“Türkiyə regionun əsas oyunçularından biridir” Siyasət

“Türkiyə regionun əsas oyunçularından biridir”

Fikrət Sadıqov: "Eyni zamanda, Azərbaycanın yaxın müttəfiqidir və təbii ki, onun siyasətindən çox şey asılıdır"

İlqar Verdizadə: "Türkiyə açıq şəkildə Qarabağ münaqişəsində iştirak edir"



Bir neçə gün öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirdi ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər. Ermənistan isə Türkiyənin vasitəçilik cəhdlərini qəbul etmir. Münaqişənin nizamlanması prosesində Türkiyə hansı rolu oynaya bilər?
Politoloq Fikrət Sadıqov hesab edir ki, burada 2 məqam var. Politoloqun fikrincə, bəlkə də Rusiya Türkiyə ilə yaxınlaşmasından istifadə edərək Azərbaycana müəyyən təzyiqlər etmək fikrindədir ki, Azərbaycan hansısa kompramis yollarını seçsin. Hansısa istiqamətlərdə müəyyən yumşaqlıq nümayiş etdirsin. Lakin politoloq bunun reallığa uyğun siyasət olduğunu düşünmür.
F.Sadıqovun sözlərinə görə, Rusiya çox yaxşı dərk edir ki, burada Türkiyənin rolu önəmlidir: "Çünki Türkiyə regionun əsas oyunçularından biridir. Türkiyə Azərbaycanın yaxın müttəfiqidir və təbii ki, onun siyasətindən çox şey asılıdır".
Türkiyə-Ermənistan münasibətlərində gərginlik olduğunu deyən politoloq 2 dövlət arasındakı diplomatik münasibətlərin qırıldığını bildirib: "Rusiya çox istərdi ki, Türkiyə Ermənistanla sərhədləri açsın. Çünki Ermənistan demək olar ki, iqtisadi blokadadır və boğulur".
Politoloq əlavə edib ki, beynəlxalq hüquq normalarına sadiq qalıb qətnamələrin prinsipial şəkildə həyata keçirilməsinə nail olunsa, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapar: "Beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri yerinə yetirmək lazımdır. İlk addım atılmalıdır. Azərbaycanın torpaqları işğaldan azad edilməlidir. İstər burada başqa dövlət olsun, istər Türkiyə olsun. Biz bunun tərəfdarıyıq. Bu bizim prinsipial mövqeyimizdir. Düşünmürəm ki, Türkiyə bizim prinsipial mövqeyimizə zidd addım atsın".
"Lavrov hazırkı məqamda yaranan vəziyyətə ermənilərin diqqətini cəlb etdi",- deyən politoloq İlqar Vəlizadəisə bildirib ki, Lavrovun Qarabağ açıqlaması əslində Ermənistan rəhbərliyinə bəzi reallıqlarla bağlı göstərilən yoldur: "Düzdür, ermənilər bunu inkar edirlər və münaqişənin tənzimlənməsində Türkiyənin rolunu qeyri-mümkün sayırlar. Ancaq İrəvan bir şeyi unudur ki, əslində, Türkiyənin bu məsələdə qəti mövqeyi olmasaydı, onda Ermənistanın blokadası da mümkün olmazdı. Danışıqlar prosesində müsbət irəliləyişlər olarsa, onda Türkiyə Azərbaycanla yanaşı, deblokada proseslərinə qoşula bilər. Türkiyə açıq şəkildə Qarabağ münaqişəsində iştirak edir. Hər halda söhbət deblokada məsələlərində Türkiyənin iştirakından gedir. Belə bir məqamda isə Lavrov sanki yaranmış vəziyyətə ermənilərin diqqətini cəlb etdi. Türkiyənin mövqeyi bəllidir: Ankara birmənalı olaraq bildirir ki, münaqişə Azərbaycanın mövqeyi nəzərə alınmaqla həll olunsa, Türkiyə hər cür dəstəyə hazırdır".

Politoloqun sözlərinə görə, rus-türk münasibətlərinin sıx inkişafı təkcə ikitərəfli əlaqələrə deyil, birbaşa regiondakı proseslərə də təsir göstərəcək: "Rusiya çalışır ki, bu təsir Moskvanın xeyrinə olsun, eyni zamanda, türklərin də maraqlarını nəzərə alsın. Çünki ikinci olmadan müsbətə doğru heç bir irəliləyiş ola bilməz. Əslində, Rusiya Türkiyəni bu proseslərə dolayı yolla dəvət edir, ancaq o şərtlə ki, hər iki tərəfin mənfəəti olsun".