“ÜAK-ın ləğvi simmetrik addımların atılmasına gətirib çıxaracaq” Siyasət

“ÜAK-ın ləğvi simmetrik addımların atılmasına gətirib çıxaracaq”

"Bu gün Rusiya-Azərbaycan münasibətləri həqiqətən yüksələn xətt üzrə inkişaf edir. Ölkələr arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bütün sahələr üzrə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri qurulub. İndi belə bir məqamda bu münasibətlərə xələl gətirmək üçün gündəmə arzuolunmaz mövzuları kim atır, maraqlıdır".
Milli QHT Forumunun prezidenti Rauf Zeyni belə deyib. O bildirib ki, Azərbaycan Rusiya ilə münasibətlərin strateji xarakter daşıdığını həmişə bəyan edib, ticarət-iqtisadi, siyasi əlaqələrin daha da sıxlaşmasında maraqlı olub: "Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri qurulub və qarşılıqlı dəstək ruhu hökm sürüb. O cümlədən, Ümumrusiya Azərbaycanlıları Konqresi ölkənin ictimai-siyasi həyatında ən aktiv rol oynayan təşkilatlardan olub. Ümumiyyətlə, azərbaycanlılar Rusiyanın həyatında aktiv rol oynayır. İndi yəqin ki, iki ölkə arasında münasibətlərin inkişafını istəməyən qüvvələr Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi məsələsini ortaya atıblar". .
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də hazırda Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etdiyini söyləyib. O qeyd edib ki, azərbaycanlıların Moskvadan gözləntisi Qarabağ məsələsinin tezliklə həllidir: "Bu gözləntilərin əksinə olaraq Rusiyadakı ən böyük Azərbaycan təşkilatı olan Ümumrusiya Azərbaycanlılar Konqresinin ləğvi cəhdləri Ermənistana hərbi yardımın artırılması fonunda Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına kölgə salır. Azərbaycandakı rus icması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT-lər Rusiya hökumətini düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırır. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinin ruhuna nəinki uyğun deyil, əksinə, ziddir. Mən əminəm ki, sonda məhkəmə prezident Vladimir Putinin strateji tərəfdaş kimi qəbul etdiyi Azərbaycanın maraqlarına zidd qərar verməyəcək. Əgər verilərsə, o zaman vətəndaş cəmiyyəti olaraq, biz də lazımı çağırışlar edib, addımlar atacağıq. Mən istisna etmirəm ki, ÜAK-ın sənələrində hansısa hüquqi çatışmazlıqlar var. Hər bir təşkilatın sənədlərində çatışmazlıqlar axtarsaq, tapmaq olar. Bizdə də rus icması, Rusiya Mədəniyyət Mərkəzi var və biz onlara ən yüksək şəraiti yaratmışıq. Əminəm ki, məhkəmə bütün bunları nəzərə alıb, sonda ədalətli qərar qəbul edəcək. Əks halda, ÜAK-ın ləğvi Azərbaycan tərəfindən simmetrik addımların atılmasına gətirib çıxaracaq".
Milli Məclisin İnsan Hüquqları Komitəsinin üsvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Federasiyasında yaşayan azərbaycanlıların çox yaxşı təşkilatlanmış bir formasıdır və iki xalqın ümumi maraqlarının təmin olunması istiqamətində fəaliyyət göstərir: "Amma eyni zamanda bu təşkilat Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi həyatında çox fəal rol oynayan bir təşkilatdır. Düşünürəm ki, Rusiya Federasiyasında Ümumrusiya Azərbaycanlıları Konqresi kimi iki ölkənin əməkdaşlığının gücləndirilməsi istiqamətində ikinci bir əhəmiyyətli ictimai təşkilat yoxdur".
