“Prezidentin Rusiyaya səfəri ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıyır” Siyasət

“Prezidentin Rusiyaya səfəri ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıyır”

Fazil Mustafa: "Soçi görüşün faydalı olduğunu düşünürəm"

İlqar Vəlizadə: "Çox maraqlı vəziyyət yaranır"

Zaur Məmmədov: "Ermənilərin cəbhədə həyasızlıq nümayiş etdirmələri Azərbaycan qarşısında müharibə variantını aktuallaşdırdı"

Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin Soçidə görüşüb. Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivi, habelə regional və beynəlxalq məsələləri geniş müzakirə edilib.
Dövlət başçıları arasındakı görüşü şərh edən millət vəkili Fazil Mustafa deyib ki, prezident İlham Əliyevin Rusiyaya səfəri və prezident Vladimir Putinlə Soçidəki görüşü Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
F.Mustafa bildirib ki, Azərbaycan ilə Rusiya bir sıra problemlərin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllini birlikdə axtarmalıdır: "Rusiya tərəfindən müəyyən addımların yumşaldılması, ermənilərə dəstəyin azaldılması istiqamətində danışıqların aparılması vacibdir. Digər tərəfdən sərhədyani problemlər gündəmə gəlib, ermənilərin uşaq ölümləri ilə bağlı atdığı addımlar problemlər yaradır. Bunlar hamısı üst-üstə gələndə ciddi narahatçılıq yaradan amillər ortaya çıxır. Bu baxımdan Azərbaycanla Rusiya arasında söhbət aparıb bu məsələlərin həllini tapmaq hər kəsin marağındadır. Ona görə də Soçi görüşün faydalı olduğunu düşünürəm, yəqin ki, müsbət nəticələri olacaq".
Deputat əlavə edib ki, Rusiyada yaşan azərbaycanlıların da problemi var, turizm problemləri və digər məsələlər var: "Bu məsələlərin həlli baxımdan bu görüşlər çox faydalıdır".
Beynəlxalq məsələlər üzrə ekspert İlqar Vəlizadə diqqətə çatdırıb ki, Azərbaycan və Rusiya dövlət başçılarının Soçi görüşü göstərdi ki, prezidentlər arasında münasibətlər o qədər səmimidir ki, onlara müəyyən məsələləri həll etmək üçün xüsusi protokol lazım olmur: "Rusiyanın dövlət başçısına Azərbaycan prezidentinin xahişi kifayət edir ki, onlar Soçiyə gəlib mühüm məsələləri sərbəst şəkildə çözsünlər. Təbii ki, bu, böyük göstəricidir". Son aylar Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərdə müəyyən müəmmalı məsələlərin ortaya çıxdığını deyən ekspert söyləyib ki, Soçi görüşü ermənilərin Azərbaycan-Rusiya münasibətlərinin korlanması üçün göstərdikləri bütün səyləri heçə endirib, silə bilər: "Hətta prezidentlərin görüşündə də qeyd edilib ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı bəzi regional qüvvələri, yəni Ermənistanı və beynəlxalq dairələri narahat edir və bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Ancaq münasibətlərin xarakteri kənardan belə müdaxilə cəhdlərinin baş tutmasına imkan verməyib. Çox maraqlı vəziyyət yaranır. Adətən Rusiya-Ermənistan birgə hərbi qruplaşması ilə bağlı bəyanatları nədənsə yalnız erməni tərəfi verir və ya yalnız öz xeyrinə şərh edir. Onlar da bunu elə təqdim edirlər ki, guya bu qruplaşma məhz Azərbaycana qarşı yaradılıb. Amma Rusiya tərəfindən heç bir rəsmi şərh və ya reaksiya yoxdur. "İskəndər" raketlərinin Ermənistana verilməsi ilə bağlı şərhləri də yalnız Ermənistan tərəfi verib, Rusiya tərəfdən heç bir açıqlama olmayıb. Ona görə də raketlərin hansı şərtlərlə, hansı məqsədlər üçün verildiyi müəmmalıdır. Bəli, Ermənistan çalışır ki, Rusiya-Azərbaycan münasibətləri korlansın".
