“Həlledici söz sahibi gürcü xalqıdır”-deputat Siyasət
“Gürcüstanda seçkilərin nəticələrinə başlanan etirazlar əslində Qərbin cari situasiyaya münasibətidir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.
B.Məhərrəmov vurğulayıb ki, sirr deyil ki, son 20 il ərzində Qərb imperializmi Gürcüstanda möhkəmlənmiş istər vətəndaş cəmiyyəti institutları, istərsə də hakimiyyətin müxtəlif qollarında dayaqlar yaradaraq bu ölkədə ciddi təsir imkanları formalaşdıra bilib: “Qərbin Gürcüstanın daxili yurisdiksiyasında olan məsələlərə davamlı formada qarışmaq və proseslərin axarını dəyişmək istiqamətində davamlı fəaliyyətlərinin ardınca Gürcüstan hakimiyyəti bu gedişatı dəyişmək üçün tədbirlərə start vermiş, bu isə öz növbəsində 5-ci kalonun ciddi etirazları ilə qarşılanmışdır. Xüsusən qeyri-hökümət təşkilatlarının maliyyələşdirilməsi istiqamətində qanunvericiliyə dəyişiklik və bu istiqamətdə şəffaflaşdırma tədbirlərinə vətəndaş cəmiyyəti institutlarının və Gürcüstan müxalifətinin etirazları fonunda Qərbin Gürcüstan hakimiyyətinin yaratmaq istədiyi reallıqlarla barışmayacağı aydın idi. Bu mənada onlar Gürcüstandakı seçkilərə fürsət kimi baxır və reallıqları ya seçki yolu ilə, ya da seçki sonrası ixtişaşlarla dəyişməyə ümid edirdilər”.
Deputat qeyd edib ki, bu gün baş qaldıran və gürcü xalqının iradəsi ziddinə olan etirazlar məhz aidiyyəti ssenarinin bir hissəsidir: “Təbii ki, Gürcüstanın taleyi ilə bağlı məsələlərdə həlledici söz sahibi gürcü xalqıdır. Biz də proseslərin gedişatında çox sıx əlaqələrimizin olduğu qonşu dövlətdə məhz bu ölkənin vətəndaşlarının iradəsinin təntənəsini arzu edirik”.
Röya İsrafilova