“Venesiya Komissiyası Avropa Şurası nəzdində konsultativ bir orqandır” Siyasət

“Venesiya Komissiyası Avropa Şurası nəzdində konsultativ bir orqandır”

Səməd Seyidov: "Bu qurumun rəyi Avropa Şurasının mütləq fikri deyil"


"Venesiya Komissiyasının rəyini əsas rəy kimi təqdim etmək qətiyyən düzgün deyil". Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Venesiya Komissiyasının Azərbaycan Konstitusiyasına təklif olunan dəyişiklik və əlavələrlə bağlı rəyinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Venesiya Komissiyası Avropa Şurası nəzdində konsultativ bir orqandır: "Venesiya Komissiyasına Avropa Şurası ilə bərabər 70-dən çox ölkə üzvdür. Komissiya hansısa ölkədə nə isə baş verəndə, öz fikrini bildirir. Bu, münasibətdir. O cümlədən komissiyanın Azərbaycan Konstitusiyasına dəyişikliklər və əlavələrlə bağlı fikri Avropa Şurasının, yaxud hansısa qurumun mütləq, həqiqət olan bir fikri deyil".
AŞPA-da Azərbaycanda keçirilən referendumun ayrılıqda müzakirə olunacağı ilə bağlı sualı cavablandıran S. Seyidov bildirib ki, referendum AŞPA-da ayrılıqda müzakirə olunmayacaq: "AŞPA-nın hər bir sessiyası başlayanda Avropa Şurasının yarım il ərzində gördüyü işlər haqqında ümumi məlumat verilir. Ola bilər ki, bu kontekstdə Azərbaycanda keçirilən referenduma toxunulsun, lakin ayrılıqda Azərbaycanda keçirilən referendumla bağlı müzakirə nəzərdə tutulmayıb".