
Arzu Nağıyev: "Ermənistan iqtisadiyyatı Azərbaycan ordusunun qarşısında davam gətirməyə qadir deyil"
"İslam aləmində ən vacib amil həmrəylikdir. Radikal islam adı altında həyata keçirilən təxribatlar, terrorların qarşısını almaq üçün İslam həmrəyliyinin çox böyük əhəmiyyəti var". Bu fikri politoloq Arzu Nağıyev səsləndirib. O qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi ili" elan etməsi ölkəmizdə tolerantlıq və multikultural dəyərlərə yüksək önəm verildiyini bir daha sübut edir: "Avroviziya mahnı müsabiqəsi, ilk Avropa Oyunları, Formula-1 üzrə Avropa Qran-prisi və digər mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə uğurla keçirilməsi və bu il Azərbaycanda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları burada dünyanın hər tərəfindən olan xalqlar və millətlərə yüksək şərait yaradıldığını, onların Azərbaycanda sülh və əminamanlıq şəraitində yüksək səviyyədə yaşadıqlarını göstərir. IV İslam Həmrəyliyi Oyunları və "İslam Həmrəyliyi ili" çərçivəsində Azərbaycandakı tolerantlıq və multikultural mühit bir etalon kimi bütün İslam dünyasına transfer edilə bilər".
Ekspert bildirib ki, İslam həmrəyliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də vacib meyarlardan biridir. O vurğulayıb ki, Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına üzv olması və münasibətlərinin müsbət məcrada inkişafı dövlətin xarici siyasəti üçün mühüm əhəmiyyət kəsb edir.
Arzu Nağıyev Prezident İlham Əliyevin yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında səsləndirdiyi digər fikirlərə də münasibət bildirib: "Əgər Ermənistan aprel döyüşləri zamanı öz havadarlarına və digər dövlətlərə müraciət etməsəydi, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etməyə qadir idi və bu gün də qadirdir. A.Nağıyev bildirib ki, aprel döyüşləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əsas hadisələrdən biri oldu və Ermənistan ordusu haqqında yaradılan mifin dağılması ilə nəticələndi: "2017-ci ildə də dövlət siyasətinin əsas prioritet istiqaməti Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq. Bununla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri və bu işə cavabdeh olan beynəlxalq qurumlar bu məsələdə Ermənistana hərtərəfli təzyiq göstərməlidirlər".
Arzu Nağıyev vurğulayıb ki, Ermənistan iqtisadiyyatı Azərbaycan ordusunun qarşısında davam gətirməyə qadir deyil: "Azərbaycan çox müasir silahlara malikdir. Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar yolunun seçilməsinə baxmayaraq, Ermənistan bu məsələnin danışıqlar yolu ilə həll edilməli olduğunu anlamırsa, Ermənistanı hərbi yolla danışıqlar masasına oturtmaq mümkündür. Artıq burada Ermənistana nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması kömək edəcək, nə də havadarları kömək göstərə biləcəklər. Çünki bizim işimiz haqq işidir, öz ərazilərimizdən işğalçı qoşunların çıxarılması və suverenliyimizi bərpa etmək istiqamətində antiterror əməliyyatlarının aparılması bizim öz işimizdir".
Ekspert bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasının heç bir mənası yoxdur: "Minsk qrupunun həm Fransadan, həm də ABŞ-dan olan həmsədrləri dəyişdirildi. Bundan başqa, ATƏT-də sədrlik Avstriyaya keçdi. Bununla bağlı demək olar ki, ATƏT-in bütün üzvləri Ermənistana hərtərəfli təzyiq göstərməlidir".
Ekspert həmçinin Azərbaycan əsgəri Çingiz Qurbanovun cəsədinin qaytarılması üçün ATƏT-in Minsk qrupunun yaydığı bəyanatı da şərh eib. O deyib ki, ATƏT-in son zamanlar verdiyi bəyanatların yerinə yetirilməməsi onun nüfuzunun getdikcə düşməsindən xəbər verir. Politoloq düşünür ki, Minsk qrupunun həmsədrləri öz işlərinə daha məsuliyyətlə yanaşmalıdır. Arzu Nağıyev dekabrın 29-da təxribat törədən Ermənistan tərəfinin əsgərimizin cəsədini qaytarmaqdan imtina etdiyini vurğulayıb. O qeyd edib ki, bütün dünyada aparılan müharibələrdə belə prosedur yoxdur: "Döyüş zonasında qalmış nəşin verilməməsi Ermənistanın müxtəlif beynəlxalq qurumların qərarlarına laqeyd münasibəti və onları saymamamısıdır. Hesab edirəm ki, Minsk qrupunun rusiyalı həmsədri Ermənistana hərtərəfli təzyiq etməlidir". Arzu Nağıyev sərhəddə baş verən təxribatdan sonra hər iki tərəfin itki verdiyini deyib. O qeyd edib ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi müvafiq addımlar atır: "Hesab edirəm ki, tək Minsk qrupu deyil, ATƏT-ə üzv olan bütün dövlətlər Ermənistana təzyiq etməlidir. Müharibə qanunlarını pozduğu üçün Ermənistana məsuliyyətə cəlb etmək lazımdır". O sonda deyib ki, Minsk qrupu bir sıra münaqişənin həlli ilə bağlı bəyanatlar versə də, heç bir nəticə vermir: "Heç olmazsa, təşkilat belə vəziyyətlərdə qətiyyətli olmalı və gələcəkdə nüfuz qazanmaq üçün bu addımları atmalıdır".