“Türkiyə -Rusiya münasibətlərinin yaxşılaşması ilk növbədə Azərbaycan üçün müsbət hadisədir” Siyasət

“Türkiyə -Rusiya münasibətlərinin yaxşılaşması ilk növbədə Azərbaycan üçün müsbət hadisədir”

Rasim Musabəyov: "Eyni zamanda, "Türk axını" Azərbaycan üçün bazarı məhdudlaşdırmır"

Fikrət Sadıqov: "ABŞ və Rusiyanın savaş vəziyyətində olması bizim üçün hər hansı xeyir gətirə bilməz"

Rusiya Amerika münasibətləri getdikcə gərginləşir. Bunun əksinə olaraq isə Moskva ilə Ankara arasındakı münasibətlər yaxşılaşır. Əsas məsələlərdə razılığa gəlinib bir sıra müqaviələr imzalanıb. Buna "Türk axını", "Ağquyu" layihələrini misal göstərmək olar. Münasibətlərin daha da irəliyə gedəcəyi proqnozlaşdırılır. ABŞ-Rusiya münasibətlərinin gərginləşməsi fonunda Moskva-Ankara əlaqələrinin istiləşməsi Azərbaycana nə qazandıra bilıər?
Onu da əlavə edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycanın işğal olunmuş beş rayonunu qaytarması məsələsinin gündəmdə olduğunu bildirib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. "Rusiya bizimlə bu ideyanı paylaşdı, biz isə dəstəklədik. Biz Qarabağ probleminin həlli üçün çox çalışmışıq. Ermənistanla münasibətin normallaşması üçün də xeyli iş görmüşük. Hətta İsveçrədə saziş də bağlamışıq, lakin bu, nəticə verməyib", - Çavuşoğlu Avropa Şurasının Parlament Assambleyasının iclasında Milli Məclisin deputatı Qənirə Paşayevanın sualına cavab olaraq bildirib. "Bu gün Minsk Qrupunun və Rusiyanın həmsədrləri bəzi konstruktiv təkliflər irəli sürüblər. Gündəmdə işğal olunmuş ən azı beş rayonunun Azərbaycana qaytarılması məsələsi durur. Rusiya bu təklifi paylaşdı, Türkiyə isə onu dəstəklədi. Bunu Azərbaycan tərəfi ilə də müzakirə etdik. Əgər bu cür addımlar atılsa, biz Azərbaycanın istənilən qərarını dəstəkləyəcəyik. Biz Ermənistanla da münasibətlərin normallaşmasını istəyirik. Əgər bu problem həll olunsa, güman edirik ki, Azərbaycan da bunu istəyəcək. Nəyə görə Cənubi Qafqazda bu cür təhlükə, bu cür problem olmalıdır? Niyə o, həll olunmur? Minsk Qrupu da səy göstərməlidir", - Çavuşoğlu qeyd edib.
Politoloq Fikrət Sadıqov bildirib ki, ABŞ və Rusiyanın savaş vəziyyətində olması bizim üçün hər hansı xeyir gətirə bilməz. O qeyd edib ki, Azərbaycan uzun illər ərzində ikili standartlarla üzləşib. Hər halda aparıcı dövlətlər, ATƏT-in Minsk qrupunun həmsədrləri bunu açıq şəkildə nümayiş etdiriblər: "Bu dövlətlər demək olar ki, Ermənistanın nazıyla oturub dururlar. Faktiki olaraq Ermənistandan Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı BMT qətnamələrinin yerinə yetirilməsini tələb etmirlər". Lakin politoloq ABŞ - Rusiya münasibətlərinin gərginləşməsinin Azərbaycan üçün faydalı olacağını düşünmür: "Çünki hər iki dövlət hər halda, nəzəri şəkildə bizim məsələlərimizlə məşğuldur. Bunlardan biri ilə biz strateji partnyorluq formatındayıq, digəri ilə də yaxınıq. Hər halda yaxşı başa düşürük ki, regionda aparıcı dövlət Rusiyadır".
Politoloq qeyd edib ki, Rusiya Ermənistanın yaxın müttəfiqidir və Rusiya eyni zamanda Azərbaycanla da əməkdaşlıq edir, strateji partnyorluq münasibətləri var. F.Sadıqov hesab edir ki, təhlükənin aradan qaldırılması Rusiyanın öz maraqlarına müsbət təsir edə bilər.
