“Sözümüzü deyəcəyik” Siyasət

“Sözümüzü deyəcəyik”

Gürcüstanda keçirilən parlament seçkilərində 4 nəfər azərbaycanlı deputat mandatı qazanıb.
Hakim "Gürcü arzusu-demokratik Gürcüstan" partiyasından proporsional siyahı üzrə namizədliyi irəli sürülmüş Mahir Dərziyev, hakim partiyanın majoritar siyahıdan namizədləri Savalan Mirzəyev seçicilərin 50,02 faizinin, Ruslan Hacıyev isə 56,13 faizinin səslərini toplayaraq deputat mandatı qazanıblar.
Ölkənin əsas ana müxalifəti sayılan "Vahid Milli Hərəkat" partiyasının üzvü Azər Süleymanov isə proporsional siyahı üzrə mandat əldə edib.
Azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda təşkil olunmuş 36 saylı dairədə daha bir azərbaycanlı - Əhməd İmamquliyev qələbəyə daha yaxındır. Birinci turda o, seçicilərin 47,91 faizinin səsini qazanmaqla Tamaz Naverianini (43,41 faiz) üstələyib. Həmin dairədən daha az səs toplamış namizədlər ikinci tura buraxılmayacaqlar. Gürcüstan Seçki Məcəlləsinin tələbinə görə, ikinci tura birinci turda ən çox səs toplamış iki namizəd buraxılır. Beləliklə Ə.İmamquliyev ikinci turda qələbə qazansa, Gürcüstan parlamentində təmsil olunacaq azərbaycanlı deputatların sayı müstəqillik dövründə ilk dəfə 5 nəfər olacaq.
"Gürcü Arzusu"dan parlamentə deputat seçilmiş azərbaycanlı namizəd Ruslan Hacıyev bildirib ki, seçkilər tam şəffaf keçirilib: "Tam şəffaf, demokratik seçki keçirildi və deputat seçildim. Çalışacağam ki, bu vəzifənin öhdəsindən layiqincə gəlim".
Yeni seçilən deputat fəaliyyəti zamanı Gürcüstan azərbaycanlılarının problemini işıqlandıracağını deyib: "Qarşıda görüləsi işlərimiz çoxdur. Məni dəstəkləyən, etibar edən hər bir seçicimə verdiyim vədləri və sözləri tutacağıma dair söz verirəm. Görüşlər zamanı seçicilər tərəfindən bir sıra problemlər qaldırılıb. İlk öncə onların həlli istiqamətində çalışacağam. Təhsil , sosial, səhiyyə, kənd təssərrüfatı, mədəniyyətlə bağlı partiyamızın həyata keçirməyi nəzərdə tutduğu layihələr icrasını gözləyir. Parlamentdə bizim regionda mövcud olan problemlərimizin həllinə yönələcək qanun layihələrinin təqdim olunmasında fəal iştirak edəcəyəm".
Gürcüstanın Vahid Milli Hərakat Partiyasının azərbaycanlı deputatı Azər Süleymanov 4-cü dəfə deputat olacağını diqqətə çatdırıb: "2003-cü ildən sonra müxalifətə keçdim. Bu illərdən 2012-ci ilə kimi dövləti qurduq. 2012-ci ildən sonra o qədər problemlərimiz var ki, nədən başlayacağımızı bilmirik. Müxalifətdə olduğumuza görə dövlətdə olan çatışmzalıqları, həmçinin təmsil etdiyim Marneuli rayonunun problemlərini hökumətə çatdıracağam və parlamentdə müzakirələrdə fəal iştirak edəcəyəm. Problemlərimiz həddən artıq çoxdur. Dövlətin və regionun inkişaf problemi var. Seçicilərimin hər birinin problemi ilə maraqlnan deputatam. Yenə belə olacaq. Bir deputat kimi problemləri görüb, susmayacağam. Sözümüzü deyəcəyik".
Hakim "Gürcü arzusu" partiyasından deputat seçilən Savalan Mirzəyev bundan öncə baş nazirin milli məsələlər üzrə köməkçisi işləyib. O, ilk dəfədir deputat mandat qazanıb:
"Bu vaxta qədər baş nazir İrakli Kvirikaşvilinin milli məsələlər üzrə köməçisi olmuşam. Amma deputat seçildiyimə görə bu vəzifəni icra edə bilməyəcəm. Çünki qanunvericilik buna yol vermir. Bir gənc deputat olaraq Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə kömək etməyə çalışacağam. Təbrik edən hər kəsə öz təşəkkürümü bildirirəm".