini geniş tərkibdə davam etdirilib.
İclasda Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, MDB Dövlət Başçıları Şurasının budəfəki iclasında siyasi sahədə qarşılıqlı fəaliyyət, humanitar əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsi sahələrində bir çox sənəd layihəsi nəzərdən keçirilərək qəbul olunub. İştirakçı ölkələrin təmsilçiləri Müstəqil Dövlətlər Birliyinin 25 illiyi ilə bağlı dövlət başçılarının bəyanatını təsdiqləyərək Birliyin müasir reallıqlara uyğunlaşdırılması məsələlərini qurumun nizamnamə və sahəvi orqanlarının fəaliyyətinin səmərəsinin artırılması kontekstində müzakirə ediblər. Dövlət Başçıları Şurasının iclasında humanitar sahədə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi çərçivəsində Müstəqil Dövlətlər Birliyində 2017-ci ilin "Ailə ili", 2018-ci ilin "Mədəniyyət ili" elan edilməsi, 2017-ci ildə Azərbaycan Respublikasında "Birliyin mədəni paytaxtları" dövlətlərarası proqramının həyata keçirilməsi haqqında qərarların layihələrinə baxılıb. Bundan əlavə, iqtisadi əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə MDB ölkələrində 2020-ci ildə əhalinin siyahıyaalma raundunun keçirilməsi və regionlararası əməkdaşlığın inkişafı məsələlərinə baxılması da müzakirə mövzusu olub. Onu da deyək ki, Dövlət Başçıları Şurasının müzakirəsinə təqdim edilən bəzi mühüm sənəd layihələri təhlükəsizliyin təmin edilməsinə, yeni təhdid və təhlükələrə qarşı mübarizəyə yönəlib. Buna misal olaraq, MDB-yə üzv ölkələrin 2017-2019-cu illər üçün terrorizmə və digər zorakılıq təzahürlərinə qarşı mübarizədə, habelə 2016-2020-ci illərdə informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərə qarşı mübarizədə əməkdaşlıq proqramının qəbul edilməsini göstərmək olar.
Sonra sənədlərin imzalanması mərasimi olub.