“Bizə aşılamaq istəyirlər ki, guya Rusiya Azərbaycanın həqiqi dostudur” Siyasət

“Bizə aşılamaq istəyirlər ki, guya Rusiya Azərbaycanın həqiqi dostudur”

Elxan Şahinoğlu: "Bu, Azərbaycan cəmiyyətinin Rusiyaya inamının artmasına hesablanmış dezinformasiyadır"

Ermənistan mediasında Rusiyanın dəstəyi ilə Qarabağın Azərbaycana qaytarılacağı ilə bağlı informasiyalar yayılır. Bunun təsadüfi olmadığını hesab edən ekspertlərin məsələyə münasibəti birmənalı deyil.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Ermənistan saytlarının xəbərlərinə ehtiyatla yanaşmaq lazımdır: "İndi də baxıram ki, əksər saytlarımızda Ermənistanın hansısa saytına istinadən belə xəbər yayılıb ki, guya Rusiya erməni maraqlarını düşünmür, rus agentlər Dağlıq Qarabağa gedərək bölgənin Azərbaycana qaytarılması ilə bağlı təbliğat aparırlar. Artıq sübh tezdən mənə bu mövzuda zənglər edib, rəyimi soruşurlar. Mən erməni dezinformasiya maşınının aləti olmaq istəmirəm. Rusiyanın münaqişənin ədalətli həllini sürətləndirəcəyi və Dağlıq Qarabağı Azərbaycana qaytaracağının hər hansı bir əlamətini müşahidə edirsinizmi? Varsa, bizim niyə xəbərimiz yoxdur?"
Politoloq daha sonra qeyd edib ki, bunun əksi baş verir: "Belədirsə, biz niyə Ermənistandan Azərbaycanın informasiya məkanına ötürülən dezinformasiyalara inanıb bunun əsasında yanlış nəticələr çıxarmalıyıq? Bu dezinformasiya həm işğalçı Ermənistanın, həm də Rusiyanın maraqlarına xidmət edir. Bizə aşılamaq istəyirlər ki, guya Rusiya Azərbaycanın həqiqi dostudur və Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etməyə hazırlaşır. Bu, Azərbaycan cəmiyyətinin rahatlanmasına və Rusiyaya inamının artmasına hesablanmış dezinformasiyadır. Etiraf edirəm ki, erməni dezinformasiya maşını yaxşı işləyir, nadir hallarda olar ki, Ermənistanda bizim onlara ötürdüyümüz informasiyanı müzakirə etsinlər".
Politoloq Tofiq Abbasov isə hesab edir ki, Ermənistan Qarabağ məsələsində hər zaman təşvişdədir: "Ermənistan bilir ki, əvvəl-axır işğal etdiyi torpaqları geri qaytarmalıdır. Öz xoşuyla, sabit atmosferdə olmasa belə biz onsuz da istədiyimiz qaydada torpaqlarımızı geri alacağıq. Ermənistan mediasında bu kimi xəbərlər, təşviş doğuran məlumatlar vaxtaşırı dərc olunur. Ermənilər bu "feyk" məlumatları yaymaqla özlərini sığortalama mexnizmlərini bir növ lazımi rejimdə saxlamağa cəhd göstərirlər. Hələ ki, Qarabağ probleminin ətrafında gedən siyasi prosesdə elə də ciddi tərpəniş yoxdur. Düzdür, Moskva üçlük çərçivəsində, Minsk qrupunun formatında əsas prinsipləri əsas götürməklə həm Vaşinqtonu, həm də Fransanı məlumatlandırır ki, coğrafi baxımdan münaqişə bölgəsinə yaxın olduğundan bu prosesdə liderliyi onların razılığı ilə həyata keçirir və keçirməyə hazırdır. Həm Vaşinqton, həm də Fransa bu məsələyə öz münasibətini pozitiv formada bildirir. Burada "Lavrov planı" deyilən bir məqam var, güya əvvəlcə Dağlıq Qarabağ ətrafında olan 5 rayon Azərbaycana qayıtmalıdır, daha sonra iki rayonla bağlı da danışıqlar prosesi davam edərək məntiqi nəticəni hasil etməlidir. Ancaq hələ ki, Lavrovun planının işə düşməsi üçün münasib zəmin yoxdur, ancaq söhbətlər var, müzakirələr qapalı şəkildə gedir, əməli təkanverici məqam üzə çıxmır. Təbbi ki, bu məsələ Rusiya rəhbərliyinin diqqət mərkəzindədir. Ayın 15-də Rusiya prezidenti Vladimir Putin yenə də vətəndaşlarla birbaşa müsahibəyə çıxacaq. Əminəm ki, orada Qarabağ məsələsi ilə bağlı suallar da olacaq və Putin də həmin sualları cavablandıracaq".
Politoloq onu da vurğulayıb ki, ermənilər hələ ki, Qarabağ probleminin həllinə heç bir kömək etmirlər, ancaq maneələr törədirlər: "Ermənistanın qayəsi, fikri ondan ibarətdir ki, nəyin bahasına olursa-olsun bu məsələni süründürsünlər. Yəni konkret danışıqlara gedilməsin, çünki bu yolla qoşunlarını Azərbaycan ərazisindən çıxarmaqdan boyun qaçırır. Ermənistan xəyallarda elə fikirlərə qapılır ki, güya Azərbaycan prosesin asılı vəziyyətə salınmasından yorularaq torpaqlarından imtina edə bilər. Amma əslində bilirik ki, bu olan iş deyil, bizim siyasi rəhbərliyimiz də daim bildirir ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bötövlüyü çərçivəsində öz həllini tapacaq".


Əli