

İsrailin hava zərbələrindən sonra İranla yanaşı, İraq və İordaniya da mülki uçuşlar üçün hava məkanlarını bağlayıb. Bu səbəbdən bir sıra regional hava yolları bu transmilli dəhlizlərdən istifadə edə bilməyib.
Flightradar24 analizləri göstərir ki, qərb istiqamətindən olan uçuşlar şimal hissədə əsasən Türkiyə, Azərbaycan və Mərkəzi Asiya üzərindən Çinə doğru yönəlib. Cənub istiqamətində isə marşrutlar Misir, Səudiyyə Ərəbistanı, Fars körfəzi və Hindistan xətti ilə davam edir.
Azərbaycan, həm geostrateji yerləşməsi, həm də havaçılıq infrastrukturuna verdiyi dayanıqlı dəstək ilə bu çətin dönəmdə bir daha mülki aviasiyaya “təhlükəsiz dəhliz” təqdim etdiyini nümayiş etdirib. AZAL, Azərbaycan Hava Hərəkəti İdarəetmə Xidməti (AZANS) və Heydər Əliyev Beynəlxalq Aeroportunun (GYD) bu keçidin təşkilində rolu xüsusilə mühümdür.
Bunu səhər saatlarında bir sıra beynəlxalq aviaşirkətlərin Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş üçün göndərdiyi sorğular da bir daha sübut edir.
Azərbaycanın Beynəlxalq Hava Limanları İctimaiyyətlə Əlaqələr Xidmətinin yaydığı məlumata görə, 10-dan çox beynəlxalq reys Heydər Əliyev Beynəlxalq Aeroportunu ehtiyat eniş məntəqəsi kimi seçib.
Qeyd edilən hava yolu şirkətləri arasında AJet, Flydubai, Air Arabia, Jazeera Airways, Etihad Airways və Turkish Airlines da yer alıb.
Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bu reyslərin qəbulunu sərnişin təhlükəsizliyi, rahatlığı və sürətli logistik koordinasiya prinsiplərinə tam uyğun şəkildə təmin edib.
Eyni zamanda əlavə olunub ki, Bakı hava limanı regionda etibarlı tranzit və hava nəqliyyatı habı olaraq, regional və qlobal aviasiya marşrutlarının fövqəladə şəraitlərdə təhlükəsiz şəkildə yönləndirilməsi üçün tam infrastruktura və operativ imkanlara malikdir.
Beynəlxalq aviasiya ekspertləri qeyd edirlər ki, daha uzun marşrutlar əlavə xərclər yaratsa da, artan risklər nəzərə alınaraq Azərbaycan üzərindən keçən uçuş xətti səmərəli seçim kimi dəyərləndirilə bilər. Azərbaycan regionda açıq, etibarlı hava məkanına malik bir ölkə kimi təhlükəsizlik və etibarlılıq baxımından üstünlük qazanıb.
London İqtisadiyyat Məktəbinin Beynəlxalq Münasibətlər Departamentinin doktorantı Kazimier Lim bildirib ki, Yaxın Şərq yaxınlığında təyyarələrin istifadə edə biləcəyi marşrutların bəzilərində sıxlıq müşahidə olunur: “Müharibədən əvvəl üç əsas hava dəhlizi mövcud idi. İndi isə Yaxın Şərqdə baş verən münaqişə ilə əlaqədar İran və İraq üzərindən keçən mərkəzi dəhliz bağlanıb. Beləliklə, dörd dəhlizdən yalnız ikisi – biri Türkiyə və Azərbaycan üzərindən, digəri isə Misir və Səudiyyə Ərəbistanı üzərindən keçən – əvvəlkindən iki dəfə çox hava hərəkətini idarə etməli olur.”
Paralel olaraq, beynəlxalq media da baş verən hadisələr fonunda Azərbaycan və Türkiyənin beynəlxalq uçuşlardakı roluna diqqət çəkib və bununla bağlı informasiyalar yayımlayıb.