Azərbaycan prezidenti İranın Ərdəbil əyalətinin valisini qəbul edib Siyasət

Azərbaycan prezidenti İranın Ərdəbil əyalətinin valisini qəbul edib

Azərbaycan prezidentiİlham Əliyev İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
Son illər prezidentlər səviyyəsində keçirilən çoxsaylı görüşlərin əhəmiyyətini qeyd edən dövlət başçısı hər iki tərəfin əlaqələrimizin inkişafı üçün səylərini əsirgəmədiyini deyib. İran prezidenti Həsən Ruhaninin avqust ayında ölkəmizə uğurlu səfərinə toxunan prezident İlham Əliyev səfər zamanı ikitərəfli və üçtərəfli məsələlərin müzakirə edildiyini vurğulayaraq bildirib ki, məqsədimiz Azərbaycan-İran əlaqələrini bundan sonra da uğurla inkişaf etdirmək və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaqdır.
Qarşılıqlı təmasların davamlı olmasının önəmini qeyd edən prezident İlham Əliyev M. Xudabəxşin Azərbaycana böyük nümayəndə heyəti ilə səfərinin regionlararası və ölkələrarası münasibətlərin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını deyib.
M. Xudabəxş isə dövlət müstəqilliyinin 25 illiyi münasibətilə prezident İlham Əliyevə təbriklərini çatdırıb. İlk dəfə ölkəmizə 1990-cı və 1991-ci illərdə səfər etdiyini vurğulayan Ərdəbil Əyalətinin valisi həmin səfər zamanı Bakıda, Sumqayıtda və Naxçıvanda olduğunu deyib və ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu bildirib. M. Xudabəxş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda görülən böyük işlərin prezidentİlham Əliyev tərəfindən uğurla davam etdirilməsini xüsusi olaraq vurğulayıb. Budəfəki səfərləri zamanı da Sumqayıt şəhərinə getdiklərini və burada da sürətli inkişafın şahidi olduqlarını qeyd edən M. Xudabəxş Sumqayıtla Ərdəbilin qardaşlaşmış şəhərlər olması ilə bağlı qərar qəbul etdiklərini məmnunluqla bildirib.
Görüşdə ölkələrimizin ayrı-ayrı regionları arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.