“Hələ nə qədər ölüm faktı olacaq?“ Siyasət

“Hələ nə qədər ölüm faktı olacaq?“

Natali Qule: "Dağlıq Qarabağ problemi dondurulmuş münaqişə deyil, işğaldır"

Beynəlxalq ictimaiyyətdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün cəsarət və iradənin olmaması yenə də azərbaycanlıların qanının axıdılmasına səbəb oldu.
Bunu Trend-ə Fransa senatoru, Senatın Xarici işlər komitəsinin sədr müavini Natali Qule deyib.
Natali Qule qeyd edib: "Ölkə öz ərazilərinin 20 faizinin qeyri-qanuni işğalına nə vaxta qədər dözməlidir? Hələ nə qədər ölüm faktı olacaq?"
Senator ölənlərin ailələrinə, həmçinin öz torpaqlarını azad etmək uğrunda cəsarətlə mübarizə aparan Azərbaycan xalqına başsağlığı verib:
"Mən qaçqın və məcburi köçkünlərlə həmrəy olduğumu bildirirəm və onları əmin edirəm ki, biz problemin həlli üzərində işləyəcəyik".
Onun sözlərinə görə, artıq hamı Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş münaqişə olması barədə eşitməkdən yorulub: "Bu, dondurulmuş münaqişə deyil, işğaldır".
Fransalı senator həmçinin qeyd edib ki, Bakının bəyan etdiyi kimi, Ernənistana qarşı sanksiyalar, nəhayət, tətbiq edilməlidir:
"Hesab edirəm ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasını bu vəziyyətin müzakirə edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə birgə təcili iclas keçirməyə çağırmalıdır".