“Bu gün Cənubi Qafqaz bölgəsində təhlükəsizliyə ən böyük təhdid...” Siyasət

“Bu gün Cənubi Qafqaz bölgəsində təhlükəsizliyə ən böyük təhdid...”

Sevinc Fətəliyeva: "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür"

"Bu gün Cənubi Qafqaz bölgəsində təhlükəsizliyə ən böyük təhdid Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür". Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva səsləndirib. O, bildirib ki, münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir: "Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına əsasən həll edilməlidir. Bu baxımdan, Azərbaycanın xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Buna görə də rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional və qlobal təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Ona görə də, ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar, o cümlədən münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin məhz beynəlxalq hüquq normaları əsasında həllinin zəruriliyini bəyan edirlər. Ümumi qənaət budur ki, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. Bütövlükdə isə bəlli olan budur ki, yaranmış yeni siyasi şərait Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini zəruri edir".