“Referendumdan sonra islahatlar cox sürətlə həyata keçiriləcək” Siyasət

“Referendumdan sonra islahatlar cox sürətlə həyata keçiriləcək”

Elman Nəsirov: "Bu, cənab prezidentin təşəbbüsüdür"

Musa Quliyev: "Bu, Azərbaycanın dövlətçilik həyatında çox mühüm mərhələnin başlanğıcı deməkdir"

Azərbaycanda referendumdan sonra iqtisadi sahədə islahatların daha da dərinləşəcəyi gözlənilir. Bunu deputat, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib. Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun nəticələrinin elan edildiyini xatırladan E.Nəsirov Azərbaycan xalqının Konstitusiyaya edilən 29 dəyişikliyin hər birinə öz müsbət fikrini açıqladığını qeyd edib: "Konstitusiyaya edilən dəyişikliklərlə bağlı ən aşağı səstoplama faizi 83, ən yuxarı isə 92 olub. İndi isə növbəti mərhələ başlayır. Bu mərhələdə Konstitusiyanın 29 maddəsində əksini tapan dəyişikliklər real həyatımızda tətbiqini tapacaq. Yaxın 10 gün ərzində Konstitusiya Məhkəməsinin bu barədə qərarının veriləcəyi gözlənilir". E.Nəsirov hesab edir ki, referendumdan sonra islahatlar cox sürətlə həyata keçiriləcək: "Bizim buna tam əminliyimiz var. Bu, cənab prezidentin təşəbbüsüdür. Xüsusilə iqtisadi sahədə olan islahatlar daha da dərinləşəcək. Təbii ki, idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı islahatlar da ən çox diqqətdə olan məsələlərdəndir. Bu istiqamətdə də cənab Prezidentin sərəncamlarının olacağı gözlənilir".
Vitse-prezidentlik institutunun Azərbaycanın idarəçilik sistemində yeni bir institut olduğunu deyən E.Nəsirov bu institutun Azərbaycanın idarəedilməsi sisteminə çox ciddi yeniliklər gətirəcəyini də əlavə edib.
Deputat Musa Quliyev isə deyib ki, Azərbaycan Konstitusiyasına edilən yeni dəyişikliklərin hamısı gələcəkdə həm əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, həm də vətəndaş-dövlət münasibətlərinin daha harmonik inkişafına gətirib çıxaracaq. Onun sözlərinə görə, referendum Azərbaycanın sosial-iqtisadi, dövlətçilik həyatında çox mühüm mərhələnin başlanğıcı deməkdir: "Bundan sonra şübhəsiz ki, dövlətin idarəolunması sistemi möhkəmlənəcək. Vitse-prezidentlik institutunun yaradılması ilə Prezidentin verdiyi fərman və sərəncamların icrasına nəzarət və bu fəaliyyətlərdə iştirak imkanları genişlənəcək. Konstitutusiyada qəbul edilən vacib müddəalardan biri istifadəsiz torpaqlarla bağlıdır. Bu da müxtəlif məmur və vəzifə sahibləri olan insanlar tərəfindən əldə edilən və istifadə olunan min hektarlarla torpağın sosial məsuliyyəti ilə bağlıdır. Eyni zamanda, sahibkarların sosial məsuliyyət məsələsi də ortaya qoyulub. Onlar da cəmiyyətin həyatında daha aktiv iştirak edəcəklər və sosial məsuliyyəti dövlətlə yanaşı bölüşəcəklər".