Şuşaya azadlıq! Siyasət

Şuşaya azadlıq!

Azay Quliyev: "ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli ilə deyil, uzadılması ilə məşğuldur"

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində Şuşanın ermənilər tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar konfrans keçirilib.
Konfransda çıxış edən Şura sədri Azay Quliyev bildirib ki, 20 ildən bəridir ki, aparılan sülh danışıqları vasitəçilərin passiv mövqeyi və Ermənistanın destruktiv yanaşması ucbatından hələ də heç bir nəticə verməyib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli ilə deyil, onun uzadılması ilə məşğuldur: "Təəssüflər olsun ki, Azərbaycan hələ də torpaqlarının işğal günlərinin qeyd edilməsinə məhkumdur. Təəssüf ki, hələ də Dağlıq Qarabağ probleminin həllində sülhə, irəliləyişə nail olunmayıb. Problemin həll olunmamasının hesabını artıq yaradılmasının 20 ili tamam olacaq ATƏT-in Minsk qrupundan da tələb etmək lazımdır. Azərbaycan xalqı və vətəndaşlarının tam haqqı var ki, ATƏT-in Minsk qrupundan niyə bu məsələnin həllində irəliləyişin olmamasının hesabını soruşsun".
Millət vəkili deyib ki, Minsk qrupunun bəzi üzvlərinin açıq şəkildə ermənipərəst mövqe sərgiləmədəri təəssüf doğurur: "Artıq elə həmsədr diplomatlar peyda olub ki, onlar ən azından görüntü xatirinə də olsa, bitərəfliyini qorumaq əvəzinə, tam şəkildə erməni maraqlarını müdafiə edən mövqe sərgiləyirlər. Söhbət ABŞ-dan olan həmsədr Ceyms Uorlikdən gedir".
Şura sədri hesab edir ki, Azərbaycanın xarici işlər nazirinin müavininin bu məsələ ilə bağlı ortaya qoyduğu mövqe haqlıdır və ABŞ buna öz münasibətini rəsmi şəkildə bildirməlidir. Azay Quliyev bu günlərdə xarici işlər nazirinin müavini Araz Əzimovun amerikalı həmsədr Ceyms Uorlikin Minsk qrupundan uzaqlaşdırılması barədə məsələnin qaldırılmasının mümkünlüyü ilə bağlı dediklərin dəstək verib: "Uorlik həmsədr kimi vəzifəsindən uzaqlaşdırılmalıdır. ABŞ buna münasibət bildirməlidir. Ən azından bizim heysiyyatımızla oynayan və bizim problemimizə laqeyd yanaşan bir diplomatı görmək istəmirik. Bu, çox haqlı mövqedir. ABŞ səfirliyi bu yanaşma ilə razı deyil, amma biz də ABŞ-ın yanaşması ilə razı deyilik. Ən azından bu şəxs erməniləri açıq şəkildə müdafiə edən bəyanatlarından və ya mövqeyindən əl çəkməlidir".
Sonra 2 ildir başlanmış "Şuşaya azadlıq!" beynəlxalq kampaniyası çərçivəsində hazırlanan, 22 dildə Şuşanın işğaldan azad edilməsinə çağırışların səsləndiyi videoçarx nümayiş etdirilib.
A.Quliyev qeyd edib ki, kampaniyanın məqsədi dünyaya Şuşa ilə bağlı dolğun və obyektiv informasiyaların çatdırılması, dünya ictimaiyyətinin məsələnin mahiyyətindən xəbərdar olmasının təmin edilməsidir.
Tədbirdə çıxış edən "Şuşaya azadlıq!" videoçarxının hazırlanması üzrə işçi qrupun üzvü, "qhtxeber.az" saytının baş redaktoru Sənan Nəcəfov filmin əhəmiyyəti barədə danışıb. O bildirib ki, kampaniya çərçivəsində bu filmin internet vasitəsilə geniş miqyasda yayılması, 5 dildə "Şuşaya azadlıq" saytının yaradılması, eləcə də bir neçə ölkədə aksiyaların keçirilməsi nəzərdə tutulur: "İnformasiya müharibəsinin əsas məqsədi qarşı tərəfi səhv addım atmağa sövq edərək siyasi, hərbi, iqtisadi, psixoloji və sosioloji sahələrdə qələbə qazanmaq, rəqibdən üstün olmaqdır. Öz istəklərini həyata keçirmək məqsədi ilə mübarizə aparan tərəflər bir-birilərinin informasiya və intellektual sahələrinə təsir göstərə biləcək hər bir vasitələrdən istifadə edirlər".
