Nalbandyanın İran səfəri... Siyasət

Nalbandyanın İran səfəri...

Elşən Həsənov: "Daha çox ABŞ, Avropa, Rusiya arasında olan münasibətlərdə İranın hansı mövqe nümayiş etdirəcəyi məsələləri ilə bağlı olan məsləhətləşmələrdən ibarət olacaq"
Elxan Şahinoğlu: "Ermənistan xarici işlər nazirinin Tehrana dərhal dəvət olunması İran hakimiyyətinin Azərbaycanla münasibətləri istiləşməsinə barmaqarası baxmasının göstəricididir"
Əli Orucov: "Bu yaxınlaşmanın Ermənstanın narhatçılığına səbəb olması da təbiidir"

Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Tehrana gedib. Ermənistan xarici işlər naziri İranın xarici işlər naziri ilə görüşdükdən sonra Həsən Ruhani ilə də görüşüb və Ermənistan prezidentinin məktubunu çatdırıb. Ermənistan rəsmisi Tehrana səfəri çərçivəsində İranın digər rəsmiləri ilə də görüş keçirəcək.
İranın Azərbaycanla münasibətlərində nəzərə çarpan yumşalma Ermənistanın narahatlığına səbəb olub. Bundan sonrakı proseslər necə olacaq?
Bəzi ekspertlər hesab edirlər ki, əslində İranın Qərbə yaxınlaşması və Ukrayna hadisələri fonunda bu səfər gözlənilən idi. Ermənistan Qərbin ilkin sanksiyalarından sonra artıq iqtisadi geriliyin müşahidə olunduğu Rusiyadan sonra yeganə çıxış yolunun İranla münasibətlərdə olduğunu göstərir.
İranın Qərbə yaxınlaşması və Ukrayna hadisələrindən sonra İrəvanı qorxudan daha bir məsələ var: Azərbaycan-İran münasibətləri. Ötən ay Azərbaycan prezidenti İlham Əliyev, daha sonra müdafiə naziri Zakir Həsənov Terhana səfər etdi. Və kifayət qədər müsbət mesajlar səsləndirildi. İlham Əliyevin Tehrana səfəri zamanı İran prezidenti regionda sərhədlərin dəyişdirilməsinin yolverilməz olduğunu bildirdi. Düzdür, ilk baxışda bunu diplomatik bir bəyanat kimi qəbul etmək olar. Amma ermənilər İran prezidentinin bu bəyanatını yalnız diplomatiya xatirinə verilmiş bir bəyanat kimi qəbul etmir. Məsələn, Ermənistanın "Lragir" qəzeti hesab edir ki, regional layihələr daha da konkretlik qazanarsa, Həsən Ruhaninin Bakıdakı bəyanatları konkretlik əldə edə bilər. Və aydın şəkildə danışa bilər ki, məhz hansı sərhədlərin dəyişilməzliyi haqqında danışır.
Erməni nəşrinin bəhs etdiyi layihələr hansılardır? Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin də yaxın vaxtlarda Bakıya səfəri nəzərdə tutulur. Səfər zamanı İranın "Cənub dəhlizi" qaz kəmərinə birləşməsi müzakirə ediləcək. Artıq bu məsələnin Azərbaycan dövlət başçısının İrana səfərində də müzakirə olunduğu deyilir. Bundan başqa Rusiyanın energetika naziri bu yaxınlarda İranda olub. KİV-in məlumatına görə, Rusiya elektrik enerjisinin İrana ixracı, həmçinin İran, Rusiya və Azərbaycanın elektrik enerjisi sistemlərinin birləşdirilməsi müzakirə olunub.
İran və Qərb arasında nüvə məsələsində yekun razılaşma imzalandıqdan sonra gündəlikdə duran birinci məsələ İran təbii qazının Avropa bazarına çıxarılması olacaq. Önə çıxan marşrutlardan biri və bəlkə də ən əlverişlilərdən biri Azərbaycan vasitəsilə İran qazının Avropaya daşınmasıdır. Ermənistan çoxdandır ki, İran qazının məhz onun ərazisi ilə daşınmasına iddia edir və əlverişli olduğunu bildirir.
