

ABŞ-ın Arizona ştatında bir həftə əvvəl başlayan meşə yanğınında indiyədək 20 min 425 dönümlük ərazi yanaraq külə dönüb. Alovlara 736 nəfərlik heyətlə müdaxilə davam edir.
Xalqcebhesi.az xəbər verir ki, 13 may tarixində Arizona ştatında başlayan və “Greer yanğını” adlandırılan yanğın hələ də nəzarət altına alına bilməyib. Alovun yalnız 38%-i nəzarətə götürülə bilib. Adını Arizona ştatının Ağ Dağlar bölgəsindəki kiçik bir yaşayış məntəqəsindən alan yanğının daha da genişlənə biləcəyi səbəbilə “qırmızı bayraq” xəbərdarlığı edilib. Yanğının söndürülməsi üçün 736 nəfərlik heyət səfərbər olunub.
Arizona ştatının qubernatoru Keti Hobbs, 17 may şənbə günü alovların sürətlə yayılması səbəbilə Apache County bölgəsində fövqəladə vəziyyət elan edib.
Məryəm Quliyeva