“Zaxarovanın davranışı diplomatik etiketlərə ziddir” Siyasət

“Zaxarovanın davranışı diplomatik etiketlərə ziddir”

"Son günlər Azərbaycan ictimaiyyətində ən çox müzakirə edilən məsələlərdən biri də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bizim jurnalistlərimizi təhqir etməsidir. O, azərbaycanlı jurnalistin Dilqəm Əsgərovla bağlı sualından hiddətləndi".
Bunu Milli Məclisin iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib. O qeyd edib ki, Mariya Zaxarovanın bu cür davranışı diplomatik etiketlərə ziddir və qeyri-peşəkarlıqdır:
"Mən təklif edirəm ki, Milli Məclis də bu cür məsələlərə baxmalıdır".
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın keçirdiyi brifinqdə azərbaycanlı jurnalisti təhqir etməsi sosial şəbəkələrdə ciddi qınaq obyektinə çevrilib. Həm media nümayəndələri, həm də ekspertlər azərbaycanlı jurnalistləri "xam" adlandıran Zaxarovanın hərəkətinin onun təmsil etdiyi rəsmi posta uyğun olmadığını vurğulayıblar.