“Amerikalı həmsədr Qarabağla bağlı yeni administrasiyanın mövqeyini göctərməlidir” Siyasət

“Amerikalı həmsədr Qarabağla bağlı yeni administrasiyanın mövqeyini göctərməlidir”

"Danışıqların nəticəsinə baxdıqda görünən odur ki, Cənubi Qafqaz ikinci dərəcəli bir məsələdir. Bəzi ekspertlər bildirir ki, ABŞ tərəfi əsas diqqəti Çin, Suriya, Ukrayna və İrana ayıracağından Cənubi Qafqaz məsələsi arxa plana keçəcək. Bu isə Rusiyanın əl-qolunu tam açması ilə nəticələnəcək". Bunu politoloq İlqar Vəlizadə bildiriub: "Əslində Trampla Putin arasında telefon danışıqlarında tərəflərin prioritet istiqamətləri müəyyənləşdirilmişdi. Əlbəttə ki, prioritet istiqamət kimi inkişaf edən böhranlar əsas yer tutmuşdu. Suriya, Ukrayna, Şimali və Cənubi Koreya məsələləri müzakirə edilib. Biz bilirik ki, son illərdə ABŞ Rusiya arasında münasibətlər kəskin pisləşmişdi. Bu pisləşməyin səbəbi münaqişələr və o münaqişələrə tam fərqli münasibətlərdir. Hazırda tərəflər çalışır ki, münaqişələrin miqyasını maksimum azaltsınlar və bu böhranlı vəziyyətdən çıxsınlar. Çünki hər iki tərəf üçün bu böhran müsbət bir şey verməyib. Rusiyaya daha çox ziyan dəyib. ABŞ-ın da maraqları heç də təmin olunmayıb. Ən azı Yaxın Şərqdə ABŞ-ın mövqelərinin zəiflədiyini görürük".
ABŞ-ın Cənubi Qafqaza münasibəti barədə politoloq bildirdi ki, əgər tərəflər Suriya, Ukrayna və digər münaqişələrlə bağlı razılığa gəlsələr, bunun Cənubi Qafqaz məsələsinə də təsiri olacaq: "Gedişatlar onu göstərir ki, Cənubi Qafqaz məsələsi ikinci plandadır. Digər münaqişələrdə müsbət nəticələr olsa öz regionumuz üçün müsbət nələrisə gözləyə bilərik. Münasibətlər gərgin vəziyyətdə davam etsə, bunun Azərbaycana da mənfi təsiri olacaq. İranın nüvə proqramı ilə bağlı imzalanan sazişdən Tramp çıxmaq istəyir. Tramp belə bir addım atsa, İrana qarşı sanksiyalar güclənəcək. İranla qonşu olan bir ölkə kimi müəyyən dərəcədə problemlər hiss edəcəyik. Misal üçün İranla Azərbaycan "Şimal-Cənub" dəmiryol layihəsini reallaşdırmağı planlaşdırır. Əgər İrana sanksiyalar bərpa olunsa, "Şimal-Cənub" layihəsinin reallaşması sual altında qalacaq".
Dağlıq Qarabağ problemi ilə bağlı Tramp administrasiyasının ata biləcəyi addımlarla bağlı danışan İlqar Vəlizadə deyib ki, yaxın müddətdə Dağlıq Qarabağ probleminin həll ilə bağlı heç nə gözləmir: "Minsk qrupu formatı fəaliyyətdədir. Orada ABŞ-ın da həmsədri var. ABŞ-ı təmsil edən həmsədr hansısa bir mövqe göstərməlidir. Bu mövqe yeni administrasiyanın mövqeyi olmalıdır. Burada maraqlı detal ondan ibarətdir ki, dövlət departamentinin Avrasiya ölkələri ilə bağlı məsələlərə rəhbər ABŞ-ın Ermənistandakı keçmiş səfiri gətirilib. Bizim regionumuzun spesifikasını bilən insanın o vəzifədə yer alması onu göstərə bilər ki, ABŞ bizim regionla bağlı siyasətində müəyyən dəyişikliklər edə bilər. Bu hansı yeniliklər olacaq bunu zaman göstərəcək. Ancaq bilinən tək gerçək var ki, bu yeniliklər Rusiya ilə münasibətlərin əsasında atıla bilər. Hal-hazırda Dağlıq Qarabağla bağlı ABŞ-dan hansısa yeniliklər, konkret addımlar gözləmirəm".