

“Azərbaycan İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında böyük töhfələr verib. İlk növbədə qəhrəman oğul və qızlarımız həm ön, həm də arxa cəbhədə faşizmin qarşısının alınmasında böyük fədakarlıq nümayiş etdiriblər. Xüsusilə Sovet ittifaqı qəhrəmanlarının xatırladılması önəmlidir. Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge kimi fədakar igidlərimiz bütün Sovet ittifaqı miqyasında şöhrət qazanıblar. Akademik Yusif Məmmədəliyevin yüksək oktanlı benzini kəşf etməsi Sovet aviasiyasına böyük üstünlüklər qazandırıb və səmada Sovet qırıcılarının, bombardmançılarının böyük üstünlüyünü təmin edib”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
İ.Hüseynov vurğulayıb ki, bütün bu önəmli hadisələr fonunda Bakıya "Qəhrəman şəhər" adının verilməməsi böyük təəssüf doğurur: “Sovet rəhbərliyi bu məsələni bu cür izah edirdi ki, hərbi əməliyyatlar Bakı şəhərində keçirilmədi və qəhrəman şəhər məhz hərbi əməliyyatların olduğu şəhərlərə verilir. Amma nəzərə almaq lazımdır ki, Sovet tankları, aviasiya, artilleriyası məhz Bakı nefti hesabına ayaqda qalırdı. Azərbaycan həmin dövrdə rekord həcmdə cəbhəyə neft, yanacaq-sürtkü materialları göndərmişdi”.
Politoloq təəssüflə qeyd edib ki, faşizm üzərində tarixi qələbədən sonra faşizmin ardıcılları tapılır: “Qaregin Njde, Drastamat Kanayan və digər faşizmin təbliğ olunmasında yer alan üçüncü reyxin əlaltıları bu gün Ermənistanda qəhrəman şəkildə təqdim olunur, onlara abidələr, büstlər ucaldılır, onların adına küçə və prospektlər verilir. Bu da tamamilə yolverilməzdir. Ermənistanın hazırkı siyasi esteblişment Qaregin Njdenin abidəsinin sökülməməsini bu cür izah edir ki, onun dövründə bu abidə qoyulmamışdı. Lakin onun ideallaşdırılmasının qarşısını Ermənistanın indiki siyasi rəhbərliyi ala bilər. Təəssüflər olsun ki, buna da nəinki, mane olur, əksinə, rəvac verir, stimullaşdırır”.
Onun sözlərinə görə, Azərbaycan öz ərazilərini düşmən işğalından azad edib və böyük tarixi Zəfəri qazanıb: “Bütün ölkə ərazisində suverenlik Müzəffər Ali Baş Komandan cənab İlhm Əliyev və qəhrəman Ordumuz sayəsində mümkün olub. Biz ölkəmizdə həm də “Konstitusiya və Suverenlik İli”ni qeyd edirik. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Həm vaxtıkən mövcud olmuş quruluşun müdafiəsində fəal iştirak edib, eyni zamanda, öz doğma tarixi torpaqlarımızın azad olunmasında da böyük fədakarlıq nümayiş etdirib”.
Röya İsrafilova