Prezidentin Qarabağ strategiyası Siyasət

Prezidentin Qarabağ strategiyası

Rusiya güzəştə gedə bilər

Rus qazının Türkiyə üzərindən Avropaya daşınması Rusiyanı münasibətləri gərgin olduğu Ukrayna üzərindən tranzit asılılığından qurtaracaq.
Bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırımın ötən gün Moskvaya səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçiyə görə, Rusiya-Türkiyə arasında strareji əməkdaşlığın strateji tərəfdaşlığa çevrilməsi ehitmalı var:"Rus qazının Türkiyə üzərindən Avropaya daşınması Rusiyanı münasibətləri gərgin olduğu Ukrayna üzərindən tranzit asılılığından qurtaracaq. Bir neçə aydan sonra prezidentlər növbəti dəfə görüşəcəklər. Bu, Moskva və Ankara arasında başqa məsələlərin həllini də sürətləndirə bilər".
Bu arada, politoloq Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Bakı səfərinə də toxunub:
"Bu səfər Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Moskva ilə apardığı dialoqla əlaqəlidir. Böyük ehtimalla, o, Lavrovla Dağlıq Qarabağ problemi ətrafında apardığı danışıqların detallarını rəsmi Bakıya çatdırıb. Ankara Rusiya ilə danışıqları intensivləşdirib və məqsədi Moskvanın münaqişənin həlliylə bağlı Ermənistan hakimiyyətinə təsir etməsidir. İlk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır ki, sülh prosesinə start verilsin. Lavrovun Çavuşoğlunun təkliflərinə cavabı hələ bəlli deyil. Ancaq o da məlumdur ki, Ankara ilə münasibətlərini normallaşdıran Moskva Türkiyənin bu fəallığına və Moskva Türkiyə-Rusiya-Azərbaycan formatının yaradılmasına etiraz etmir".
Politoloq hesab edir ki, hadisələrin bu istiqamətdə inkişafı Ermənistan hakimiyyətini narahat edir:
"Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətə düşüb, ordusu və iqtisadiyyatı Rusiyanın nəzarəti altındadır. Rusiya, hələ ki, Ermənistan hakimiyyətini müdafiə edir və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə maraq göstərmir. Ancaq bir gün Moskvanın mövqeyi dəyişərsə və Kreml Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistan hakimiyyətinə təzyiq edərsə, bu halda Sərkisyan nə edəcək? Rəsmi İrəvan Moskvaya etiraz edəcəkmi?
Bu suallar Ermənistanın siyasi dairələrində ciddi müzakirə olunur. Qərbdəki erməni lobbisi də Sərkisyanın xarici siyasətindən narazıdır. Erməni lobbisinin qənaətinə görə, Ermənistan hakimiyyətinin Rusiyadan artan asılılığı Ermənistanı fəlakətə aparır. Erməni lobbisi düşünür ki, yaxın zamanda Moskva Ankara ilə razılaşaraq Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edəcək.
Ermənistanın getdikcə kasıblaşması və əhalinin azalması faktoru bu ölkənin əhəmiyyətini azaldır. Erməni lobbisi keçmiş illərdə olduğu kimi Ermənistana pul göndərmir. Bunun qarşılığında iqtisadi çətinliklərə rəğmən, Azərbaycanın hərbi potensialı artır, əhalinin sayı isə sürətlə 10 milyon nəfərə yaxınlaşır. Yəni məntiqlə böyük dövlətlərə Cənubi Qafqazda Azərbaycanla əməkdaşlıq daha məqbuldur".
Politoloq onu da bildirib ki, rəsmi Bakı Moskvanın Ermənistan hakimiyyətinə təsir edərək Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcəyinə çox ümidlidir:
"Hələ ki, bu baş vermir. İnanırıq ki, Ankara da Moskvanı bu məsələyə inandırmağa nail olacaq. Həm Bakı, həm də Ankara Rusiyaya təklif ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli halında bölgədə regional əməkdaşlığı genişləndirmək mümkün olacaq. Bu regional əməkdaşlıq isə Rusiyanın maraqlarına cavab verəcək şəkildə inkişaf edəcək. Ancaq, hələ ki, nə Bakı, nə də Ankara Moskvadan tutarlı cavab ala bilməyib. Ermənistanı daha çox silahlandırmasına baxmayaraq, Rusiyanın Cənubi Qafqaz siyasətini korrektə edəcəyi istisna deyil.
Prezident İlham Əliyev Rusiyanın siyasətinin dəyişəcəyini gözləmədən Qarabağ strategiyasını davam etdirir. Bu strategiya Azərbaycan ordusunu gücləndirmək, yeni modern silahlar almaq və bununla Ermənistanı zəiflətməkdən ibarətdir. Rəsmi Bakı Ermənistanı orduya və silah alışına daha çox pul xərcləməyə məcbur edir. Başqa sözlə, İlham Əliyevin Qarabağla bağlı hazırkı strategiyası Ermənistanı yormaqdan, indiki şərtlədə işğalçının insanı və maliyyə itkilərinin artmasını sürətləndirməkdən ibarətdir".