“Sarkisyanın son çıxışı onun öz cəsarəti deyil” Siyasət

“Sarkisyanın son çıxışı onun öz cəsarəti deyil”

Qabil Hüseynli: "Son zamanlar Rusiyadan xeyli silah və diplomatik yardım aldıqdan sonra fəallaşıblar"

"Serj Sarkisyanın sərsəm fikirlərlə zəngin son çıxışı onun öz cəsarəti deyil. Son zamanlar Rusiyadan xeyli silah və diplomatik yardım aldıqdan sonra ermənilər fəallaşıblar. Bunlar onu göstərir ki, ermənilər heç zaman özlərinə güvənməyiblər. Onlar Rusiya şərait yaradan kimi, bu ölkəyə uyğun hərəkətlər ediblər". Bunu politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, ötən ilin aprel döyüşlərində də rüsvay olmuş erməni ordusunun daha da biabır olmaması üçün Rusiya hərbçiləri onlara kömək ediblər: "Rusiyanın Gümrüdə yerləşən 102-ci ordusunun zabit və təlimaçı heyətinin pərən-pərən düşmüş erməni qoşunlarına ezam edilməsi və müəyyən fəaliyyətləri dağılmış erməni silahlı birləşmələrinin tamamilə sıradan çıxmasının qarşısını aldı. İndi ermənilər yenidən analoji təhdidlərə başlayıblar. Bu cəsarəti onlara Sergey Lavrov kimi şəxslərin bəyanatları verir. Bundan əvvəl İrəvana gəlmiş Dumanın Beynəlxalq münasibətlər şöbəsinin müdirinin Dağlıq Qarbağla bağlı emənilərin xeyrinə olan bəyanatları da onlara ruh verib. Ancaq Azərbaycan bunları çoxdan bilir və öz yolundan geri çəkilən deyil. Dövlətimiz Azərbaycan ordusunun qüdrətinin daha da artırılması, döyüş hazırlığının yüksəldilməsi ilə məşğuldur. Əgər sülh yolu ilə razılıq əldə olunmasa, əlverişli hərbi əməliyyat keçirmək üçün şərait yarananda, Azərbaycan öz haqlı mövqeyi və təbii hüquqlarını bərpa etmək üçün tarixi məqamdan uğurla istifadə edəcək".