Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumu başlayıb Siyasət

Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumu başlayıb

Prezident İlham Əliyev: "Biz yeni dünyada yaşamaq istəyiriksə, multikulturalizmi uçurum kimi qəbul etməməliyik"
"Azərbaycan multikulturalizm və tolerantlıqla bağlı tədbirlərin təşkil edilməsinə xüsusi diqqət yetirir"

Dünən Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində iki gün davam edəcək II Qlobal Açıq Cəmiyyətlər Forumu başlayıb.
APA-nın məlumatına görə, 2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafı proqramına həsr olunan beynəlxalq Forumda 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadim iştirak edir.
Dəvət olunanlar arasında 32 ölkənin sabiq dövlət və hökumət başçısı da var.
Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun vitse-prezidenti Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, Bolqarıstan, Serbiya, Rumıniya, Moldova, İsrail və digər ölkələrin sabiq dövlət və hökumət rəhbərləri iştirak edirlər.
Forumun gündəliyində açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multi-idarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxil edilib. Müzakirələrdə daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanların yaradılması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi kimi məsələlərə xüsusi diqqət ayrılacaq. Davamlı inkişafa nail olmaq istiqamətində təbii sərvətlər və qlobal sərhədlərin rolu, təmiz texnologiyalar və yaşıl enerjinin vəhdəti məsələləri ətrafında da geniş müzakirələrin aparılması planlaşdırılır.
Qeyd edək ki, II Qlobal Açıq Cəmiyyətlər Forumunun ilk toplantısı 2013-cü il mayın 6-8-də Bakıda keçirilib.
Dünənki tədbirdə prezident İlham Əliyev də iştirak edib və nitq söyləyib. Dövlət başçısı deyib: "Biz yeni dünyada yaşamaq istəyiriksə, multikulturalizmi uçurum kimi qəbul etməməliyik. Azərbaycan multikulturalizm və tolerantlıqla bağlı tədbirlərin təşkil edilməsinə xüsusi diqqət yetirir". Prezident Azərbaycanda multikulturalizmə, dəyərlərin təbliğinə xüsusi önəm verildiyini də vurğulayıb.
Dövlət başçısı Forumda mühüm müzakirələrin olacağına əminliyini ifadə edib: "Tədbirdə iştirak edən insanların irəli sürdüyü tövsiyələr çox mühümdür".
Dövlət başçısı qeyd edib ki, keçmiş dövlət və hökumət başçılarının Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumuna qatılması bu tədbirin əhəmiyyətini göstərir. Onun sözlərinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu da artıq nüfuzlu qurumlara çevrilib və Nizami Gəncəvi müdrikliyin rəmzi olub.
Dövlət başçısı qeyd edib ki, Forumda mühüm bəyanatlar veriləcək, görülmüş və görüləcək işlər haqqında danışılacaq.
Prezident bildirib ki, Azərbaycanın müstəqilliyindən 22 il ötür, qısa müddətdə böyük uğurlar əldə olunub: "Hazırda Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Azərbaycanın daha müasir dövlətə çevrilməsinə çalışırıq".
Dövlət başçısı Azərbaycanın ötən əsrin əvvəllərində 2 il müstəqil olduğunu, sonra bolşeviklər tərəfindən işğal edildiyini diqqətə çatdırıb: "Azərbaycan işğal olunub, digər bir ölkənin tərkib hissəsinə çevrilib. İndi isə taleyimiz öz əlimizdədir. Müstəqilliyimizin ilk illərində torpaqlarımızın işğalı, vətəndaş müharibəsi, iqtisadi, siyasi böhrana baxmayaraq, müstəqilliyimiz qorunub, inkişafa nail olmuşuq. Bu gün dövlətçiliyimizin möhkəm əsasları var, iqtisadi və siyasi islahatlar aparmışıq, azadlıqları təmin etmişik. Toplaşma azadlığı, media azadlığı artıq həyatımızın bir hissəsidir. İqtisadi əsaslarımız olmasaydı, bunlar olmazdı. İqtisadi və siyasi islahatlar paralel aparılmalıdır. Elə ölkələr var ki, 20 il əvvəl bizim üzləşdiyimiz çətinliklərlə üzləşir. Biz həmin ölkələr üçün nümunə ola bilərik".
Prezident vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin əbədi olması üçün iqtisadi qüdrətimiz artmalıdır: "Artıq Azərbaycan gələcəyi aydın olan ölkə kimi qəbul edilə bilər. Azərbaycanın 2020-ci ilə baxışla bağlı konsepsiyası var. Maliyyə vəziyyətimiz də sarsılmazdır. Çox aşağı səviyyədə borcumuz var, ümumdaxili məhsulumuzun 8 faizini təşkil edir. İqtisadiyyatımız şaxələnir. 2 minə yaxın məktəb tikilib. Əvvəllər miqrasiya Azərbaycandan başqa ölkələrə idisə, sonra ölkə daxilində regionlardan Bakıya oldusa, indi biz regionlardan Bakıya miqrasiyanı dayandırmağa çalışırıq".
