

“Azərbaycanda 4,7 milyon hektardan artıq kənd təsərrüfatı üçün yararlı torpaq sahələri var. Bunun 2,1 milyon hektarı əkin sahələridir. Bunun da tam yarısından bir qədər yuxarısı bilavasitə taxıl əkini üçün istifadə olunur. Bununla belə yenə də istehsal olunmuş buğda Azərbaycanın tələblərinə cavab verəcək həcmdə olmur”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov söyləyib.
İqtisadçı bunun bir neçə səbəbinin olduğunu deyib: “Birinci səbəbi torpağın faktiki olaraq real tələbatı qarşılamaq həcmində olmamasıdır. Azərbaycanın sözün həqiqi mənasında kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinə gəldikdə adamınbaşına düşən hissəyə görə digər ölkələrlə, ələlxüsus də taxıl aldığımız ölkələrlə müqayisədə həddindən artıq kiçikdir. Buna görə də bizim taxılla bağlı Rusiyaya, Qazaxıstana və s. yerlərə müraciətlərimiz olur. Yəni bizim resurslarımız çoxdur deyirik, amma bilək ki, əsas resurs torpaq və sudur. Bu resurslarımız isə heç də çox deyil. Adambaşına bölgüdə kifayət qədər azdır. Suda isə ümumiyyətlə, Cənubi Qafqazın 10-da birinə sahibik. Qeyd etdiyim kimi əkin sahələrinin təxminən yarısı taxıldır. Onun da 43-44 faizinə biz buğda əkirik. Bununla belə 1,8 milyon ton həcmində buğda istehsal olunur. Bunun hamısı keyfiyyətli ərzaqlıq buğda olarsa, biz öz tələbatımızı böyük ölçüdə qarşılaya bilərik. Amma bu, tam ərzaqlıq buğda deyil. Burada buğdanın keyfiyyəti, torpağın məhsuldarlığı, torpağın həcmi məsələsi var. Bu artıq sırf kənd təsərrüfatı sahəsi üzrə olan problemlərdir. Lakin bu, problemdən daha obyektiv səbəblərdir. Bütün hallarda qarşıdakı dönəmlərdə belə biz neyləsək də buğda idxalından tam azad ola bilməyəcəyik. Bu, birmənalıdır”.
E.Əmirovun sözlərinə görə, bizim əhalimiz 7 milyon olanda da eyni qədər buğda əkin sahəmiz vardı, əhalimiz 10 milyonu keçib yenə də eyni qədərdir və qarşıdakı dönəmlərdə də biz artırıq, amma torpağımız, məhsuldarlığımız artmır: “Yəni insanların artım tempi məhsuldarlığın artım tempini o qədər üstələyib ki, nəzərə alsaq ki, məhsuldarlığın artım tempi qənaətbəxş deyil, torpağın isə artması ümumiyyətlə mümkün deyil. Belə olan şəraitdə biz necə buğda idxalı asılılığından azadolma haqqında danışa bilərik? Biz qonşu ölkələrin hansısa birindən icarəyə torpaq götürüb buğda əkə bilərik. Hətta bununla bağlı əvvəlki dönəmlərdə hökumət tərəfindən müəyyən addımlar da atılmışdı. Lakin sonra geosiyasi planda baş verən müəyyən hadisələr bu məsələni arxa plana atdı”.
O bildirib ki, digər bir tərəfdən biz axı kənd təsərrüfatı üçün yararlı olan bütün əkin sahələrimizə buğda əkə bilmərik: “Bizim digər bitkilərə də ehtiyacımız var. Həm taxıl növləri üzrə, həm də ayrı-ayrı kənd təsərrüfatı məhsulları üzrə. Bunun bostanı var, tərəvəzi var, örüş sahələri var, maldarlıq var, biçənək sahələri var. Bu baxımdan da bizim torpaq resurslarımız ölkənin ehtiyaclarını ödəyəcək qədər deyil. Buna görə də biz hər kvadrat kilometrin deyil, hər kvadrat metrin dəyərini anlamalı, bütün fokuslar məhsuldarlığa yönəlməlidir”.
Röya İsrafilova