“200-dən çox təşkilat prezidentə müraciət edib” Siyasət

“200-dən çox təşkilat prezidentə müraciət edib”

Mirhəsən Seyidov: "Təklif olunan qanun layihələri Azərbaycanda maliyyə bazarlarının vəziyyətinin yaxşılaşdırılmasına deyil, birbaşa maliyyə bazarlarına nəzarət orqanın səlahiyyətlərinin artırılmasına xidmət edir"

"Bir il müddətində Azərbaycanda fəaliyyət göstərən Maliyyə Bazarlarına Nəzarət Palatası indiyədək Milli Məclisdə qaldırılması üçün bir neçə qanun layihəsi ilə çıxış edib. Təəssüf ki, hazırlanmış qanun layihələrinin mahiyyəti yaxşı səslənsə də, qanun layihələrin tətbiqində iştirak edəcək hazır cəmiyyət formalaşmayıb".
Bunu "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib. O bildirib ki, təklif olunan qanun layihələrinin bir çox böyük əksəriyyəti Azərbaycanda olan digər qanunvericilik aktlarına ziddiyyət təşkil edir. Bu, onun göstəricisidir ki, təklif olunan qanun layihələri Azərbaycanda maliyyə bazarlarının vəziyyətinin yaxşılaşdırılmasına deyil, birbaşa maliyyə bazarlarına nəzarət orqanın səlahiyyətlərinin artırılmasına xidmət edir.
""Nağdsız hesablaşmalar haqqında" qanunun 3.4 və 3.5- ci maddələrinin implementasiyasına dair 04/15-174 nömrəli tərəfindən verilən daxili qərarla banklar qanunun tələblərini ciddi şəkildə pozur. Azərbaycanda vətəndaş cəmiyyəti institutları arasında 3000-dən artıq fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətinin müəyyən daxili qərarlar əsnasında sıxışdırılması və qanun tələblərinin doğru icra olunmaması fəaliyyətdə olan təşkilatların həyata keçirilməkdə olan layihələrinə və bilavasitə öhdəliklərinə ciddi problemlər yaratmaqdadır. Qanun layihəsinin icrasına tələsməkdə olan bəzi banklar MBNP-nın daxili qərarı ilə "Qeyri-hökumət təşkilatları haqqında", "Qrant haqqında" və s. qanunların müddəalarının tələblərini pozmaqdadır. Azərbaycanda daima vətəndaş cəmiyyəti institutları bilavasitə QHT və Gənclər təşkilatları bütün proseslərdə yaxından iştirak edib, Azərbaycan dövlətinin maraqlarının qorunmasında, gənclərin inkişafında əvəzsiz və aparıcı rola malik olub" deyə birlik sədri əlavə edib.
Onun fikrincə, aparılan ideoloji işlərin, vətəndaş cəmiyyəti institutları tərəfindən atılan addımların, gənclərin birbaşa inkişafına yönəlmiş layihələrin icrasında Azərbaycanda cəmi 2 donor rolunda çıxış edən təşkilat mövcuddur. Hər iki təşkilat prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılıb və onun yanında fəaliyyət göstərən fonddur: "Ümumilikdə maliyyələşdirilən layihələrin məbləğinin miqdarı il ərzində 6 milyon manatı keçməyən hər iki fond işini tam şəffaf şəkildə həyata keçirməyə və zərurət yaradan layihələrin maliyyələşdirilməsinə çalışır. Gənclər Təşkilatları və QHT-in fəaliyyətini bilavasitə daha da stimullaşdırmağa çalışır. Amma görünən odur ki, banklara daxili şəkildə göstəriş verən şəxslər, qanunun aliliyini qorumağı bacarmayan şəxslər bu təşəbbüsə birbaşa qarşı çıxır. Vətəndaş cəmiyyəti institutlarının işini əngələ salmağa cəhd edir. Məlumat üçün qeyd etmək istərdim ki, keçirilən layihələrin və görülən layihələrin ana məqsədində azərbaycançılıq məfkurəsi dayanır. Bütün qeyd olunan istiqamətlər birbaşa buna xidmət edir".
Mirhəsən Seyidovun sözlərinə görə, görünür, qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı səsləndirilən fikirlər, bir neçə deputatın qanunda boşluqların olduğuna dair sözləri, gün ərzində QHT sədlərinin verdiyi bəyanatlar MBNP-nın mətbuat xidmətinin nəzərindən işlərinin çox olması səbəbindən yayınıb: "Məhz bu səbəbdən, hələ də bu günə kimi banklara xüsusi tapşırıqlar verməyə, təzyiq göstərməyə, qanuna qarşı çıxmağa çalışır. Daxili emaillərlə, bank rəhbərlərini palataya toplamaqla tapşırıqlar verən MNBP-sı birbaşa Gənclər Təşkilatlarının gördüyü işə əngəl yaratdığı üçün 200-dən çox gənclər təşkilatları və QHT-lər adından Prezident İlham Əliyevə birbaşa müraciət ünvanlamışıq. Həmin müraciətin bir nümunəsi də Palataya göndərilib.
Azərbaycanda fəaliyyət göstərən QHT-in qeyri kommersiya təşkilatı olduğunu, bütün qeyri-kommersiya fəaliyyəti ilə vergi ödəmələrindən azad olduğunu, əsas məqsədinin gəlir əldə etmək olmadığını, əvəzi ödənilməyən dövlət maliyyəsi əsnasında bağlanılmış qrant müqavilələri və xidməti müqavilələrinin kommersiya məqsədi olmadığını unudan banklara verilən daxili tapşırıqlara görə fondlar tərəfindən maliyyələşdirilən layihələrin icrasında çox ciddi gecikmələr və problemlər yaşanmaqdadır. Məlumat üçün qeyd edim ki, bütün layihələr fondlar tərəfindən müsabiqə qalibi olduqdan dərhal sonra dövlət qeydiyyatında alınması üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən bildiriş əsnasında banklarda əməliyyat edə bilirlər. Verilən qərar isə bu bildirişlərin artıq təsdiqedici sənəd olmadığını sübut edir".