“Azərbaycanın ərazi bütövlüyü mərhələ-mərhələ təmin olunacaq” Siyasət

“Azərbaycanın ərazi bütövlüyü mərhələ-mərhələ təmin olunacaq”

Rövşən Rzayev: "Proses də bu istiqamətə gedir"


"AŞPA-nın son sessiyasınında başda Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov olmaqla bütün üzvlər Azərbaycanın maraqlarını lazımi qədər dəyərləndirə bildi. Bütün çıxışlar Azərbaycanın maraqları çərçivəsində idi. Təbii ki, ən böyük problemimiz olan ərazi bütövlüyümüzün pozulması, işğal faktoru, Ermənistanın AŞPA nümayəndə heyətinin tutduğu mövqe ilə bağlı fikirlərimizi bu dəfə də səsləndirməyi bacardıq. Eyni zamanda, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması öz yanaşmasını irəli sürdü. Ermənistan nümayəndə heyətinin dəstəyi çoxdur, erməni lobbisi Fransada çox güclü fəaliyyət göstərir. Onlar nəinki Fransada, o cümlədən Rusiya və ABŞ-da siyasi proseslərə təsir göstərə bilir. Buna baxmayaraq, Azərbaycan haqlı olduğuna görə mövqeyimizi uğurla çatdıra bilirik. Ədalətli yanaşması olan bütün dövlətlər Azərbaycanı dəstəkləyir. Azərbaycan nümayəndə heyətinin çıxışlarından sonra erməni deputatlara AŞPA sədri, komitələr, partiya rəhbərləri tərəfindən iradlar bildirildi". Bu fikirləri deputat, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev səsələndirib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun AŞPA tribunasında 5 rayonunun qaytarılması ilə bağlı çıxışını şərh edəin millət vəkili bildirib ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesini aparan şəxs möhtərəm prezident İlham Əliyevdir: "Bütün dünya dövlətləri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir, status-kvonun dəyişməsi ilə bağlı bəyanatlar da səsləndirirlər. Bugünkü proseslər də o istiqamətdə gedir ki, yaxın zamanlarda Azərbaycan sülh yolu ilə öz ərazi bütövlüyünü bərpa edə biləcək. Cənab prezidentin şəxsi nüfuzu hesabına, həm beynəlxalq hüquq prinsipləri, həm ədalətə söykənərək Azərbaycan dünya birliyində çox önəmli yer tutur. İşğalçılıq siyasətini davam etdirən Ermənistanı düzgün yola dəvət edirlər. Danışıqlar prosesinə qatılmadığımız üçün dəqiq bilmirik, amma inanıram ki, Azərbaycanın ərazi bütövlüyü mərhələ-mərhələ təmin olunacaq. Proses də bu istiqamətə gedir. Çavuşoğlu açıqlamalar verdi, başqa dövlətlərdən bəyanatlar da eşitdik, ancaq düşünürəm ki, Azərbaycan düzgün yoldadır. Ermənilər bizə qarşı təzyiq edə bilməz. Azərbaycan nümayəndə heyətinin çox dəyərli üzvü Rafael Hüseynov kifayət qədər arqumentli çıxış etdi. O çıxışdan sonra ermənilər özlərindən çıxmışdı. Rafael müəllim ermənilərin siyasi "tərbiyəsini" xüsusi olaraq vurğuladı. Zalda digər dövlətlərin nümayəndələri də əyləşmişdi, onlar da ermənilərin hərəkətinə mənfi reaksiya verdilər".
"Bu günlərdə erməni mediasında belə bir məlumat yayılmışdı ki, guya Siz Belçika nümayəndə heyətindən xahiş etmisiniz ki, erməniləri Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşə razı salsınlar. Haqqınızda yazılanları necə dəyərləndirirsiniz?".- sualını cavablandıran millət vəkili "bunu çox mənfi qiymətləndirirəm",- deyə vurğulayıb: "Əgər elə yazıblarsa, onlar bir daha saxtakarlığa yol veriblər. Müxtəlif dövlətlərin deputatlarının iştirakı ilə tədbirdə belə fikir səsləndirmişəm ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Dağlıq Qarabağın erməni icması ilə dialoq axtarışındadır, əgər siz sülh tərəfində durmusunuzsa, bu dialoqun başlanmasına təkan verin. Ömrümdə heç kimə yalvarmamışam, heç yalvarmaq fikrində də deyiləm. Mənim üçün Azərbaycan, Vətən hər şeydən öndədir. Beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq icmanın mövqeyini səsləndirmişəm. Artıq 5 ildir ki, Dağlıq Qarabağın erməni icmasını müxtəlif tribunalardan dialoqa dəvət edirik. Bu dəfə də mənim tərəfimdən belə çağırış olub. Qarşı tərəf işğalçılıq siyasətindən əl çəkmədiyinə görə icmalar arasında dialoqun başlanmasına razılıq vermirlər. Amma inanıram ki, yaxın zamanlarda buna nail olacağıq. Ermənilər kimdir ki, biz onlara nə üçünsə yalvaraq. Allah eləməsin, mən ermənilərin yerində olsam, anlayardım ki, hədiyyə edilmiş qələbə ilə öyünmək olmaz. Onlar heç bir zaman, heç bir halda Azərbaycanla bərabər ola bilməzlər. Ermənistanla Azərbaycan arasında bizim xeyrimizə kifayət qədər böyük fərq var. Aprel hadisələri göstərdi ki, Azərbaycanın Silahlı Qüvvələri işğalçı Ermənistandan dəfələrlə güclüdür və öz sözünü deyə biləcək. İnanıram ki, sülh uğrunda mübarizə aparan mülki şəxslər, diplomatlar, siyasətçilər bütün imkanlarından istifadə eləməlidirlər ki, Azərbaycan hərbçisi sözünü deməsin".
O həmçinin xalq diplomatiyasına münasibətinin müsbətdir olduğunu diqqətə çatdırıb: "Amma bir şərtlə ki, Ermənistan konstruktiv mövqedən çıxış etsin. Ermənistanı müxtəlif qurumlarda təmsil edən şəxslər başa düşməlidir ki, Cənubi Qafqaza sülh gətirmək üçün öz imkanlarından istifadə etməlidirlər. Təxribatçı, işğalçılıq siyasətindən çəkinməlidirlər. Beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq, müxtəlif aparıcı dövlətlərin yanaşmasını nəzərə alıb masa arxasında dialoq vasitəsilə bilik və bacarıqlardan istifadə edilməsinin tərəfdarıyam".