“Həmsədrlərin mövqeyində Azərbaycanın xeyrinə dəyişiklik görmürəm” Siyasət

“Həmsədrlərin mövqeyində Azərbaycanın xeyrinə dəyişiklik görmürəm”

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyində Azərbaycanın xeyrinə heç bir dəyişiklik görmürəm". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu amerikalı həmsədr Ceyms Uorlikin Bakıda söylədiyi fikirləri şərh edərkən deyib.
Onun sözlərinə görə, əgər həmsədrlərin mövqeyində hər hansı bir aktivlik varsa, bu, özlərinin və ermənilərin xeyrinə olan dəyişiklikdir: "Məlumdur ki, həmsədrlərə təzyiqlər var. Həmçinin, Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan Dağlıq Qarabağa Muxtar Respublika statusu verə bilər. Dövlət başçısının bu açıqlaması əslində ATƏT-in Minsk qrupu həmsərlərinə təzyiqdir. Çünki Prezident bəyan etdi ki, ermənilər və beynəlxalq ictimaiyyət bunu bilir. Yəni bu yeni təklif deyil, köhnədən qüvvədə olan bir təklifdir. Bəllidir ki, Minsk qrupu işinin öhdəsindən gələ bilmir, havayı pul yeməklə məşğuldur. Ona görə də amerikalı həmsədr Ceyms Uorlikin Bakıda verdiyi bəyanatlar sadəcə əvvəlkilərin təkrarı idi. Uorlik Ermənistanda olarkən də işğal olunmuş ərazilərin Azərbaycanan qaytarılması ilə bağlı bəyanat verib. Yaxud Moskva mediasına müsahibəsində Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması və gələcəkdə iki icmanın birgə yaşayışının zəruliliyini bəyan etmişdi. Sadəcə bunları təkrar etdi və onun verdiyi bəyanatlara elə də ciddi fikir vermək lazım deyil. Azərbaycanın özünün Qarabağ münaqişəsi üzrə hansı planı, niyyəti varsa, onun əsasında da öz işini davam etdirməlidir".
Politoloq deyib ki, əgər Uorlik Dağlıq Qarabağda azərbaycanlıların və ermənilərin birgə yaşayışının tərəfdarıdırsa, niyə bu vaxta kimi iki icmanın ABŞ-da, Belçikada, Fransada görüşünü təşkil etməyib? Heç kəs Uorlikin, yaxud başqa həmsədrlərdən ciddi təklif görməyib: "Yaxud, belə gurultulu bəyanatlat verən Uorlikin və digər vasitəçilərin Dilqəm Əhmədovun, Şahbaz Quliyevin girovliqdan azad edilməsi üçün heç bir cəhdi, səyləri olmayıb. Sadəcə öz maraqlarına uyğun bəyanatlar verirlər. Ermənilərin Dağlıq Qarabağ münaqişəsini dinc yolla tənzimləməmək iradəsi ortadadır. Uorlik də bunu bilir, ermənilərin həmin iradəsini gücləndirir. Onun həmsədr olduğu dövrdə ermənilər "İskəndər" raketlərini aldılar. Bu məsələdə həmsədrlər də məsuliyyət daşıyırlar".