
Şəhid ailəsi üçün Prezident təqaüdü 700 manat olub
12 İyun 17:24
Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət üzrə baş müşaviri Murat Yaman deyib ki, türk dövlətləri arasında ticarət dövriyyəsi mövcud potensialı tam əks etdirmir. M.Yaman bildirib ki, Türk Dövlətləri Təşkilatı (TDT) və bu kimi birliklər çərçivəsində türk dövlətləri öz aralarında siyasi, iqtisadi, mədəni və ticarət əlaqələrini inkişaf etdirməli, qarşılıqlı ticarəti və sərmayələri artırmalıdırlar.
Türk dövlətləri arasında iqtisadi-ticari əlaqələrin inkişafı üçün perspektiv imkanları nələrdir və bu istiqamətdə hansı işlər görülməlidir? bu barədə iqtisadçılar və siyasi şərhçilər “Xalq Cəbhəsi”nə danışıb.
İqtisadçı Eldəniz Əmirov bildirib ki, türk dövlətləri arasında iqtisadi münasibətlərin güclənməsi üçün geniş imkanlar var və təəssüf ki, hazırda bu imkanlardan tam istifadə edilmir: “Hazırda bu dövlətlər arasında olan münasibətlərin iqtisadi baxımdan daha da artırılması üçün ən yaxşı alətlərdən bir Türk İnvestisiya Fondunun yaradılmasıdır. İlkin dövrdə 500 milyon dollar olan Fond, sonradan Macarıstanın qoşulması ilə 600 milyon dollara çatıb. Bu da hesab edirəm ki, bir çox istiqamətlərdə əməkdaşlığın sürətləndirilməsinə, ələlxüsus, investisiya fəaliyyətlərinin sürətləndirilməsinə imkan verəcək. Əlavə olaraq da qeyd etmək istərdim ki, qarşıdakı dönəmlərdə bilavasitə logistika və infrastrukturun gücləndirilməsi bu dövlətlərarası iqtisadi münasibətləri sürətləndirmiş olacaq”.
Vahid rəqəmsal platforma yaradılmalı
E.Əmirov hesab edir ki, türk dövlətləri arasında olan iqtisadi əməkdaşlıq formatını genişləndirmək üçün bir neçə istiqamət var ki, bu istiqamətlərə müraciət etmək olar: “Bunlardan birincisi KOB-ların inkişafı üçün vahid rəqəmsal platformanın yaradılmasıdır. İkincisi, yaradıcı sənaye üzrə ortaq layihələrin genişləndirilməsi potensialı mövcuddur. Digər bir tərəfdən aqroturizmin və kənd yerlərinin inkişafının sürətləndirilməsi üçün ortaq təşəbbüslərin artırılması mümkündür. Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın artımına bunlar xidmət etmiş olar”.
“Öz potensialımızdan tam istifadə etmirik”
Siyasi şərhçi Azər Həsrət söyləyib ki, türk dövlətləri arasında istər ticarət, istər iqtisadiyyat sahəsində əlaqələrin daha da genişləndirilməsi üçün hədsiz potensial var: “Biz əslində öz potensialımızdan tam istifadə etmirik. Hazırda bunun ilkin işartıları var. Əlbəttə, Azərbaycanla Türkiyə arasında konkret olaraq milyardlarla dollar məbləğində olan layihələr icra edilir. Özəlliklə də Azərbaycanın Türkiyəyə 20 milyard dollarlıq sərmayə yatırmasını cənab Prezident İlham Əliyev də tez-tez vurğulayır. Təbiidir ki, qarşılıqlı şəkildə Türkiyə də Azərbaycana böyük sərmayələr yatırır”.
A.Həsrət əlavə edib ki, amma bu, TDT çərçivəsində potensialımızın hamısı demək deyil: “Yəni Özbəkistanın, Qazaxıstanın, elə Qırğızıstanın, yeri gələndə Türkmənistanın da yetərincə böyük potensialı var ki, biz o potensialdan qarşılıqlı şəkildə istifadə edə bilərik. Eyni zamanda, biz hələ Avropanın tam mərkəzində olan müşahidəçi üzv Macarıstanın potensialını tam cəlb etməmişik. Əlavə olaraq Kuzey Kıbrıs Türk Cümhuriyyətinin, özəlliklə də dənizin içindəki bir adanın imkanlarından biz yetərincə istifadə etmirik. Burada söhbət təkcə Azərbaycanın istifadəsindən getmir, qarşılıqlı istifadədən gedir. Yəni digər dövlətlər də hamılıqla əl-ələ verib, ortaq bu imkanlardan tam istifadə etmirik. Biz istər ağır sənayedə, hərbi sənayedə, istərsə yüngül sənayedə, kənd təsərrüfatında, telekommunikasiya sahəsində hələ öz potensialımızı tam hərəkətə gətirməmişik”.
