Davamlı inkişafın göstəriciləri Siyasət

Davamlı inkişafın göstəriciləri

Ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq regionlara etdiyi səfərlər respublikamızın bütün rayon və bölgələrində həyata keçirilən abadlıq-quruculuq işlərinin hər zaman xüsusi diqqət mərkəzində saxlandığını nümayiş etdirir. Azərbaycanda su təsərrüfatının inkişaf etdirilməsinə xüsusi diqqət ayrılıb və bu istiqamətdə böyük magistral kanallar çəkilir, mövcud suvarma sistemlərinin yenidən qurulması və meliorasiya vəziyyətinin yaxşılaşdırılması kimi layihələrə imza atılır.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlinin qoyulması ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında böyük əhəmiyyət kəsb edir. Ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Fasiləsiz istismar olunduğu 65 ildən çox müddət ərzində sözügedən kanalın cari və əsaslı təmirinə baxmayaraq, qurğuların öz funksiyasını itirməsi və digər amillər su itkisinin artmasına səbəb olmuşdur. Kanalın yenidən qurulması bölgənin ekosisteminə də böyük töhfə olacaq. Məlumdur ki, Hacıqabul gölü artıq 10 ildən çoxdur ki, tamamilə quruyub. Bu hal təbii ki, bölgənin təbiətinə böyük zərbədir. Şirvan kanalı istifadəyə veriləndən sonra həmin göl də dolacaq və bunun da əlbəttə ki, təbiətə, ətraf mühitin bərpasına və qorunmasına çox müsbət təsiri olacaqdır.

Dövlət başçısının çıxışında qeyd olunduğu kimi, artıq uzun müddətdir ki, iqlim dəyişikliyi ilə bağlı dünyada, o cümlədən Azərbaycanda böyük narahatlıqlar yaşanmaqdadır. Əlbəttə ki, belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək başlıca vəzifələrdən biri kimi gündəmə gəlir. Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir. Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. "Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq.

Son illər ərzində ölkəmizdə bir çox vacib infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilən bu infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. İşğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına yönəldilib. Bu gün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər görülür. Əminliklə demək olar ki, növbəti illərdə icra edilən layihələrin həm miqyası, həm də əhəmiyyəti getdikcə daha da artacaq.

Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti