Qarabağda yeni müharibəyə hazırlıq gedir Siyasət

Qarabağda yeni müharibəyə hazırlıq gedir

"Qarabağda yeni müharibəyə hazırlıq gedir. Rusiya bu müharibəni dəstəkləyə bilər. Çünki Moskva NATO-nu Cənubi Qafqaza buraxmamaq üçün hər şeyə hazırdır. Bu baxımdan, kiçik müharibə ruslar üçün maraqlıdır".
Bu barədə erməni politoloq İqor Muradyan deyib.
Erməni politoloq etiraf edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağın qaytarılması üçün bütün vasitələrdən ən sərt şəkildə istifadə edəcək: "Azərbaycan ordusunun vəziyyəti də bunu deməyə əsas verir. Rusiya ekspertlərinin açıqlamalarından belə anlaşılır ki, Azərbaycan hücuma köklənmiş mobil ordu yaradıb. İdeologiya, struktur və operativ planlar təsdiq edir ki, Azərbaycan ordusu hücum hədəflərinə malikdir. Azərbaycan prezidenti Qarabağı qaytarmaq üçün ordunun gücündən istifadə edəcək. Bu, Ermənistan üçün arzuolunmaz variantdır".
Onun sözlərinə görə, Azərbaycan həm də Türkiyə ilə strateji müttəfiqliyə görə əlavə üstünlüklərə malikdir.
"İki ölkə arasında strateji əməkdaşlıq sazişinin tələblərində də qeyd olunur ki, hər hansı müharibədə birgə hərəkət edəcəklər", - deyə o bildirib.