BAXCP sədri Yan Liddel-Qrenqerlə görüşüb Siyasət

BAXCP sədri Yan Liddel-Qrenqerlə görüşüb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Mühafizəkarları Qrupunun sədri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının mənzil-qərargahında olub

Dünən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mənzil-qərargahında ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqerlə görüşüb.
Görüşdə BAXCP-nin tamhüquqlu üzv olduğu Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı ilə əməkdaşlığın perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə maneə yaradan səbəblər və digər məsələlər müzakirə olunub. BAXCP sədri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, ölkədə həyata keçirilən və keçirilməsi labüd olan iqtisadi, siyasi və hüquqi islahatlar barədə partiyanın mövqeyini Yan Liddel-Qrenqerin diqqətinə çatdırıb. Qüdrət Həsənquliyev Azərbaycanın torpaqlarının işğal altında olmasının ölkə və region üçün yaratdığı problemlərdən də söz açıb.
AŞPA Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqer Azərbaycanla əlaqələrə mühüm önəm verdiklərini və ölkəmizlə bağlı bütün prosesləri diqqətdə saxladıqlarını bildirib. Yan Liddel-Qrenqer deyib ki, AŞPA Avropa Mühafizəkarları Qrupu Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlıdır və bölgədə sülhün, əminamanlığın tezliklə bərpa olunmasını arzulayır. Qonaq Azərbaycanlı tərəfdaşlarının mövqeyini AŞPA Avropa Mühafizəkarları Qrupunun üzvlərinin diqqətinə çatdıracağını və fəaliyyətlərində nəzərə alacaqlarını bildirib.
Görüşdə Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının AŞ PA-dakı qrupunun baş katibi Tom Van Dik, BAXCP-nin baş katibi Yaşar Kələntərli, Ali Məclisin sədri Vaqif Abışov, BAXCP sədrinin müavinləri Elçin Mirzəbəyli və Niyaməddin Orduxanlı iştirak ediblər.
Xatırladaq ki, BAXCP Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının tamhüquqlu üzvlüyünə 2015-ci il noyabrın 13-də AECR-in Şurasının Tunisdə keçirilən toplantısında qəbul olunub.

XC