Ukraynada türkdilli ölkələrin diaspor təşkilatlarının seminarı keçiriləcək Siyasət

Ukraynada türkdilli ölkələrin diaspor təşkilatlarının seminarı keçiriləcək

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin (Türk Şurası) Ukraynanın paytaxtı Kiyevdə yerləşən Diaspor Regional Mərkəzində panel iclası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, "Türkdilli diasporlar arasında əməkdaşlığın genişləndirilməsində Türk Şurasının rolu" mövzusuna həsr edilən iclasa Türk Şurasının baş katibi Ramil Həsənovun sədrlik edib.
İclasa Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Türkiyənin Ukraynadakı səfiri Yönet Can Tezel, Qazaxıstanın Ukraynadakı səfiri Samat Ordabayev, Birləşmiş Ukrayna Azərbaycanlıları Diasporunun sədri, Türk Şurası Kiyev nümayəndəliyinin rəhbəri Hikmət Cavadov, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Türk Şurasının Diaspor Təmas qrupunun təmsilçiləri və Ukraynada yaşayan türkdilli diasporların nümayəndələri qatılıb.
Ramil Həsənov Şura və onun fəaliyyəti, indiyədək diaspor sahəsində görülən işlər barədə məlumat verib. Dövlət başçılarının hər zaman türk xalqları arasında birliyin möhkəmlənməsinə böyük əhəmiyyət verdiyini qeyd edən R. Həsənov Türk Şurasının Kiyev Regional Diaspor Mərkəzinin təşəbbüsü ilə 2015-ci ildə Kiyevdə Türkiyənin terrora qarşı mübarizəsinə dəstək göstərmək məqsədilə "Terrora yox" yürüşünün təşkil edildiyini xatırladıb. Baş katib 2015-ci ildə ABŞ-da keçirilən türkdilli diasporların təmsilçilərinin toplantısı, Nyu-Yorkda Türk Günü Festivalında Türk Şurası bayrağının ucaldılması, Türk Şurası nəzdində Diaspor İşləri üzrə Təmas qrupunun 2016-ci il mayın 3-də Almatıda baş tutan 3-cü toplantısı və burada qəbul edilən qərarlar, eləcə 2016-2017-ci illər üçün Türk Şurası diasporunun ortaq fəaliyyət planının hazırlanması, yaxın gələcəkdə Almaniya, Fransa, ABŞ-da Regional Diaspor Mərkəzlərinin açılması məsələlərinə toxunub.
Hikmət Cavadov isə türkdilli dərsliklərin çapı və digər layihələrdən danışıb.
Səfirlər Azər Xudiyev, Yönet Can Tezel, Samat Ordabayev və diaspor təmsilçiləri diasporlar arasında koordinasiyanın təmin edilməsinin önəmini vurğulayıblar.
Türkdilli diasporların Ukraynada dəyişən şəraitə uyğunlaşmasını təmin etmək və yeni şərtlər çərçivəsində daha təsirli diaspor təşkilatlanmasını yaratmaq məqsədilə ortaq bir seminar keçirilməsi təklif olunub, yaxın vaxtlarda bu seminarın təşkili qərara alınıb.