Generalın İsrail səfəri: Bakı və Təl-Əviv arasında nələr yaşanır? Siyasət

Generalın İsrail səfəri: Bakı və Təl-Əviv arasında nələr yaşanır?

Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti İsrailin Təl-Əviv şəhərində rəsmi səfərdədir.

Səfər çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri İsrail Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ilə görüşüb.

Ölkələr arasında münasibətlərin yüksək səviyyədə olmasının xüsusi vurğulandığı görüşlərdə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Rəsmi səfər zamanı Azərbaycanın müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov ilə İsrail Müdafiə Nazirliyinin Baş direktoru cənab Amir Baram arasında keçirilən görüşdə hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlardan danışılıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İsrailin müdafiə naziri İsrael Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamirlə görüşləri, hərbi-texniki əməkdaşlıqla yanaşı, iki ölkə arasında strateji əlaqələrin daha yüksək səviyyəyə keçdiyini göstərir.

Səfərin mahiyyəti təkcə ikitərəfli müdafiə əlaqələrinin inkişafı ilə məhdudlaşmır. Bu, Azərbaycan üçün geniş mənada təhlükəsizlik siyasətinin şaxələndirilməsi, regional risklərin effektiv idarə olunması və strateji tərəfdaşlıq anlayışının formatlaşdırılması deməkdir.

İllərdir ki, Azərbaycan və İsrail arasında müdafiə, texnoloji və enerji sahələrində möhkəm tərəfdaşlıq münasibətləri mövcuddur. Lakin son dövrlərdə bu münasibətlərin məzmunu dəyişir.

İsrailin pilotsuz uçuş aparatları (PUA) və kəşfiyyat texnologiyaları 44 günlük Vətən müharibəsində Azərbaycan üçün mühüm üstünlüklər yaratdı. Bununla yanaşı, tərəflər arasında hərbi təhsil, texnologiya transferi və birgə istehsal kimi sahələrdə də yeni imkanlar formalaşmaqdadır. Bu səfərdə müdafiə nazirinin müavini Aqil Qurbanov və israilli həmkarı Amir Baram arasında keçirilən görüş də məhz bu istiqamətləri əhatə edirdi.

Azərbaycan–İsrail müdafiə əməkdaşlığı, xüsusilə Cənubi Qafqazda dəyişən güc balansı kontekstində daha da aktuallaşır. Bu əməkdaşlıq, ilk növbədə, Bakı üçün təhlükəsizlik zəmanətini gücləndirən amildir. Lakin eyni zamanda regiondakı digər güc mərkəzlərinə də siyasi siqnal xarakteri daşıyır.

Əlbəttə, bu prosesin narahat etdiyi aktorlar da var. Xüsusilə İran kimi ölkələr bu münasibətləri özlərinə təhlükə kimi qiymətləndirirlər. Lakin Azərbaycanın xarici siyasəti balans üzərində qurulub. Bakı Tehranla da, Ankara ilə də, Təl-Əvivlə də işləməyi bacaran praqmatik mövqeyə sahibdir. Məsələn, Azərbaycan müdafiə naziri Zakir Həsənov mayın 13-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə milli müdafiə naziri Yaşar Gülərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdü. Bundan başqa ölkəmizdə “Araz-2025” birgə təlimləridə keçirildi. Hansı ki, bu təlim zamanı İran və Azərbaycan hərbçiləri Qarabağda birgə tapşırıqları icra ediblər.

Azərbaycan İsrail–Türkiyə münasibətlərinin normallaşmasında “körpü aktoru” rolunu oynayır. Bakı həm Təl-Əviv, həm də Ankara ilə sıx əlaqələrə malik azsaylı ölkələrdən biridir. Bu unikal mövqe Azərbaycanın regional və beynəlxalq diplomatiyada nüfuzunu daha da artırır. Səfər həm də bu baxımdan önəm daşıyır.

Politoloq Turan Rzayev