“Avropa Parlamenti və AŞPA-nın Türkiyə üzrə məruzəçiləri dəyişməlidir“ Siyasət

“Avropa Parlamenti və AŞPA-nın Türkiyə üzrə məruzəçiləri dəyişməlidir“

"Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri hazırladıqları hesabatlarla Avropa parlamentarlarını aldadırlar".
Bunu Türkiyədə səfərdə olan Azərbaycan və digər xarici ölkələrin media mənsubları ilə görüşündə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib. O bildirib ki, Türkiyə üzrə məruzəçilərin dəyişməsi vacibdir: "Biz avropalı məruzəçiləri həqiqətlərə inandıra bilmirik, ancaq yalan söyləyənlərə inanırlar".
Bəkir Bozdağ qeyd edib ki, ABŞ, Avropa üçün "Əl-Qaidə" liderinin qorunması nə dərəcədə narahatlıq doğurardısa, FETÖ lideri Fətullah Gülənin ABŞ-da saxlanılması, mühafizə edilməsi də Türkiyə xalqında o dərəcədə narahatlıq doğurur: "Əgər ABŞ-da Ağ Ev, parlament, Pentaqon bombalansa, insanlar qətlə yetirilsəydi və həmin çevriliş cəhdinin lideri Türkiyədə olsaydı, bu, ABŞ-da hansı reaksiya doğurardı? FETÖ lideri hazırda da ABŞ-da yaşayır, heç bir maneə olmamaqla terror təşkilatını idarə edir. Bir məqamı da qeyd etmək istəyirəm. FETÖ ABŞ, Almaniya, Fransa və digər ölkələr üçün də bir zaman təhdid olacaq. Biz bunu deyəndə həmin ölkələrin rəsmiləri dodaq altında bizə gülürlər. Ancaq təhlükənin səviyyəsini bilmirlər. FETÖ vəzifəlilərin, imkanlı şəxslərin övladlarını və istedadlı uşaqları məktəblərinə cəlb edir, FETÖ liderinə sadiq şəxslər kimi yetişdirirlər. FETÖ 40 ildən sonra Türkiyədə hərbi çevriliş cəhdi etməyə cəsarət etdi. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin təlimat zabiti FETÖ üzvü olub, deyir ki, hər gün Baş Qərargah rəisinin otağına səsi yazan cihaz qoymuşam. Bu səs yazılarını nə edirlər? Xidmətində olduqları xarici kəşfiyyat qurumlarına təqdim etmək üçün bu səs yazıları lazımdır. Əgər ABŞ və digər ölkələrdə FETÖ-nün yetişdirdiyi gənclər 20 ildən sonra həmin ölkələrdə bu əməlləri edəcəklər. Bunu yaşayıb görəcəyik, o zaman biz türkləri dinləmədikləri üçün təəssüfləndiklərini bildirəcəklər".