“Rusiyanın Qarabağ münaqişənin həllində marağı yoxdur” Siyasət

“Rusiyanın Qarabağ münaqişənin həllində marağı yoxdur”

Israilli ekspert: "O, bu münaqişənin davam etməsindən faydalanır"
"İsrail-Türkiyə münasibətlərinin yaxşılaşmasının Azərbaycan üçün də çox müsbət təsiri var".
Bu sözləri İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun Cənubi Qafqaz və Türkiyə üzrə eksperti Gallia Lindensraus deyib. O bildirib ki, bundan əvvəl münasibətlərin pisləşməsinin Azərbaycan-İsrail əlaqələrinə təsir etməməsi təqdirəlayiq haldır: "Lakin hesab edirəm ki, cəlb olunan tərəflər üçün ən rahatı münasibətlərin yaxşı olmasıdır. Normallaşma sənədi İsrail-Azərbaycan münasibətləri baxımından çox yaxşıdır. Siz artıq münasibətləri soyutmaq üçün kənardan təzyiq almayacaqsınız. Onsuz da bu təzyiqi İran tərəfindən kifayət qədər alırsınız. Soruşa bilərsiniz ki, münasibətlər niyə məhz indi normallaşdı? Bildiyiniz kimi, "Mavi Mərmərə" hadisəsindən 6 il keçib. Üzr istəmə hadisəsindən isə 3 il ötüb. Hesab edirəm ki, ötən ilin noyabrında baş verən Rusiya-Türkiyə böhranından sonra Türkiyə tərəfi daha praqmatik siyasət yürütməyə başladı. Bu, Türkiyəni öz siyasətinə yenidən baxmağa məcbur etdi. Biz düşünürük ki, razılaşmanın əsasını bu məsələ təşkil edir. İsraillə Türkiyə təbi qaz məsələsinə diqqət ayırdılar. Ola bilər ki, gələcəkdə İsraildən Türkiyəyə qaz boru xətti çəkilsin. Bundan tək Türkiyə deyil, Avropa da yararlana bilər. Bu, Azərbaycanla İsrailin və ya Türkiyə ilə Azərbaycanın münasibətlərinə təhlükə deyil. Düşünürəm ki, enerji resurslarının diversifikasiyası Türkiyənin siyasətidir və bu baxımdan İsrail, Azərbaycan və Şimali İraq onlara uyğundur".
Ekspert bildirib ki, münasibətlərin normallaşmasından sonra Türkiyə İsrailin NATO ilə əməkdaşlığına qoyduğu vetonu aradan qaldırıb: ""Mavi Mərmərə" hadisəsindən sonra bu mümkün deyildi. İndi bu veto qaldırılıb. AzərbaycanNATO-nun üzvü deyil, lakin düşünürəm ki, Azərbaycan üçün də çox faydalı olacaq".
"İsrail Azərbaycanla münasibətlərə böyük önəm verir. Türkiyə-İsrail münasibətlərinin gərginləşməsindən sonra Ankara tərəfindən olan təzyiqlərə baxmayaraq, İsrail-Azərbaycan münasibətləri yaxın qaldı"-deyən
ekspert bildirib ki, bu, İsrail tərəfdən yüksək qiymətləndirilib: "İsrail xeyli müddət enerjiyə ac olub. Enerji təhlükəsizliyi İsrail üçün uzun müddət ən vacib məsələlərdən biri olub. İsrail neftin 40 faizini Azərbaycandan alır. Düzdür, ölkəmizin indi dəniz sahillərində təbii qaz yataqları aşkar edilib. Əvvəlki dövrə nisbətən daha az enerjiyə ehtiyac duyulsa da, hələlik neft amili çox vacibdir".
Ekspert bildirib ki, aprel hadisələrindən sonra İsrailin Azərbaycanın xeyrinə bəyanat verməməsindən Bakı o qədər məmnun olmasa da, döyüşlərdə Azərbaycan İsraildə istehsal olunan texnikadan istifadə edib: "Bu isə Azərbaycan tərəfi üçün münasibətlərin çox faydalı olduğunu sübut edir. İsrail silahlarından istifadə müharibənin gedişatını dəyişdi".
Ekspert Dağlıq Qarabağ münaqişəsinin həllində ən böyük amilin Rusiya olduğunu bildirib: "Düşünürəm ki, Rusiyanın bu münaqişənin həllində marağı yoxdur və o, bu münaqişənin davam etməsindən faydalanır. Erməni diasporu da bu məsələdə vacib rol oynayır. Lakin diaspor Türkiyəni Dağlıq Qarabağ məsələsinə qatmamalıdır. Burada Türkiyə Azərbaycana çox dəstək verir. Bu münaqişənin 1915-ci ildə baş verənlərlə heç bir əlaqəsi yoxdur. Biz bu əlaqəni qırmalıyıq. Başqa bir məsələsə isə Naxçıvan amilidir. Münaqişənin həlli Naxçıvanı təcriddən azad edə bilər. Ermənistanın bunu istədiyini düşünmürəm. Dağlıq Qarabağ münaqişəsi dondurulmuş deyil, bu ərazidə hər zaman nələrsə baş verir. Rusiya burada böyük rol oynayır".
O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının Azərbaycana təhlükə törətmədiyini bildirib: "Fikrimcə, iki ölkə arasında sərhədlərin açılması Azərbaycan üçün də yaxşı olar".