Ermənilər hesab edir ki, ölkənin hazırkı çətin vəziyyətdən çıxarılması üçün İranla münasibətlər böyük əhəmiyyət daşıyır: "İranın yeni hakimiyyəti də bunu istəyir. Əlverişli geosiyasi vəziyyət də buna imkan yaradır. İran-ABŞ münasibətlərində dəyişikliklər baş verir, faktiki olaraq beynəlxalq səhnədə İranın yeni statusu formalaşır. İrana tədricən Qərb partnyor kimi baxmağa başlayırlar. Xüsusilə, regionda İran və Türkiyə arasındakı rəqabəti, həmçinin Xəzər dənizinin yeraltı sərvətləri uğrunda İran-Azərbaycan qarşıdurmasını nəzərə almaq lazımdır. Nəzərə alsaq ki, İran-İraq-Suriya marşrutu da ən yaxın illərdə təhlükəli marşrut olaraq qalacaq, o halda İran üçün Ermənistan ən əlverişli tranzit ölkədir. Birmənalı şəkildə bundan istifadə etmək lazımdır. Yalnız bu yolla İran qaz kəmərinin tranziti hesabına qaz tariflərini azaltmaq və Ermənistanın təhlükəsizliyini təmin etmək olar. Ermənistan üçün yalnız bu yol qalıb. Ondan istifadə edilməyəcəyi halda Ermənistan regionun bütün iqtisadi və siyasi təşəbbüslərdən kənarda qalacaq, təcrid güclənəcək, müstəqilliyin itkisi dərinləşəcək".
Düzdür, geosiyasi müstəvidə baş verən son dəyişikliklərdən sonra Ermənistan üçün yeganə yol İranadır. Amma məsələnin bir başqa tərəfi var.
Ermənistan Avropa ilə assosiativ sazişdən imtina edərək Rusiyanın xeyrinə seçim edib. İrəvan Qərb qarşısında işlətdiyi bu "günah"ı BMT Baş Assambleyasında Ukrayna qətnaməsinin müzakirəsi zamanı yuya bilərdi. Amma bunu etmək də onun özü əlində deyildi. Ermənistan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin əleyhinə səs verməklə birmənalı olaraq Rusiya cəbhəsində yer aldığını və beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik etdiyini göstərdi.
Yeri gəlmişkən, Ermənistan xarici işlər naziri prezident Serj Sarkisyanın məktubunu İran prezidenti Ruhaniyə çatdıracaq. Məktubun məzmunu haqqında fikir söyləmək çətin olsa da, ehtimal etmək olar ki, Ermənistanın son geosiyasi proseslərdən sonra düşdüyü daha ağır vəziyyətdən çıxmaq cəhdlərinə İranın yardım etməsi xahiş edilir. Ermənistanı ağır vəziyyətdən çıxarmaq yalnız İranın istəyi ilə bağlıdır? Əlbəttə ki, yox.
Birincisi, Gömrük Şurası ətrafında baş verən proseslər və Ukrayna hadisələrindən sonra Azərbaycan özünü Qərbin gözündə daha etibarlı, Ermənistan isə daha etibarsız ölkə kimi göstərdi. Əgər, İrəvan ümid edirsə ki, İran qazını Avropaya daşıyacaq kəmər Ermənistandan keçə bilər, yanılır. Ən azından ona görə ki, Ermənistan tamamilə Rusiyanın nəzarətindədir, deməli Qərbə təbii qaz daşıyacaq kəmər də bu nəzarətdən kənarda olmayacaq. Bu vəziyyət isə Qərbi qətiyyən qane etmir. İran isə təktərəfli olaraq sözügedən kəmərlərin marşrutunu müəyyənləşdirə bilməyəcək.
