Prezident qərəzli Avropaya dərs verdi Siyasət

Prezident  qərəzli Avropaya dərs verdi

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edib. Sentyabrın 20-də avropalı qonaqları prezident İlham Əliyev qəbul edib.
Görüş zamanı ölkə başçısı Azərbaycanla Avropa İttifaqının münasibətlərindən söz açıb, bir sıra məsələlərlə bağlı iradlarını bildirib.
Prezident bir il bundan öncə Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin qərəzli olduğunu və bu qətnamənin münasibətlərdə ciddi geriləmə yaratdığını diqqətə çatdırıb.
"Azərbaycanda bunu çox düşməncəsinə, qeyri-düzgün, səhv informasiya və qərəzə əsaslanan addım və ölkəmizin reputasiyasına zərər vermək cəhdi kimi qəbul edirik. Buna aydınlıq gətirmədən irəliləmək və gələcək işlərimizi planlaşdırmaq çətin olacaq", - deyə İlham Əliyev çıxışında söyləyib.
Prezident, həmçinin bildirib ki, təkcə biz deyil, Avropa İttifaqı da bizimlə münasibətləri dərinləşdirməyə çalışır: "Azərbaycan strateji tərəfdaşlığı hədəfləyərək Avropa İttifaqı ilə əlaqələrini genişləndirməyə və dərinləşdirməyə can atır. Təkcə biz deyil, Avropa İttifaqı da bizimlə münasibətləri dərinləşdirməyə çalışır. Ona görə də düşünürəm ki, bu mətn bizim əməkdaşlığımızın əsl məğzini əks etdirmir. Bizim Avropa İttifaqı ilə əməkdaşlığımız qarşılıqlı maraqlar və qarşılıqlı hörmətə əsaslanır".
Prezident İlham Əliyevin Avropa İttifaqının qərəzli mövqeyini sərt şəkildə tənqid etməsi dünya güclərinin Azərbaycanla hesablaşmalı olduğunu göstərir.
Millət vəkili Rasim Musabəyov bildirib ki, Azərbaycan prezidenti Avropa ilə münasibətlərin necə inkişaf etdiriləcəyini açıq şəkildə nümayəndə heyətinin diqqətinə çatdırıb: "Ölkə başçısı açıq şəkildə dedi ki, biz yuxarıdan aşağı münasibətləri qəbul etmirik və qəbul da etməyəcəyik. Qarşılıqlı hörmət, maraq əsasında münasibətlər həm Avropa Birliyinə, həm də Azərbaycan fayda verə bilər.
Yəni, biz Avropadan üz çevirmək niyyətində deyilik, münasibətlərimizi genişləndirmək niyyətindəyik. Ancaq, yuxarıdan aşağı münasibətlər qəbulolunmazdır. Ələxüsus da indi. Azərbaycana ermənipərəst qüvvələr tərəfindən müxtəlif bəhanələrdən istifadə edərək təzyiq etmək tamamilə qəbulolunmazdır".
Rasim Musabəyov vurğulayıb ki, ATƏT-in Bakı ofisinin qapadılması Azərbaycana təsiri yoxdur: "ATƏT-in ofisi bu quruma daxil olan ölkələrin çox az hissəsində mövcuddur. Əksər ölkələrdə ATƏT-in ofisi yoxdursa, mütləq şəkildə Bakıda ofis olmalıdır? Prezident konkret şəkildə şərtini açıqladı ki, siz mütləq şəkildə Azərbaycana pis münasibətdə olan bir şəxsin Bakı ofisinə rəhbərlik etməsində maraqlısınızsa, belə olan halda bizim ATƏT-in ofisinin olmasında marağımız yoxdur. Heç kim Azərbaycanı məcbur edə bilməz".
Politoloq Fikrət Sadıqov isə vurğulayıb ki, prezident İlham Əliyevin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündəki çıxışı çox yüksək qiymətləndirilməlidir: "Dövlət başçısı əgər belə bir halları izləyir, təhlil edir, yerində lazımı adekvat cavab verirsə, deməli prezident bütün işlərə maraq göstərir və çalışır ki, hər bir məsələni ədalətli yolla həll etsin. Prezidentin ötən günki çıxışda bu məqamlar öz əksini tapmışdı. Ölkə başçısı Avropa İttifaqından, Avropa Parlamentindən, müxtəlif avropalı deputatlardan gələn əsassız ittihamlara layiqli cavab verdi. Hesab edirəm ki, verilən cavablar tam əsaslı, obyektiv səsləndi. Dövlət başçısı çıxışında bütün ittihamlara cavab verərək, hətta konkret misallar gətirdi. Hər bir halın, hadisənin tarixnaməsini danışdı, müəyyən şərtlər qoydu".
Fikrət Sadıqov qeyd edib ki, ATƏT-in Bakı ofisinin bağlanmasında Azərbaycan təşəbbüskar olmayıb: "Bu barədə məsələni Azərbaycan prezidenti İlham Əliyev ətraflı şəkildə izah etdi. Onlar bir bəhanə taparaq Azərbaycan əsilli Aleksis Şaxtaxtinskini ofis rəhbərliyindən geri çağırdılar. Düşünmürəm ki, o təşkilatın nümayəndəliyinin Bakıda olması mənfi haldır. Ancaq, onlar konkret işlərlə məşğul olmalıdırlar, bizə irad tutmaq, ittihamlar irəli sürməklə yox. Təəssüf ki, onlar tamamilə başqa işlərlə məşğuldurlar. Ona görə də Azərbaycan prezidenti şərt qoydu ki, Şaxtatinskini geri qaytarıldıqdan sonra Bakı ofisi yenidən açıla bilər".