
"Bu, Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələrinin ruhuna ziddir"
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "Şən və hazırcavablar klubu"nun (KVN) Beynəlxalq İttifaqı və "AMİK" televiziya yaradıcılıq birliyinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən "С хлебом и солью" və "DeleYaman" KVN komandalarının 10-23 yanvar 2016-cı il tarixində Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvətinə münasibətdə təəssüfünü və narazılığını bildirir.
XİN-dən daxil olan bəyanatında bildirilir ki, Azərbaycan ictimaiyyəti, ölkəmizin çoxsaylı KVN sevərləri və KVN həvəskarları "С хлебом и солью" və "DeleYaman" komandalarının 28-ci KVN festivalına dəvətini təxribatçı və qərəzli addım kimi qiymətləndirərək buna kəskin etiraz edirlər:
"Azərbaycan daim KVN hərəkatının ruhunu, məqsədlərini, insanlar və xalqlar arasında sülhü və dostluğu təşviq edən məramlarını dəstəkləyib. Ölkəmizin KVN komandaları ənənəvi olaraq KVN yarışları və festivallarında fəal iştirak edib və bu hərəkatın inkişafına öz töhfələrini veriblər. Azərbaycan KVN komandasının əldə etdiyi son nailiyyətlər də bunun bariz göstəricisidir. Lakin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən "С хлебом и солью" və "DeleYaman" komandalarının 28-ci Beynəlxalq KVN festivalına dəvəti mədəniyyətin və KVN-in siyasiləşdirilməsi məqsədi daşıyaraq, KVN hərəkatının məqsəd və məramları ilə bir araya sığmır, Azərbaycan və Rusiya arasındakı strateji tərəfdaşlıq əlaqələrinin ruhuna ziddir.
"КВН" Beynəlxalq İttifaqı və "AMİK" televiziya yaradıcılıq birliyi 28-ci Beynəlxalq KVN festivalında "С хлебом и солью" və "DeleYaman" komandalarının iştirakına şərait yaratmaqla, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin pozulmasını dəstəkləyən qeyri-dost hərəkət nümayiş etdirir, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, işğal olunmuş ərazilərdə törətdiyi qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin, separatizmin təbliğinə və təşviqinə xidmət edir. Tədbirin təşkilatçılarına məlumdur ki, separatizmdən qaynaqlanan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazilərinin 20 faizi işğal olunub və bir milyondan artıq insan öz doğma torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmək məcburiyyətində qalıb.
Ümid edirik ki, "КВН" Beynəlxalq İttifaqı və "AMİK" televiziya yaradıcılıq birliyi separatizmin təbliğini qarşısına məqsəd qoyan və KVN-in xalqlar arasında dostluğu, əmin-amanlığı və sülhü təşviq edən məramlarının ruhuna xələl gətirən belə təxribatçı komandaların iştirakına yol verməyəcək".
Yeri gəlmişkən.....
Mədəniyyət və Turizm Nazirliyi yanvarın 10-da Soçidə start götürən "KiViN-2017" adlı Şən və Hazırcavablar Klubu (KVN) beynəlxalq festivalında işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimi təmsil edən komandanın iştirakına münasibət bildirib.
Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov bildirib ki, bu fakt ermənilərin təxribatçı əməllərini davam etdirdiyini göstərir: "Ümumiyyətlə, bu günə qədər keçirilən bütün beynəlxalq tədbirlərdə - yarışlarda, sərgilərdə olduğu kimi onlar yenə də yenə öz təxribatçı əməllərini davam etdirirlər. Bu komandanın festivala dəvət olunması və orada iştirakı Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir.
Tədbir təşkilatçıları bunları nəzərə almalı və həmin komandanın iştirakını dayandırmalıdır. Çünki Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində tanınan ərazi sərhədləri daxilində belə bir qrupun festivalda iştirakı yolverilməz və qəbuledilməzdir. Qondarma rejimin nümayəndələri bu kimi əməllərini bütün beynəlxalq tədbirlərdə göstəriblər. Kitab, turizm sərgilərində təxribatlara yol verməyə, öz stendlərini təqdim etməyə çalışırlar. Lakin ölkəmizin müvafiq qurumlarının səyləri ilə bu təxribatların qarşısı alınıb. Xain düşmənlərimiz tarixən bizim mətbəximizi, musiqimizi, abidələrimizi mənimsəməyə, oğurlamağa, özününküləşdirməyə çalışıblar. Həmin komandanın yarışmada iştirakı da bunun tərkib hissələrindən biridir və biz bunu qətiyyətlə pisləyirik".