

Ukrayna istənilən məhsuldar danışıqlar formatına hazırdır, lakin Rusiya qeyri-real şərtlər irəli sürməkdən əl çəkməlidir.
AZƏRTAC bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin “Telegram” kanalına istinadla xəbər verir.
O, finlandiyalı həmkarı Aleksandr Stubb ilə söhbət etdiyini bildirib. Danışıqlar zamanı tərəflər bir-birini tərəfdaşlarla təmaslar barədə məlumatlandırıb və Ağ evin rəhbəri Donald Trampla dünənki söhbətin təfərrüatlarını müzakirə ediblər.
Ukrayna Prezidentinin qeyd etdiyi kimi, Rusiya indi müharibəni davam etdirmək üçün vaxt qazanmağa çalışır. Kiyev, öz növbəsində, rusları fərqli davranmağa məcbur etmək üçün Qərblə birgə iş aparır.
Zelenski əlavə edib: “Bizim heç bir şübhəmiz yoxdur ki, müharibə danışıqlar masası arxasında başa çatmalıdır, burada aydın və real təkliflər olmalıdır. Ukrayna istənilən məhsuldar danışıqlar formatına hazırdır. Rusiya qeyri-real şərtlər irəli sürməkdə və mümkün nəticələri pozmaqda davam edərsə, o zaman bunun ağır nəticələri olmalıdır”.
Qeyd edək ki, mayın 19-da Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri ilə telefon danışığı aparıb. O, Zelenski ilə iki dəfə danışıb: əvvəlcə ona zəng edib, sonra Putinlə danışıb və bundan sonra yenidən Ukrayna Prezidenti ilə əlaqə saxlayıb.
Müzakirələr başa çatdıqdan sonra Ağ evin rəhbəri qeyd edib ki, Rusiya və Ukrayna hərbi əməliyyatları dayandırmaq və silahlı münaqişəyə son qoymağa nail olmaq üçün problemləri danışıqlar masası arxasında həll etməlidir.