Ermənistan mediasına açıqlama verən rusiyalı ekspert Yevgeni Satanovski isə hesab edir ki, ABŞ - Rusiya münasibətləri Ermənistan üçün mənfi təsir etməyəcək. O, buna misal kimi İsrail nümunəsini göstərib. İsrailin həm Rusiya, həm də ABŞ-la yaxşı əlaqələrinin olduğunu bildirib. Rusiya heç vaxt Ermənistanı ABŞ-a qarşı qoymayıb. Lakin əks ssenaridən əmin deyiləm".
Millət vəkili, politoloq Rasim Musabəyov diqqətə çatdırıb ki, Türkiyə -Rusiya münasibətlərinin yaxşılaşması region, ilk növbədə isə Azərbaycan üçün müsbət hadisədir. Politoloq bildirib ki, bu gün Rusiya Türkiyənin qaz bazarının 60 faizindən çoxuna nəzarət edir: "Bu layihənin reallaşması faktiki olaraq hazırda Ukraynadan, Balkanlardan keçərək Türkiyəyə daxil olan qazın əvəzlənməsi olacaq. Eyni zamanda "Türk axını" Azərbaycan üçün bazarı məhdudlaşdırmır. Ona görə ki, Türkiyədən Avropaya keçəcək ikinci xətt hələ Avropa İttifaqının xeyir-duasını almalıdır. Halbuki, Azərbaycanın layihəsi dəstəklənib və Rusiyanın layihəsindən fərqli olaraq, inşa edilir".
R.Musabəyov ABŞ-ın Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşmasına qarşı sərgiləyə biləcəyi mövqeyinə də toxunub: "Düşünmürəm ki, ABŞ açıq şəkildə bu məsələlərə müdaxilə edəcək və Türkiyə Rusiya münasibətlərinə gərginlik gətirəcək. Amerika nə edə bilər axı?! Gəlib Türkiyədə çevrilişmi təşkil edəcək?! Türkiyə müstəqil və kifayət qədər özünə arxayın olan bir dövlətdir və qonşuları, o cümlədən Rusiya ilə siyasətini ABŞ-ın diqtəsi ilə qurmur. Amma təbii ki, Türkiyə NATO-nun üzvüdür, orda götürdüyü bütün öhdəliklər qüvvədədir".
Politoloq Arzu Nağıyev isə vurğulayıb ki, bu gün Azərbaycana xarici təsirlər həddindən artıq çoxalıb: "Bu həm Qərb, həm Rusiya, həm də digər dövlətlər tərəfindən birbaşa olmasa da, dolayı şəkildə özünü büruzə verir. Rusiya və ABŞ arasında gedən proseslər, Suriya məsələləri də Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərir".
Ekspertin fikrincə, Vaşinqton və Moskva arasında dərinləşən soyuqluq və Suriyada getdikcə real müharibə təhlükəsi daşıyan proseslər Dağlıq Qarabağ münaqişəsini ikinci plana atır: "Məhz buna görə də bu gün Azərbaycan öz balanslı siyasətini davam etdirəcək: Qərb və Rusiya arasında seçim olmayacaq. Azərbaycanın xarici siyasət kursunda əsas prioritet məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir. Qərb və ya Rusiya tərəfindən bu istiqamətdə hər hansı bir müsbət addım olarsa, Azərbaycan həmin tərəflə istənilən əməkdaşlığa hazırdır. Təbii ki, bu əməkdaşlıq suverenlik və ərazi bütövlüyümüz çərçivəsində olacaq. Rusiya siyasiləri Kazan protokolları və Sankt-Peterburq görüşünü ön plana çəkirlər. Lakin Qərb bu gün SSRİ-nin varisi kimi bu ocağın yatırılmasında əsas açar rolunun məhz Rusiyada olduğunu irəli sürür. Amerikanın Qarabağla bağlı indiyə qədər səsləndirdiyi bəyanatlar özlərindən sonra miras qalacaq münaqişə ocaqlarına görə cavabdehlikdən azad olmaq məqsədi daşıyır".
Politoloqun sözlərinə görə, həmsədrlərin yeni görüşlərlə bağlı hazırlıqları indiki dönəm üçün məqsədəuyğun deyil: "Azərbaycan artıq diqtə edən tərəfdir, ona görə görüş naminə görüşlər olmayacaq. Məlumdur ki, bu gün Rusiya NATO ilə sərhədinin məhz Ermənistan ərazisindən keçməsini bəhanə gətirərək regionda böyük silahlanma aparır. Ermənistanın 102 saylı bazasına külli miqdarda silahlar verilir. Bu silahlar Dağlıq Qarabağ və digər ərazilərimizdə peyda da ola bilər. Bu kontekstdə Azərbaycan Qərb və Rusiya ilə münasibətləri saxlamalı, kimin tərəfdaş, kimin isə sadəcə əməkdaş olduğunu unutmamalıdır".


Əli