İkincisi, Rusiya razılaşmaz ki, Ermənistan təbii qazın tranzitindən əlavə qazanc əldə etsin. Moskvada belə hesab edirlər ki, İrəvan daha çox ondan asılı olmalı, daha çox onun əlinə baxmalıdır.
Ücüncüsü, İranının indiki rəhbərliyi Azərbaycanla Mahmud Əhmədinejad dövründə soyuqlaşan münasibətləri qaydaya salmaq istəyini açıq şəkildə büruzə verir. Tehran İran-Ermənistan münasibətlərinin yaxınlığından da rəsmi Bakının narahatlığını qəbul edir. Belə bir vəziyyətdə İranın Ermənistanı çox da yaxına buraxması inandırıcı görünmür.
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov hesab edir ki, İranla-Azərbaycan arasında münasibətlər üzdən göründüyü kimi heç də yumşalma məcrasında cərəyan eləmir: "Bu ilk baxışdan belədir. Azərbaycanın müstəqil dövlət olaraq mövcud olmasını İran tərəfi həmişə bir təhlükə olaraq qəbul edib. İran ən yaxşı halda Azərbaycanı Rusiyanın qucağına itələmək, ən pis halda isə öz tərkibində görmək istərdi. İranın Ermənistanla dostluğunun da öz səbəbləri var. Birincisi düşmən olaraq Azərbaycana qarşı bu dövlətdən istifadə, ikincisi dünyada güclü dayaqları olan erməni lobbisinin köməyindən faydalanma. Halbandyanın İrana səfəri heç də Azərbaycanla İranın sıcaqlaşan münasibətlərinin qorxusundan deyil, daha çox ABŞ, Avropa, Rusiya arasında olan münasibətlərdə İranın hansı mövqe nümayiş etdirəcəyi məsələləri ilə bağlı olan məsləhətləşmələrdən ibarət olacaq".
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vurğuladı ki, İran-Azərbaycan münasibətlərində yumşalma müşahidə olunmur: "Əksinə, Azərbaycan prezidenti Tehrandan geri qayıdan kimi iranlı hərbçilər və mollalar yenidən daxili işlərimizə qarışaraq bizə şərt qoydular ki, İsraillə münasibətlərimizə göz gəzdirək. Hansı dövlətlə necə əlaqə quracağımız Azərbaycanın daxili işidir. Ermənistan xarici işlər nazirinin Tehrana dərhal dəvət olunması da İran hakimiyyətinin Azərbaycanla münasibətləri istiləşməsinə barmaqarası baxmasının göstəricididir".
Azərbaycan Milli İmstiqlal Partiyasının (AMİP) funksioneri, siyasi ekspert Əli Orucov diqqətə çatdırdı ki, Azərbaycnanın öz qonşuları ilə normal münasibət saxlaması vacibdir: "Nəzərə almaq lazımdır ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan strateli bölgə olduğu kimi, həm də qeyri-sabitliyi ilə seçilir. Üstəlik də qonşularımızın heç də hamısı bizim müstəqilliyimizi ürəkdən istəmir. Bu baxımdan da hesab edirəm ki, İranla da yaşanan gərginliyi aradan qaldırmaq lazımdır. Doğrudur, iqtidarın İrana qarşı yumşalması beynəlxalq aləmin rəsmi Tehranla mülayim davranışlarının təsiri ilədir. Qərbin münasibəti dəyişdiyindən Bakı da münasibətini dəyişir. İranla əlaqələrin genişləndiriliməsi dövlət maraqlarımıza ziyan gətirməz. Bu yaxınlaşma Ermənstanın narhatçılığına səbəb olması da təbiidir. Çünki bu regionda gərginliyin azaldılmasına və normal qonşluğun yaranmasına gətirib çıxara bilər ki, bu da Ermənistana, onun havadarlarına sərf etmir. Həmin qüvvələr maraqlıdır ki, bu regoinda təhlükə mənbəyi, qeyri-stabillik qalsın".

Əli