Hikmət Babaoğlu qeyd edib ki, Rusiya-Azərbaycan münasibətlərinin hazırkı yüksək səviyyəli strateji əməkdaşlıq münasibətlərində olduğu bir dövrdə təşkilatın bağlanmasının gündəmə gətirilməsi Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyən ayrı-ayrı mərkəzlərin məqsədi, hədəfidir: "Düşünürəm ki, Rusiya hökuməti, ədliyyə, hüquq sistemi bunun baş tutmasına imkan verməyəcəklər. Çünki bu təşkilat Rusiya ilə Azərbaycan arasında həm də mədəni körpü rolunu oynayır. Ordakı Azərbaycan diasporunun nümayəndələri hər biri Azərbaycanın qeyri-rəsmi elçiləridir. Onların hər biri Rusiya-Azərbaycan münasibətlərinə töhfə veriblər. Ona görə də mən düşünürəm ki, Rusiya ədliyyə sistemi rasional düşünərək doğru qərar qəbul edəcək və bu təşkilatın bağlanmasına izn verməyəcək".
Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov qənaətinə görə, Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsində xüsusi fəallıq göstərən müəyyən anti-Azərbaycan qüvvələr var: "Bu məsələlərin arxasında həmin qüvvələrin maraqları durur".
Onun sözlərinə görə, bu qüvvələrin məqsədi Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməkdir: "Onlar iki dövlət arasındakı bu munasibətləri zədələmək məqsədi güdürlər. Burada həmçinin erməni lobbisinin fəaliyyətini də danmaq olmaz. Onlar anti-Azərbaycan qüvvələri ilə birləşərək Konqresin ləğvi ilə bağlı məsələni ortaya qoyublar. Həm Azərbaycan ictimaiyyəti, həm də Rusiya icması bu məsələdə mövqeyini bildirib. Rusiyada yaşayan azərbaycanlılar daim bu ölkənin inkişafına öz töhfələrini veriblər. Həmçinin xalqlarımız arasında əlaqələrin güclənməsi, iqtisadi, ticarət, siyasi, humunitar sahədə münasibətlərin inkişafına dəstək verirlər. Azərbaycanda rus icması, rusdilli əhaliyə olan münasibət, rusdilli məktəblərin sayı, rus mədəniyyətinin qorunub saxlanması kimi məsələlər hər zaman xüsusi diqqət mərkəzində olub. Bu mənada qərar həm Rusiyada yaşayan azərbaycanlılar və Azərbaycan ictimaiyyətini narahat edir".
Elçin Əhmədov onu da vurğulayıb ki, hər bir təşkilatın fəaliyyətində qüsur tapmaq olar, lakin Ümumrusiya Azərbaycanlıları Konqresi heç zaman nə Rusiya Federasiyasının qanunları, nə də milli maraqlarına zidd addım atmayıb. Əksinə bu ölkənin maraqlarını hər zaman yüksək tutub, müdafiə edib: "Bütün bunlara baxmayaraq bəzi qüvvələr Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsinə israrla cəhd göstərir. Lakin bu qərar ikitərəfli münasibətlərə ciddi xələl gətirir. Bu cür təşəbbüslər Rusiyada milli və etnik azlıqlarla bağlı prinsiplərlə də ziddiyyət təşkil edir. Həm Azərbaycan ictimaiyyəti, həm də dünya azərbaycanlıları Rusiya Federasiyasının Ali Məhkəməsinin bu məsələ ilə bağlı ədalətli qərar verəcəyinə, hər zaman Azərbaycan-Rusiya arasında olan iqtisadi, siyasi, strateji tərəfdaşlığın qorunacağına inanır. Bir faktı da unutmamalıyıq ki, Rusiya Azərbaycanla strateji tərəfdaş, qonşu olmaqla yanaşı, həm də Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında vasitəçi dövlətdir. Azərbaycan da bu vasitəçiliyi hər zaman yüksək qiymətləndirir. İnanırıq ki, sonda sağlam qüvvələr bu qərarla bağlı öz sözlərini deyəcəklər, şübhəsiz Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresi barədə qərarına obyektiv, ədalətli qiymət veriləcək və qərar qəbul edilməyəcək".