İ. Vəlizadənin sözlərinə görə, buna səbəb son illər bu münasibətlərin səviyyəsinin çox yüksəlməsi və onun intensiv dinamikaya malik olmasıdır: "Təkcə onu demək yetər ki, Rusiya Azərbaycanın 1 nömrəli ticarət tərəfdaşı, ölkəmizdə qeyri-neft sektoruna sərmayə qoyan 3 ölkədən biridir. Bundan başqa, turizm sektorunda əlaqələrdə irəliləyiş müşahidə edilir. Bunun nəticəsidir ki, Rusiyadan Azərbaycana gələn turistlərin sayında çox böyük artım var. Həmçinin, "Şimal-Cənub" nəqliyyat dəhlizi reallaşmaq üzrədir. Bununla bağlı bir neçə gün əvvəl iki ölkənin dəmir yol idarələrinin rəhbərləri görüşərək konkret məsələləri müzakirə ediblər. Təbii ki, bütün bunlar Ermənistan tərəfində narahatlıq doğurur. Rusiyanın Azərbaycanla münasibətləri dərinləşdikcə Ermənistana maraq azalır. Rusiya sərmayələri Ermənistana yox, Azərbaycana axır. Düzdür, bütün bunlarla yanaşı, son vaxtlar bir qədər gərginlik, təşkilatlar, məmurlar arasında münasibətlərdə müəmma hiss olunurdu. Məhz bu səbəbdən də Prezidentlər Soçidə görüşməklə sözügedən məsələlərə aydınlıq gətirib, onlarla bağlı qərar qəbul etdilər".
Ekspert əlavə edib ki, görüş zamanı hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıblar.
Politoloq Zaur Məmmədov vurğulayıb ki, Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü çox əhəmiyyətli idi: "Soçi görüşündən əvvəl cənab prezident İlham Əliyev və Putin arasında görüşdən kifayət qədər vaxt keçmişdi. Bu müddət ərzində iki ölkə arasında kifayət qədər problemlər və suallar yaranmışdı". Onun sözlərinə görə, 2000-ci illərdən başlayaraq Rusiya və Azərbaycan arasında münasibətlərin mülayimləşməsi, son illərdə isə strateji əməkdaşlıq səviyyəsinə çatdırılmasının şahidi olmuşuq. Lakin aprel hadisələrindən sonra Rusiya və Azərbaycan arasında müəyyən gərginliyin də şahidi olduq. Bakının Qarabağ məsələsində Moskvadan irəliləyiş gözləməsi təəssüflər olsun ki, praktikada reallaşmadı. Eyni zamanda, Xarici İşlər Nazirləri səviyyəsində söz atışmalarının, azərbaycanlıların ən böyük diaspora təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) bağlanması da ikitərəfli münasibətlərdə ürəkaçan məqamlardan deyildi. Son aylar ərzində isə ermənilərin cəbhədə həyasızlıq nümayiş etdirmələri Azərbaycan qarşısında müharibə variantını aktuallaşdırdı.
Bütün bunlar fonunda iki ölkə liderlərinin görüşü çox əhəmiyyətli idi. Cənab İlham Əliyev və Putin arasında isti münasibətlər əlaqələrin mənfi istiqamətə getməsinə imkan verməməlidir. Rusiyada müəyyən qüvvələr Azərbaycan və Rusiya arasında olan münasibətlərin pislənməsini istəsələr də, bu görüşdən sonra həmin qüvvələrin istəklərinin puç olmasının şahidi olar bilərik. Azərbaycan və Rusiya arasında müxtəlif səviyyələrdə - iqtisadi, humanitar, mədəni və s. münasibətlər inkişaf edir və son illərin statistik göstəricisi də müsbət dinamikadan xəbər verir".
Millət vəkili Azər Badamov vurğulayıb ki, prezidentlərin Soçi görüşü ölkələrimiz arasında qonşuluq, dostluq və strateji əməkdaşlığın inkişaf etməsinin göstəricisidir. Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq mövcuddur: "Görüşdə prezidentlər ölkələrimizin gələcəkdə əməkdaşlığının inkişaf perspektivləri haqqında geniş fikir mübadiləsi aparıb, bizim üçün vacib Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusuna toxunulub. Biz bilirik ki, Rusiya dünya güclərindən birisidir və həm də Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunması üçün ATƏT-in yaratdığı Minsk qrupunun həmsədrlərindən biri kimi məsələnin həllinə təsir gücünə malikdir. Ona görə də Soçi görüşü Dağlıq Qarabağ probleminin həllinə öz təsirini göstərə bilər".

Əli