Çıxışçı müharibə şəraitində yaşayan və 20 faiz torpaqları təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan kimi dövlət üçün informasiya müharibəsinin daha böyük əhəmiyyət kəsb etdiyini də diqqətə çatdırdı: "Mövzunun əhəmiyyəti və qarşı tərəfin imkan və səyləri də nəzərə alınaraq bu işlər peşəkar səviyyədə aparılmalıdır. Prosesdə reklam, təbliğat, ictimaiyyətlə əlaqələr, informasiya, lobbiçilik və digər təqdimat vasitələrindən peşəkar şəkildə istifadə edilməsi şərtdir. Siyasi, hüquqi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə strateji planlama və strateji idarəetmə modelinə sahib yaxşı təşkilatlanma vacibdir. Bununla yanaşı, keçirilən tədbirlərin təsirinin azaldılması məqsədilə düşmən tərəfin aparacağı əks təbliğatlara da hazırlıqlı olmaq lazımdır".
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova Şuşanın işğalı ilə bağlı Avropanın ayrı-ayrı ölkələrində bəyanatlar yayılacağını, təbliğati xarakterli digər tədbirlər keçiriləcəyini bildirib.
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli isə çıxışında "Şuşaya azadlıq!" kampaniyasının da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası kimi səmərəli olacağına ümid etdiyini bildirib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev isə çıxışında bildirib ki, dövlətin xüsusi nəzarəti və yanaşması olmadan kimsə xalq diplomatiyası ilə bağlı heç bir addım atmamalıdır. Onun sözlərinə görə, məsələyə "mən erməni ilə dostluq edirəm", "mən erməni ilə ünsiyyətdə olacağam", "mən erməni ilə xalq diplomatiyası qururam" fikri ilə yanaşma Azərbaycanın bu gününə və gəcələyinə ziyan verəcək böyük bir zərbədir: "Xalq diplomatiyası vacib haldır. Dağlıq Qarabağın Azərbaycanlı İcması da Dağlıq Qarabağın erməni icması ilə görüşlərə nail olmaq istəyir. Nəyə görə? Ona görə ki, dünya ictimaiyyəti və Dağlıq Qarabağ erməniləri başa düşməli, görməlidirlər ki, Dağlıq Qarabağdakı hazırkı rejim sadəcə bir icmadır. Bu heç də dövlət və ya bir qurum deyil. Dağlıq Qarabağın erməni icmasının sədri ilə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri bir araya gəlməlidir. Bizim heç bir şübhəmiz yoxdur ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq və hər iki icma Azərbaycanın tərkibində, Dağlıq Qarabağda yaşayacaq. Bu icmalar öz aralarında ünsiyyət forması tapa bilsələr, bəlkə də böyük sülh müqaviləsinə öz töhfələrini verə bilərlər".
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının bu istiqamətdə işini davam etdirdiyini vurğulayan millət vəkili qarşı tərəfdən də belə mövqedə olan insanların tapıla biləcəyinə inandığını deyib: "Hərçənd, indiki rəhbərliyin konstruktiv mövqeyə gəlməsi çətin məsələdir. Ona görə ki, onlar bu işğalın birbaşa iştirakçısıdırlar, cinayətkardırlar və vaxt gələcək, onlar Azərbaycan qanunları ilə məsuliyyətə cəlb ediləcəklər".
Rövşən Rzayev hesab edir ki, xalq diplomatiyası istiqaməti Azərbaycan üçün çox önəmlidir, lakin bu sahədə özfəaliyyətçilik yolverilməzdir və dövlətimizə böyük ziyan vura bilər: "Məsələn, Leyla Yunus və başqalarının özfəaliyyəti, onların bilmədən qarşı tərəfin xüsusi xidmət orqanlarının əməkdaşları ilə işləməsi, xalq diplomatiyası adı altında müxtəlif qrantların yeyilməsi yolverilməzdir. Bilirəm ki, bu vəsaitlər hansı mənbədən əldə olunur. Bu kimi hallar işimizə, Azərbaycanın siyasətinə, onun ən böyük probleminin həllinə maneçilik törədir".
Təbdirdə millət vəkili Qənirə Paşayeva da çıxış edərək, kampaniya çərçivəsində beynəlxalq təşkilatlara da müraciət və çağırışlar ünvanlamağa çağırıb: ""Şuşaya azadlıq!" videoçarxı bütün dünyada geniş şəkildə yayımlanmalıdır. Bəzi beynəlxalq təşkilatlar Dağlıq Qarabağ probleminə məqsədli şəkildə laqeydlik nümayiş etdirir".

TURQUT