Bakıda GlobE Network-un Altıncı Plenar İclası keçirilir - YENİLƏNİB-1 Cəmiyyət

Bakıda GlobE Network-un Altıncı Plenar İclası keçirilir - YENİLƏNİB-1

2025-ci il 19–23 may tarixlərində Bakı şəhəri Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclasa ev sahibliyi edir.

APA xəbər verir ki, bu mötəbər tədbirdə 92 ölkəni təmsil edən 120-dən artıq dövlət qurumunun nümayəndələri, o cümlədən prokurorluqlar, müstəqil antikorrupsiya təşkilatları və beynəlxalq institutlar iştirak edir.

Ümumilikdə 300-dən çox nümayəndə tədbirə fiziki olaraq qatılıb, 60-dan artıq iştirakçı isə onlayn formatda tədbiri izləyir.

Tədbirin açılış mərasimində Prezident İlham Əliyev Bakıda keçirilən bu mötəbər beynəlxalq tədbirin iştirakçılarına müraciət ünvanlayıb.

Müraciəti Azərbaycanın Baş prokuroru Kamran Əliyev səsləndirib.

Tədbirin açılış mərasimindən sonra isə GlobE şəbəkəsinin Katibliyi tərəfindən qurumun fəaliyyəti ilə bağlı geniş hesabat təqdim olunub.

Hesabatda yeni üzv qurumlarla bağlı məlumat, şəbəkənin işçi qruplarının fəaliyyəti, regional ofislərin rolu, qarşılıqlı hüquqi yardım alətləri və texnoloji kommunikasiya mexanizmlərinin istifadəsi ətraflı şəkildə iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Həmçinin, GlobE şəbəkəsinin İcraçı Katibi Neil Walsh-ın iştirakçılara ünvanladığı videomüraciət nümayiş etdirilib.

Daha sonra Çin Xalq Respublikasının Milli Nəzarət Komissiyasının təşəbbüsü ilə “Korrupsiyaya qarşı hüquq mühafizə orqanlarının əməkdaşlığı” mövzusunda sessiya baş tutub. Sessiya Pekin Konsensusunun icrasına həsr olunub və burada Azərbaycanla yanaşı Çin, Malayziya, Rusiya və İndoneziyanın müvafiq qurumlarının nümayəndələri çıxış edərək öz ölkələrinin təcrübələrini bölüşüblər. Azərbaycanı bu sessiyada təmsil edən Natiq Eyvazov cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində əldə olunmuş təcrübə və qarşıya çıxan çətinliklər barədə danışıb.

Tədbirin davamında “Korrupsiya cinayətlərinin istintaqında texnoloji alətlərin praktiki tətbiqi” mövzusunda sessiya keçirilib. Burada çıxış edən nümayəndəmiz Elşən Orucov süni intellekt və rəqəmsal texnologiyaların istintaq prosesində istifadəsinin üstün və zəif cəhətləri barədə fikirlərini bölüşüb. Sessiyada Qətər, Çili, Sinqapur, Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri də öz ölkələrinin təcrübələri ilə çıxış ediblər.

GlobE Network-un Bakı Plenar İclası beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübə mübadiləsi və korrupsiyaya qarşı mübarizədə effektiv yanaşmaların formalaşdırılması baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilir.

***

10:27

BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclasının açılış mərasimi keçirilib.

APA xəbər verir ki, açılış mərasimində Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin mərasim iştirakçılarına müraciətini səsləndirib.

Müraciətdən sonra UNODC-nin Korrupsiya və İqtisadi cinayətkarlıqla mübarizə İdarəsinin rəisi Bricit Strobel-Şou çıxış edib.

O, çıxışında korrupsiyanın sərhəd tanımadığını və buna qarşı birlikdə mübarizənin vacibliyinə toxunub.

Baş Prokuror Kamran Əliyev çıxışında Azərbaycanda korrupsiyaya qarşı mübarizənin kompleks yanaşma əsasında aparıldığını diqqətə çatdırıb: “Cəza təqibi ilə yanaşı, institusional islahatlar, ictimai maarifləndirmə, rəqəmsal texnologiyaların tətbiqi və vətəndaş cəmiyyətinin iştirakı ilə birgə geniş tədbirlər həyata keçirilir”.

Plenar iclasda çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva vurğulayıb ki, Azərbaycan BMT-nin Korrupsiyaya qarşı Konvensiyasında aktiv iştirak edir və onun bütün mexanizmlərində təmsil olunur: “Buna görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Ümid edirəm ki, GLOBE şəbəkəsinin fəal üzvü kimi Azərbaycan bundan sonra da korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və vəsaitlərin qaytarılmasında fəal iştirak edəcək”.

Daha sonra GlobE Network rəhbər komitəsinin sədri Nasser Abaalkhalil Şəbəkənin işi ilə bağlı məlumat verib, üzv olmayan ölkələri Şəbəkəyə qoşulmağa çağırıb.

Çıxışlardan sonra plenar iclasın gündəliyi qəbul edilib.

***

09.21

BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində VI Plenar İclası başlayıb.

APA xəbər verir ki, Bakı şəhəri BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclasına ev sahibliyi edir.

Tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu – o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan – ümumilikdə 300-dən artıq nümayəndə fiziki, 60-dan artıq iştirakçı isə onlayn formatda iştirak edir.

Həmçinin tədbirdə müxtəlif ölkələrin hüquq mühafizə orqanlarını təmsil edən 50-yə yaxın rəhbər vəzifəli şəxslər iştirak edir.

Plenar iclasın əsas mövzusu “Korrupsiyaya qarşı mübarizədə yeni texnologiyalar və süni intellektin tətbiqi imkanları” olan Plenar İclasda korrupsiya nəticəsində əldə edilmiş vəsaitlərin müsadirəsi, əldə edilmiş aktivlərin birbaşa bərpası, maliyyə əməliyyatlarında şübhəli əməliyyatların dayandırılması, cinayət prosesində bank hesablarının sürətli dondurulması üzrə beynəlxalq əməkdaşlıq, korrupsiyaya qarşı mübarizədə ictimai maarifləndirmə və digər alt mövular üzrə panel, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış nəzərdə tutulub.

Eyni zamanda, Plenar İclas çərçivəsində Azərbaycan Respublikası Prokurorluğunun təşəbbüsü ilə “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar, habelə ölkəmizin COP29 sədrliyi ilə bağlı ekoloji hüquqpozmalara qarşı mübarizə ilə bağlı xüsusi sessiya və paralel tədbirlər də keçiriləcəkdir.
Bundan başqa, tədbirdə çoxsaylı ikitərəfli görüşlərin keçirilməsi və qarşılıqlı əməkdaşlığa dair memorandumların imzalanması planlaşdırılır.

Bakıda GlobE Network-un Altıncı Plenar İclası keçirilir - YENİLƏNİB-1 Bakıda GlobE Network-un Altıncı Plenar İclası keçirilir - YENİLƏNİB-1 Bakıda GlobE Network-un Altıncı Plenar İclası keçirilir - YENİLƏNİB-1 Bakıda GlobE Network-un Altıncı Plenar İclası keçirilir - YENİLƏNİB-1 Bakıda GlobE Network-un Altıncı Plenar İclası keçirilir - YENİLƏNİB-1