

25 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Sudan Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Ənəs Eltayeb Elqaylani Mustafanı qəbul edib.
XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən bölgədə cari vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycan və Sudan arasında ikitərəfli münasibətlərin, həmçinin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın inkişafında siyasi dialoqun əhəmiyyətini qeyd ediblər. Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə mexanizminin, iqtisadi əməkdaşlıq üzrə işçi qrupu, habelə qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb. Sudanın beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın mövqe və təşəbbüslərini dəstəkləməsi məmnunluqla xatırlanıb. Azərbaycan tərəfindən Sudanlı tələbələrə təhsil təqaüdünün ayrılmasına görə minnətdarlıq ifadə olunub.
Nazir Ceyhun Bayramov öz növbəsində Ermənistanın 30 illik işğalı dönəmi, eləcə də post-münaqişə dövründə sülh prosesi və yenidənqurma tədbirləri barədə səfiri ətraflı məlumatlandırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.