Səfir Oklahoma ştatının rəhbərliyi ilə müzakirələr aparıb Siyasət

Səfir Oklahoma ştatının rəhbərliyi ilə müzakirələr aparıb

Noyabrın 14-də Azərbaycanın ABŞ-dakı səfiri Elin Suleymanov səfirliyin əməkdaşları ilə birlikdə Oklahoma ştatına səfər edib.
Səfirlikdən verilən məlumata görə, səfir ştatının vitse-qubernatoru Todd Lamb, senator Ceyms Lankford, Oklahoma Milli Qvardiyasının komandanı, general Robbi Aşer və digər ştat rəsmiləri ilə görüşlər keçirib.
Vitse-qubernator Todd Lamb ilə görüş zamanı tərəflər Oklahoma ştatının Azərbaycan-ABŞ əməkdaşlığının genişlənməsi və dərinləşməsində xüsusi rolunu qeyd ediblər. Görüşdə Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələri və Oklahoma Milli Qvardiyası arasında həyata keçirilən hərbi əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.
ABŞ Senatında Respublikaçılar Partiyasını təmsil edən C. Lankfordla görüş zamanı E. Süleymanov Azərbaycan-ABŞ münasibətlərinin inkişafı perspektivlərini müzakirə edib və regional məsələlərə dair fikir mübadiləsi aparıb.
Səfir Oklahoma Universitetinin rəhbərliyi və müəllim heyəti ilə keçirilmiş dəyirmi masada Azərbaycanın apardığı siyasət, Azərbaycan-ABŞ əməkdaşlığının cari vəziyyəti və perspektivləri barədə məlumat verib.
Oklahomaya səfəri çərçivəsində səfirliyin nümayəndə heyəti "General Elektric" şirkətinin Qlobal Araşdırma Mərkəzini də ziyarət edib və burada enerji sahəsində aparılan elmi tədqiqatların nailiyyətləri ilə tanış olub.
Qeyd edək ki, Oklahoma ştatı Azərbaycanın ABŞ-la əməkdaşlığında, xüsusilə də hərbi sahədə əlaqələrinin inkişafı sahəsində aparıcı rol oynayır. Bu ştat Xocalı soyqırımını tanıyıb, habelə 2002-ci ildən Dövlət Tərəfdaşlığı Proqramı çərçivəsində Oklahomanın Milli Qvardiyası Azərbaycan Silahlı Qüvvələri ilə sıx əməkdaşlıq edir.