
Federika Mogerini: "Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir"
"Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və yürütdüyü destruktiv və təxribatçı siyasət münaqişənin həllinə və regionda sülhün və sabitliyin təmin olunmasına xələl gətirir".
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini ilə görüşündə deyib.
Nazir əlavə edib ki, Azərbaycanın münaqişənin həlli üzrə substantiv danışıqların tərəfdarıdır.
Federika Mogerini Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyini və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində maraqlı olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraq ifadə olunub.
Tərəflər Azərbaycanla Aİ arasında tərəfdaşlığın yeni müstəviyə qaldırılması üçün tezliklə danışıqlara başlamağa hazır olduqlarını, energetika, nəqliyyat, kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu qeyd ediblər.