Prezident İlham Əliyev Qarabağ münaqişəsilə bağlı da danışıb: "BMT-nin 4 qətnaməsi var və həmin qətnamələrdə işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılması tələb olunur. Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq qurumlar da bu barədə qərar qəbul edib. Biz doğma torpaqlarımıza qayıdacaq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bir milyon qaçqın və məcburi köçkün öz torpaqlarına qayıdıb yaşamalıdır".
Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ əhalisinin 30 faizi torpaqlarından qovulandan sonra orada qeyri-qanuni referendum keçirilib. Ona görə də heç bir ölkə bu qeyri-qanuni referendumun nəticələrini tanımayıb.
Prezident İlham Əliyev bəyan edib ki, hazırda güc beynəlxalq münasibətlərdə əsas yer tutur: "Biz öz taleyimizin sahibi olmalı, daha güclü olmalıyıq. Çalışmalıyıq ki, cəmiyyəti əsas prioritetlər ətrafında toplayaq. Bu, torpaqlarımızın azad edilməsi, müstəqilliyimizin güclənməsi və insanlar üçün daha yaxşı həyat şəraiti qurulmasıdır. Cəmiyyət əsas məqsədlər ətrafında səfərbər olunursa, cəmiyyət parçalanmır. Çatışmazlıqları da müzakirə etməliyik. Ancaq əsas odur ki, cəmiyyətimiz birləşib".
İ.Əliyev qeyd edib ki, 10 il əvvəl Azərbaycanda 49 faiz səviyyəsində olan yoxsulluq artıq çox aşağı düşüb: "Biz dayanıqlı inkişafa nail olmalıyıq".
Sonra tədbirə qatılan qonaqlar çıxış ediblər. Şri Lankanın sabiq prezidenti Chandirika Bandaranaike Kumaratunga çıxışında deyib ki, bəzi cəmiyyətlərdə qəbilələrdəki qadınlar ən adi hüquqlardan məhrum edilir, doğuş zamanı həyatlarını itirirlər. O, bəzi cəmiyyətlərdə səhiyyə xidmətləri aşağı səviyyədə olduğu üçün qadınların doğuş üçün xəstəxanalara getmədiyini bildirib, açıq cəmiyyətlərin olmadığı ölkələrdə qanlı qarşıdurmaların yaşandığını söyləyib: "Əgər bu məsələ nəzərə alınmasa, 2015-ci ildə davamlı inkişaf ola bilməz. Mövcud münaqişələrin intensivliyinin azaldılmasına nail olmalıyıq. Təəssüf ki, belə münaqişə zonaları çoxalır. Ona görə də iqtisadi inkişaf ayrılıqda münaqişələri həll etməyəcək. Əsas odur ki, iqtisadi inkişafın nəticələri cəmiyyət üzvləri arasında bərabər şəkildə bölüşdürülsün. Hökumətlər elə siyasət yeritməlidir ki, bu məsələdə azlıqlar da nəzərə alınsın".
Forumda çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib ki, qarşılıqlı anlaşmada təhsil məsələsi əsas götürülməlidir: "Mədəni müxtəlifliklərlə bağlı bir beynəlxalq fondun yaradılması yaxşı olardı. Mən çox fərəhlənirəm ki, Heydər Əliyev tərəfindən əsas qoyulan kurs nəticəsində Azərbaycan dayanıqlı inkişafa nail olub. Açıq cəmiyyətlərdə prosesə kimsə sahiblik etməlidir. Belə yolla uğur qazana bilərik. Bəlkə də mübahisəli qarşılana bilər, nəticələr fəaliyyət göstərilən mühitdən də asılıdır".
Albaniyanın sabiq prezidenti Rəcəb Meydani millətçi çıxışlardan uzaq olmağı, birgə fəaliyyət göstərməyi vacib sayıb. Onun sözlərinə görə, bu halda dünya üçün məqbul nəticələr əldə etmək mümkündür.
Finlandiyanın sabiq prezidenti bildirib ki, ədalət dəyəri təmin etməlidir: "İnsan kapitalından istifadə çox vacibdir. Əgər siz yoxsulsunuzsa, bu o demək deyil ki, savadsızsınız".
O deyib ki, "Azərbaycan 2020: İnkişaf Konsepsiyası" çox mühümdür: "Davamlı inkişafı təmin etmək üçün müxtəlif ölkələrin nümunələrindən istifadə etmək olar. Gənclər üçün iş yeri təmin edilməli, təhsil ən vacib mexanizmlərdən biri olmalıdır. Biz əldə etdiyimiz təcrübə ilə öyünə bilmərik, daha çox çalışmalıyıq. Həm də qadınlar və kişilər üçün əmək fəaliyyəti ilə məşğul olmaq baxımından bərabər imkanlar təmin edilməlidir. Ana və uşaqların da hüquqlarını yaddan çıxarmalı deyilik. BMT tərəfindən ailənin planlaşdırılması və qadınların hüquqlarının təmin edilməsi mühüm məsələ kimi qoyulub".
T.Haloneni bildirib ki, Azərbaycan hələ 1918-ci ildə qadınlara geniş hüquqlar verib: "Biz Azərbaycanın bundan sonra da bu məsələyə diqqət yetirəcəyinə inanırıq". O, neft və qaz sektoru sayəsində Azərbaycanın iqtisadi inkişafı üçün böyük imkanlar yarandığını deyib: "İqlim dəyişikliyi ilə bağlı hökumətlərarası qurum yaradıla bilər. Enerjidən qənaətlə istifadə üçün addımlar atılmalıdır. Ətraf mühitə ziyan vurmayan texnologiyalar tətbiq olunmalıdır".