BAXCP İdarə Heyətinin iclası keçirilib Siyasət

BAXCP İdarə Heyətinin iclası keçirilib

"Rusiya tərəfindən istifadə olunmuş "liderlər" BAXCP sədrinə hücum etməklə keçmişlərini və xəyanətlərini unutduracaqlarını düşünürlərsə çox böyük səhvə yol verirlər"

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
İdarə Heyətinin iclasında Azərbaycanda və regionda baş verən son hadisələrlə bağlı ətdaflı müsakirə aparılıb və bununla bağlı partiyanın rəsmi açıqlaması qəbul edilib. Açıqlamada deyilir: "BAXCP İdarə Heyəti Respublikada və regionda yaranmış son durumu müzakirə edərək bəyan edir ki, mövcud siyasi durum vətəndaşlarımızdan daha həssas olmağı, o cümlədən onları hakimiyyət naminə Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə əsas təhlükə kimi gördükləri Rusiya ilə son prezident seçkilərində əməkdaşlığa can atmış, ancaq sonuncu tərəfindən istifadə olunaraq atılmış "Milli Şura"nın "aparıcı şəxsləri"nin qərəzli və riyakar açıqlamalarına əhəmiyyət verməməyə çağırır. Seçki zamanı "böyük" demokrat kimi Putinə müraciət edib ondan kömək istəyənlər, Qənimət Zahidi Rusiyaya göndərib rus kəşfiyyatı ilə əlaqəsinə heç bir şübhə olmayan adamlardan pul toplatdıran siyasi dələduzlar yenidən Qərbçi olub BAXCP sədrini Rusiyaya meyllənməkdə ittiham edirlər. Bu zaman unudurlar ki, Rusiyanın xüsusi agenti kimi Azərbaycana gələn və onları ətrafına toplayaraq istifadə etmiş İbrahimbəyovu ilk dəfə məhz BAXCP ifşa etmişdir. BAXCP sədri Dağlıq Qarabağın sülh yolu ilə işğaldan azad olunması üçün hökumətin və beynəlxalq birliyin 20 illik səylərinin heç bir nəticə vermədiyini görərək bəyan etmişdir ki, indiki halda hərb yolu ilə torpaqların işğaldan azad olunmasına cəhd etmək xeyli təhlükəli olduğu üçün işğalın baş tutması və davam etməsinə əsas səbəbkar olan Rusiya ilə danışıqlar aparılmalıdır. Bu zaman vurğulamışdır ki, işğal olunan ərazilər üzərində Azərbaycanın suveren hüquqlarının bərpa olunması naminə işğalçı ordu əvəzinə onun müttəfiqi olan Rusiyanın qanun çərçivəsində Azərbaycanda mövcudluğuna şərait yaratmaq daha əlverişli olar. Konstitusiyamızın buna imkan vermədiyini söyləyən "filosof-təbib-siyasətçi"lər unudurlar ki, Rusiyanın Qəbələdiki hərbi bazasının fəaliyyətinə yalnız keçən il Konstitusiyanın imkan vermədiyinə görə yox, icarə xərclərinin artmasına görə son verilib. BAXCP sədrinin bu təklifinin verilməsinə əsas səbəb beynəlxalq birliyin Qarabağ məsələsində sərgilədiyi ikiüzlü siyasət olmuşdur. Krımı işğal edən Rusiyaya qarşı sanksiya tətbiq edən Qərb işğalçı Ermənistana deyil Azərbaycana sanksiya (907-cu düzəliş) tətbiq etmiş, Ermənistana kömək məqsədilə işğala görə bu dövlətlə sərhədlərini bağlamış qardaş Türkiyəni alçaldaraq onu Ermənistanla sərhədlərin açılmasına dair Sürix protokollarını imzalamağa məcbur etmişdir. Bu gün isə Azərbaycanı ölkənin Konstitusiyasına zidd olaraq nəticəsi öncədən bəlli olan regional referendum keçirməyə çağırır. Ukraynada belə referendum keçirilməsnin tələb edən Rusiyanın hərəkətini isə haqlı olaraq beynəlxalq hüququn və Ukrayna Konstitusiyasının kobud formada pozulması kimi qiymətləndirir. Yaranmış vəziyyətdən çıxış yolu kimi BAXCP sədri Rusiya ilə danışıqlar aparılmasının vacibliyini önə çəkmiş, əgər Rusiya bu şərtlərlə razılaşmazsa, peşəkar ordu quruculuğunu gücləndirməyi, neftin qiymətinin yaxın gələcəkdə aşağı düşmə ehtimalının yüksəkliyini nəzərə alaraq qeyri-neft sektorunu inkişaf etdirməyi, siyasi islahatların aparılmasının zəruruliyini vurğulamışdır.
Bu təkliflər bu gün yox, son bir neçə ildə dəfələrlə səsləndirilmiş və geniş müzakirəyə səbəb olmuşdur.
Rusiya tərəfindən istifadə olunmuş "liderlər" BAXCP sədrinə hücum etməklə keçmişlərini və xəyanətlərini unutduracaqlarını düşünürlərsə çox böyük səhvə yol verirlər".