

Pekin beşgünlük may bayramı zamanı 17,9 milyondan çox turist qəbul edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, Çin paytaxtının Mədəniyyət və Turizm İdarəsinin məlumatlarına görə, Pekinin həmin dövr üçün turizmdən əldə etdiyi gəlir 6,9 faiz artaraq 20,98 milyard yuana (təxminən 2,9 milyard dollar) çatıb.
“Vanfutzin” ticarət küçəsi, Pekin Olimpiya Parkı, “Sidan” kommersiya rayonu, yaxşı qorunub saxlanılan “siheyuan” (ənənəvi Pekin həyətləri) ilə məşhur olan “Nanloqusyan” dalanı və “İheyuan” parkı may bayramları zamanı şəhərdə ən çox ziyarət edilən yerlərdir.
Qeyd edək ki, sadələşdirilmiş gömrük sənədləşməsi prosedurları, ödəniş sistemləri və vergilərin qaytarılması xidmətləri sayəsində Çin paytaxtına xarici turist axını illik ifadədə 42,4 faiz artıb.