
"Ermənilərin əsas məqsədi Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaqdır. Ermənilərin dövlət siyasəti, diasporası buna yönəlib. Xaricdəki erməni diasporu da bu prosesə qoşulub. Guya ermənilər hamısı Rusiya ilə yaxınlaşır, təki Rusiya Azərbaycandan əl çəksin".
Bu fikri politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, hazırda elə dövrdür ki, bizim cəmiyyətdə və ictimai-siyasi mühitdə bir az Rusiyanın hərəkətindən narazılıq var: "Ermənilərin əllərinə fürsət düşdü, Rusiyadan "İsgəndər" raketləri gətirtdilər və bununla da çalışdılar ki, Azərbaycanla münasibətə zərbə vursunlar. Hesab edirəm ki, bu müvəqqətidir. Vaxt gələcək Rusiya kifayət qədər açıqlama verəcək. İzah edəcək ki, "İsgəndər əhəmiyyətsizdir".
Politoloqun fikrincə, bu məsələ istisna olmaqla, Rusiya Azərbaycan münasibətləri çox yüksək səviyyədədir və gələcəkdə də belə olacaq: "Rusiya ilə Azərbaycan arasında iqtisadi və siyasi münasibətlər strukturlaşıb. Bu bütün sahələri əhatə edir. Həmin o strukturlaşmanın bir forması da regionlararası əməkdaşlıqdır".
Rusiya-Azərbaycan regionlararası formun keçirildiyini deyən politoloq hesab edir ki, belə forumlar keçirilirsə, bu o deməkdir ki, iki dövlət arasında inam potensialını yerinə qaytarmaq olacaq: "Rusiya-Azərbaycan münasibətləri çox faydalıdır. Amma tək bizim üçün yox. Azərbaycanla münasibətlər Rusiyanın özü üçün də faydalıdır. Çünki Azərbaycanın iştirakı olmadan onun Yaxın Şərq siyasəti axsaya bilər".