“Bu potensial hərəkətə keçirilməlidir”
Siyasi şərhçi vurğulayıb ki, biz elə edə bilərik ki, türk dövlətləri qarşılıqlı şəkildə bir-birinin imkanlarından istifadə etsin: “Yəni biz, məsələn, Yaponiya, Koreya, Çin, ABŞ, Avropa Birliyinin ayrı-ayrı ölkələrinə deyil, bir-birimizə ehtiyac duya bilərik və bir-birimizin imkanlarından istifadə edə bilərik. Ona görə bu potensial ciddi şəkildə hərəkətə keçirilməlidir və biz türk dünyası xaricindəki asılılığımızı mümkün qədər azaltmalıyıq. Qarşılıqlı inteqrasiyaya nə qədər çox nail olsaq, türk birliyi də bir o qədər tez gerçəkliyə çevriləcək”.
“Bunlar optimist gələcəkdən xəbər verir”
Politoloq Oqtay Qasımov deyib ki, TDT fəaliyyət göstərdiyi dövrdə ölkələr arasında inteqrasiya proseslərinin və əlaqələrin gücləndirilməsinə mühüm töhfə verib: “Təşkilata daxil olan ölkələr arasında münasibətlər artıq bir çox istiqamətlərdə inkişaf etməkdədir. Bu münasibətlər dövlət, cəmiyyət həyatının bütün sahələrini əhatə etməkdədir. TDT-nin 2040-cı il üçün planları müəyyənləşib. Bütün bunlar hamısı optimist bir gələcəkdən xəbər verir. Amma bununla yanaşı, hesab edirəm ki, TDT bu əlaqələri qurarkən özlərinin potensialından hələki tam istifadə etməyib. Bu potensial kifayət qədər böyükdür. Bu ölkələrin iqtisadi potensialları gələcəkdə ticarət dövriyyəsini qat-qat artırmağa imkan verə bilər”.
“Bu resurs həm də gələcəyə təminat deməkdir”
O, TDT-nin ölkələri arasında hazırkı ticarət dövriyyəsinin 15 milyard dollar təşkil etdiyini deyərək əlavə edib ki, bu da qeyd olunan potensial qarşısında çox kiçik rəqəm sayıla bilər: “Nəzərə alsaq ki, Türkiyə özünün müasir sənayesi, xüsusilə müdafiə sənayesi sektoru və iqtisadiyyatın digər sahələrində aparıcı ölkələrdən biri sayılır, Böyük 20-nin sırasına daxil olan ölkədir və son illər xüsusilə hərbi sənaye sahəsində çox ciddi uğurlara imza atılıb. Bundan başqa Azərbaycan və Orta Asiya cümhuriyyətləri olduqca böyük insan potensialı, gənc və dinamik əhali tərkibinə, o cümlədən təhsili mənimsəmiş və elmi səviyyəsi kifayət qədər yüksək olan bir əhaliyə malikdir. Bu resurs həm də gələcəyə təminat deməkdir”.
İmkanlar kifayət qədər böyükdür
Politoloqun sözlərinə görə, TDT-nin yerləşdiyi strateji coğrafiya baxımından imkanları kifayət qədər böyükdür: “Bu coğrafiyadakı yeraltı zənginliklər və gələcək iqtisadi planların gerçəkləşməsi qarşılıqlı olaraq ticarət dövriyyəsinin də genişlənməsinə gətirə bilər. Doğrudan da bu gün bu ölkələr arasındakı ticarət dövriyyəsi TDT-nin dövlətlərinin malik olduğu potensialı əks etdirmir. Ciddi şəkildə iqtisadi sahədə ticarət dövriyyəsinin dəfələrlə artırılmasına ehtiyac və potensial var”.
Röya İsrafilova