"İnsan alverinə qarşı mübarizədə Azərbaycan nümunəvi üstünlüklərə malikdir" Cəmiyyət

"İnsan alverinə qarşı mübarizədə Azərbaycan nümunəvi üstünlüklərə malikdir"

“İnsan alveri beynəlxalq aləmi təhdid edən ən təhlükəli transmilli cinayətdir. Bu təhlükəli cinayətin aradan qaldırılması üçün dövlətlərin təkbaşına mübarizəsi effektli ola bilməz. Ona görə də, insan alverinə qarşı mübarizədə dünya birliyi birgə hərəkət etməli, dövlətlər koordinasiyalı iş aparmalıdır. Bu halda insan alveri cinayətlərinin aradan qaldırılmasına və cinayətkar şəbəkənin ifşa edilməsinə nail olmaq olar”.

Xalqcebhesi.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında İnsan alverinə qarşı mübarizə üzrə QHT koalisiyasının İdarə Heyətinin üzvü, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova deyib. Mahirə Əmirhüsenova bildirib ki, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində ciddi tədbirlər həyata keçirilir, qanunvericilik bazası yaradılır, insan alveri qurbanları ilə işlər təşkil olunur: “Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 2004-cü il 6 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" hazırlanıb. Daxili İşlər Nazirliyi, Beynəlxalq təşkilatların dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi “İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sı “İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir. 2025-ci il Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının hazırlanmasının 21 ili, “İnsan Alverinə qarşı Mübarizə Haqqında” qanunun qəbulunun isə 20 ili tamam olur. İldönümlərlə əlaqədar olaraq Daxili İşlər Nazirliyi yanında İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları ilə özündə 46 qeyri-hökumət təşkilatını birləşdirən İnsan Alverinə Qarşı QHT Koalisiyası arasında görüşlər keçirilir və görüşlərdə insan alverinə qarşı mübarizənin mövcud vəziyyəti, qurbanların müdafiəsi və digər məsələlər ətrafında müzakirələr aparılır”.

M.Əmirhüseynova təəssüf hissi ilə bildirdi ki, Daxili İşlər Nazirliyinin insan alveri cinayətkarlarına qarşı sərt mübarizə tədbirlərinə, İnsan Alverinə Qarşı QHT Koalisiyasının insan alveri ilə mübarizə sahəsində davamlı maarifləndirmə işləri aparılmasına baxmayaq, insan alveri sahəsində cinayətlərin baş verməsi hallar yaşanmaqdadır: “Xüsusi ilə də gənc qızların müxtəlif şirnikləndirici vədlərlə aldadılaraq xaricə aparılıb, orada kölə vəziyyətinə salınması və cinsi istismara məcbur edilməsi halları baş verir. Ötən ilin məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 163 insan alveri, 5 məcburi əmək cinayət qeydə alınıb”.

QHT sədri bildirdi ki, ölkəmizdə insan alveri qurbanları üçün sığınacaqlar yaradılıb, onlara tibbi, psixoloji yardımlara göstərilir: “ QHT-lərin imkanları hesabına yaradılan sığınacaqlarla yanaşı hökumətin formalaşdırdığı və pulsuz olaraq müayinə və müalicə, psixaloji məsləhət üçün ayrılan xəstəxanalar və polikilinkalar da mövcuddur. İnsan alveri qurbanları Respublika Klinik Xəstəxanasında, QİÇS-lə Mübarizə Mərkəzində, Narkoloji Dispanserdə, Dəri-Zöhrəvi Dispanserdə, Bakı şəhər 25 saylı poliklinikada, Bakı şəhər 7 saylı qadın məsləhətxanasında, Bakı şəhər 2 saylı uşaq xəstəxanasında zəruri ambulator və stasionar tibbi xidmətlər göstərilir. Bununla yanaşı dövlət qurbanlara maddi dəstək də göstərir, onların məşğulluğunun təmin edilməsi, daimi yaşayış yeri ilə təmin olunması istiqamətində tədbirlər həyata keçirir”.

Mahirə Əmirhüseynova onu da qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi, İnsan alveri faktları ilə qarşılaşdıqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin nəzdində 152 qaynar xətt telefonunun fəaliyyət göstərməsi, qurbanların reabilitasiyası üçün sığınacaqların yaradılması və digər mühüm tədbirlərin həyata keçirilməsi dövlərin vətəndaş cəmiyyəti institutları ilə birlikdə insan alveri cinayətlərinə qarşı mübarizədə qərarlı olduğunu göstərir: “Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində mükəmməl qanunvericilik bazası formalaşıb və QHT-lərin iştirakı ilə cəmiyyətin bütün təbəqələri arasında maarifləndirmə sistemi həyata keçirilir. Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində BMT və Avropa Şurasının konvensiyaları və protokolları ratifikasiya edilib. Eyni zamanda, qəbul edilən normativ hüquqi akta əsasən insan alveri qurbanlarının sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası təmin olunub. Bu istiqamətdə işlər davam etdirilməkdədir”.

“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova onu da bildirdi ki, Daxili İşlər Nazirliyi tərəfindən insan alverini qurbanı olmuş uşaqların müdafiəsi üçün xüsusi sığınacaq istifadəyə verilib: “Uşaqlar üçün sığınacaqlarda təhsillərini davam etdirmək, idmanla məşğul olmaq və digər zəruri vasitələrlə təmin olunmaq imkanları yaradılıb. Ümid edir, həm də əminik ki, Azərbaycan dövlətinin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində insan alveri cinayətinin qarşısını almaq mümkün olacaq. Bu hal da nə qurbanlar olacaq, nə də insan alveri qurbanı olmuş valideyinlərin uşaqlarının sığınacaqlara yerləşdirilməsi hallar olacaq. Biz buna nail olacağıq. Daxili İşlər Nazirliyinin qanunçuluğu təmin etmək bacarığı, cinayətkarlığa qarşı mübarizə üzrə illərdir qazandığı mükəmməl təcrübəsi, QHT-lərin maarifləndirmə tədbirləri, cəmiyyətin dəstəyi bunu deməyə əsas verir”.