“Prezidentin son sərəncamı...” Siyasət

“Prezidentin son sərəncamı...”

Hüquqşünas Vüqar Babayev: "Cəza siyasətinin humanistləşdirilməsində mühüm addımdır"

Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamı bu sahədəki problemlərin həlli yolunda mühüm addımdır.
Bunu hüquqşünas Vüqar Babayev deyib.
Onun sözlərinə görə, dövlət başçısının bu addımı cəmiyyətdə cəza sisteminin yumşaldılmasında bir çox müsbət dəyişikliyə səbəb olacaq:
"Cəza siyasətinin yumşaldılması istiqamətində işlər aparılmaqdadır. Avropa hüquq məkanının bir parçası olaraq, Azərbaycanda cəzaların liberallaşdırılması cinayət törətmiş şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunması, əsas insan hüquqlarından biri olan azadlıq hüququnun, şəxsiyyətə hörmət prinsipinin inkişaf etdirilməsi baxımından çox önəmlidir. Xüsusilə qeyd etmək yerinə düşər ki, qətimkan tədbirlərinin seçilməsi zamanı bir çox hallarda onların arasında ən ağırı olan həbs qətimkan tədbirinin seçilməsi cinayət hüququ sahəsində fəaliyyət göstərən hüquq müdafiəçiləri üçün ən ağrılı məqamlardan biridir".
V.Babayev bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin istər Azərbaycan, istərsə də bu məhkəmənin yurisdiksiyasına daxil olan digər ölkələr tərəfindən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın tələblərinin pozuntusunu tanıdığı işlərin təhlili də onu göstərir ki, cinayət işlərinin ibtidai istintaqı zamanı tanınan hüquq pozuntularının əksəriyyəti təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun icra edilməsi ilə bağlıdır: "Azərbaycanın Cinayət Prosessual Məcəlləsində təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi qaydaları və şərtləri müəyyən edilib, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum Qərarlarında qətimkan tədbirlərinin seçilməsinin praktik şərtləri izah edilib. Sadalanan sənədlərdə həbs qətimkan tədbirinin təqsirləndirilən şəxs barəsində müstəsna hallarda seçilməli olması, buna məhz şəxsiyyət və dövlət əleyhinə ağır və xüsusilə ağır cinayətlərin törədilməsi zamanı digər qətimkan tədbirlərinin seçilməsinin mümkünsüz olduğu zaman yol verildiyi göstərilib. Lakin buna baxmayaraq, bir sıra hallarda yenə də qətimkan tədbirləri seçilərkən əsassız olaraq həbs qətimkan tədbirləri seçilir və təqsirləndirilən şəxslərin hüquqları pozulurdu. Burada həm həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar olaraq məhkəmələrə müvafiq təqdimat və vəsatətlər verən cinayət təqibi orqanlarının, həm də bu təqdimatları təmin edən məhkəmələrin rolu az deyil".
Hüquqşünasın fikrincə, bu baxımdan sözügedən sərəncam insan hüquqları və əsas azadlıqlarının müdafiəsinin cənab Prezidentin birbaşa diqqətində saxladığı məsələlərdən və onun daxili siyasətinin əsas prioritetlərindən biri olduğunu göstərdi: "Sərəncam doğurduğu hüquqi nəticələrlə yanaşı, qeyd edilən istiqamətdə daha humanist siyasətin həyata keçirilməsi üçün siyasi iradənin olduğunu bir daha təsdiq etdi".
V. Babayev həmçinin bildirib ki, bu sərəncam cəmiyyətin bütün təbəqələrinin dəstəyini qazanacaq və gələcəkdə hüquq müdafiə institutunun inkişafında çox önəmli olacaq: "Eyni zamanda, sərəncamda insan azadlıqlarının məhdudlaşdırılması ilə bağlı tələblərin sərtləşdirilməsi, həmin hüquqların bərpası ilə bağlı hallarda isə daha da geniş normativ bazanın yaradılmasının nəzərdə tutulması insan hüquqlarının daha möhkəm qorunması üçün effektiv və çevik mexanizmlərin yaradılmasına səbəb olacaq".